“Kitabi-Dədə Qorqud” dastanında Qərbi Azərbaycan təbiəti...
19 Avqust 2022 11:44 SiyasətQismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
IX-XII əsrlər dövrü Bütöv Azərbaycanın tarixi-coğrafi məkan hüdudlarında ictimai- siyasi və milli-mədəni həyatı, kökənli Oğuz-Səlcuq, Sak-Qıpçaq-Alban tayfa birliklərinin maddi-mənəvi irs zənginliyini ədəbi-bədii genişlyi (epos-divan tutumunda) və elmi-nəzəri zənginliyi ilə (tarix, coğrafiya, dilçilik, etnoqrafiya, arxeologiya...elmlərinin sintezi baxımından) ifadə olunan, əski Türk dünyasının qədim yazılı abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanı (1 müqəddimə, 12 boydan ibarət, eləcə də "Oğuznamə" adlanır), həm də Qərbi Azərbaycanın erkən orta əsrlər təbii-coğrafi şəraitini milli-etnoqrafik, elmi dildə olduqca mükəmməl təsvir edir.
Ümumilikdə Türk dünyasının milli-mənəvi yazılı abidələri (e.ə. III minilliyə aid "Bilqamıs" (Şumer-Akkad); "Ural-Batyr"-e.ə.III-II minilliklər; "Alp ər Tonqa"-e.ə.I minillik; "Oğuz Kağan"-e.ə.III-II əsrlər; "Manas" dastanı-X əsr; "Alpamış"-XIV əsr; " "Boz igid"-X-XIII əsrlər; "Ayman Şolpan"-XIV-XVI əsrlər...) sırasında xüsusi ədəbi-bədii dəyərə, milli-mənəvi tarixi (eləcə də hərbi-siyasi) əsaslara malik olan "Kitabi-Dədə Qorqud" dastanı, eləcə də Ön Asiya, Anadolu yaylası, Naxçıvan, Dərələyəz, Zəngəzur, Göyçə, Borçalı, Qarabağ, Muğan, Şirvan, Dərbənd... mahallarının IX-XII əsrlərə aid tarixi-coğrafi şəraitini, dini-mədəni irsini, etnoqrafik düşüncə və həyat tərzini, sakral-dünyadərkini...dolğunluğu ilə, Oğuz-Səlcuq ruhunu, Qıpçaq-Sak irsini əks etdirən qiymətli yazılı mənbədir.
Dastan struktural tərkibi kimi həm də bütünlüklə Aralıq, Qara və Xəzər dənizləri hövzəsinin relyef-landşaft bütövlüyünün etno-milli morfoloji əsasları, qəbilə ittifaqlarının siyasi-iqtisadi düzəni, elat-soy kökünün milli gələnəkləri, köçəri-oturaq həyat tərzinin, maddi irs mədəniyyətinin zənginliyi...haqqında elmi-nəzəri məlumatları özündə əks etdirir.
Türk dünyasına aid olduğu kimi Bütöv Azərbaycanın ayrı-ayrı təbii-coğrafi bölgələrinin tarixi keçmişinin öyrənilməsində Dastan dəyərli məxəz rolunu oynayır, o cümlədən Qərbi Azərbaycanın tarixi-coğrafi irsinin, erkən orta əsrlər dövrünün aydın təsvirini verir.
"Kitabi-Dədə Qorqud" eposunda təsvir edilən coğrafi ərazilərin, tayfa birliklərinin milli-mənəvi dünyadərkinin, həyat-ömür səhifələrinin, işlədilən toponimlərin xeylisi Qərbi Azərbaycanın tarixi-coğrafi keçmişi, təbiəti...ilə sıx bağılılığı Müqəddimədə-Boylarda, hər səhifədə aydın görünür, aydın sezilir.
Belə ki, Kitabın Müqəddiməsində Qorqud atanın Oğuzların Bayat elindən və el Ozanı kimi İlahi ruh sahibi olduğu bildirilir. Bu sıralamada 3 coğrafi ad (etnonim-antonim)-"Ozan", "Oğuz" və "Bayat" toponimləri xüsusi yer tutur.
İlkinliyindən Dədə Qorqud əmanəti kimi milli-mədəni irs olan "Ozan" toponimi (milli Ozan-Aşıq sənətinin yarandığı həmin dövrdə) bir sıra yerd-yurd ocaqlarının adında yaşayır. Ozan-Aşıq sənəti Qorqud atadan başlandığı üçün "Ozan" antrotoponimi də Qərbi Azərbaycan coğrafiyasında (eləcə də Bütöv Azərbaycanda) xüsusi yer tutur.
Göyçə gölünün şimal-qərb sahillərində Şorgöl kosasının qərbində (9-10 km aralıda), 1898 m yüksəklikdə salınmış Ozan düşərgəsi əski Oğuz-Türk yurdudur, Türk Üçtəpəsi zirvəsi-dağının (2516 m) şərq ətəklərində.
Zəngibasar mahalında, Pəmbək dağlıq hövzəsində Qırxbulaq nahiyəsində Ozan adlı kəndin başqa adı Baxçacıq olub. Başqa, həmin nahiyənin Ozanlar kəndinin kökənli tərəkəmə elatı 1828-1832-ci illərdə mənfur düşmənlərin məkrli niyyəti ilə doğma ocaqlarından köçürüldükdən sonra, kəndin müqəddəs ocağı kafirlərin nəfsindən (nəfəsindən) külə dönüb, kənd dağılıb..., başqa Ozanlı kəndi də həmin taleyi yaşayıb...
Qədim Gəncə şəhərində Ozanlar məhəlləsi də bu adın daşıyıcısıdır.
Qırxbulaq nahiyəsi "Oğuz" antrotoponimi ilə zəngin olub...
Oğuzbatır kəndi...Bahadur Oğuzların meydan sürdüyü, düşmənə sinə gərdiyi...oylaq-ocaq, yurd-yaylaq yeri timsalında Vətən parçası. Bu nahiyədə başqa bir kənd-Oğuztaş (Oğuzdaş)-"Oğuz qayası" mənasında olan etnotoponim də eyni mayadan nur içib.
Türk dünyasına doğma olan "Oğuz" toponimi ilə Türkiyə Cumhuriyyətinin Qars mahalında Oğuzlu, Ərdəhan nahiyəsində Oğuz-Uğuz yaşayış məntəqələrini milli doğmalıq ilgəkləri bağlayır.
Əski "Bayat" etnotoponimi Azərbaycanın bir şox bölgələrində (Ağcabədi, Şamaxı, Göyçay, Ucar, Neftçala, Şabran... nahiyələrində "Bayat" toponimi, Dərbənd şəhərində Bayatlılar məhəlləsi...) yer-yurd, tayfa-nəsil adı kimi məşhurdur.
Məşhur tarixçi və döyüşçü Əbülqazı Bahadur xan Xivəli (1602-1664) "Şəcəreyi-Tərakeme" əsərində yazıb ki, Bayat Oğuz xanın 6 oğlundan biri Gün xanın oğludur.
Qarabağ xanlığının banisi Pənahəli xan Cavanşirin (1693-1763) 1745-ci ildə Kəbirli mahalında tikdirdiyi məşhur Bayat qalası... da Oğuz-Türk ellərinin igid, ərən və cəsur tayfalarından olmuş Bayat tayfasının tarixi ad yaşantısıdır, Oğuz soyundan, Türk yurdunda.
Qərbi Azərbaycanın Göyçə mahalında Pəmbək sıra dağlarında Bayat dağı, eyni adlı mineral bulaq, Bayatlar qışlaq obası, Qarakilsə nahiyəsində Bayat kəndi... Oğuz ellərinin tarixi-maddi irsi kimi qiymətli etno-oro toponimlər kimi, həm də əski yurd ocaqlarımızdır ki, nişanəsi tarixi mənbə kimi Dastandan qaynaqlanır.
Oğuzların Bayat obasının El Atası-Ozan Qorqud dədə həm də İlahi-Vəhy ruhunun daşıyıcısı olub, Dastanda yazıldığına görə və bu yerdə Müqəddimədə Dədə deyir:
-Axırda xanlıq geriyə-Qayıya dönər, heç kim əllərindən almaz...
Göründüyü kimi, Oğuz-Səlcuq ozanı Dədə Qorqud həm də dövrün ictimai-siyasi hadisələrinin elmi-nəzəri təhlilini dəqiqliklə incələyə bilmiş, qənaəti min illərin sınağına müdriklik nişanəsi kimi həkk olunmuşdur.
Dədənin dilində səslənən Qayı (Kayı) obasının məkanı müasir tamaşaçıların nəzərindən yəqin ki, yayınmayıb-"Quruluş Osman" filmində (hadisələr XII-XIII əsrlərdə Oğuz-Türk obalarında cərəyan edən hərbi-siyasi, ictimai-milli olaylara, Oğuz-Səlçuq türklərinin Bizans və Monqol imperiya qüvvələrinə qarşı mübarizəsinə aiddir) görüntülənib. Müasir Türkiyədə 100-dən çox kənd Qayı-Kayı adlanır.
"Qayı" etno-antrotoponimi həm də Qərbi Azərbaycanın da kökənli yurd-ocaq ünvanlarındandır. Türkiyə Cumhuriyyətinin Qars və Ərdahan mahalları ilə qonşu olan Şörəel nahiyəsində (Alagöz dağı (4090 m) yaxınlığında) Qaya və Qayabəyli kəndləri Qayı-Kayı tayfalarının adını yaşadır.
Və yaxud, Dərələyəz mahalında 1918-ci ildə düşmənlər tərəfindən əhalisi qətlə yetirilmiş, yurdu-ocağı dağıdılmış Qayabac kəndi, Yeni Bəyazid mahalında Qayabaşı, Zarzəmin nahiyəsində Qayadibi, Dərəkənd mahalında Qayaqışlaq kəndləri Qayı tayfasına mənsub antrotoponimlərdir.
Dərəkənd mahalındakı Qaya Xaraba kəndinin Türk-Müsəlman əhalisinin sayı XVIII-XIX əsrlərdə çoxaldığı üçün iki oba yaranıb-I Qaya Xaraba (başqa adı Sultanağıl) və II Qaya Xaraba (Kafir qalası). Hər iki kənd hay kilsəsinin və daşnak quldurların hücumu nəticəsində boşaldılıb, hay sürüsü yerləşdirilib, adını "Tsuqaxpuyr" qoyublar.
İrəvan xanlığının Sürməli nahiyəsində Qayalı-Kayalı kəndi, Dərələyəz mahalında Qayalı (1918-ci ildə amansız soyqırım faciələri, daha sonra 1930-cu illər hadisələri kəndin dağılmasına səbəb olub) və Vedibasar nahiyəsində Qayulu kəndləri...eyni mənşəli antrotoponimlərdir.
Zəngi nahiyəsində Qayaqocalı (Kayı Qocalı), Pəmbək-Qoçqara çayları hövzəsində, Hamamlı nahiyəsi mərkəzindən (1948-ci ildən "Spitak" adlanır) 33 km şimal-qərbdə Qayqulu Düzkənd, Ağbaba mahalında Qayqulu Ciftəli kəndlər... əski Oğuz-Səlcuq kökünün, ocağının...tarixi-coğrafi nişanələridir...
(ardı var)
Qeyd: mənbə kimi həm də "Kitabi-Dədə Qorqud ensklopediyası" (I cild, 2000-ci il), "Kitabi-Dədə Qoqrud-əsil və sadələşdirilmiş mətn", (2004-cü il), B.Budaqov, Q.Qeybullayev-"Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti", (1998) nəşrlərindən, Ənvər Çingizoğlunun "Bayat kəndi tarix boyunca" məqaləsindən ("Ədalət" qəzeti, 29.12.2010-cu il tarixli nömrəsi) istifadə olunub.