.Ermənilərin Laçın planları baş tutmadı

44 günlük müharibədə aldıqları sarsıdıcı zərbəni həzm edə bilməyən Ermənistan bu günə qədər də müxtəlif bəhanələr, təxribatçı addımları ilə 10 noyabr bəyanatı, eləcə də ondan sonrakı mərhələdə imzalanmış üçtərəfli razılaşmalara əməl etmir, dövlət sərhədində müntəzəm olaraq təxribatlara əl atır. Düşmənin yol verdiyi hər bir xəta, təxribat ona baha başa gəlsə də,  məkrli niyyət və planlar hələ də davam edir. Necə ki, bu günlərdə Azərbaycan Ordusunun həyata keçirməyə məcbur olduğu "Qisas" əməliyyatı kimi. Onu da qeyd etmək yerinə düşər ki, ermənilərin törətdiyi hər bir təxribat müəyyən mənada bizim maraqlarımıza da xidmət edir. Düzdür, həmin təxribatlar Silahlı Qüvvələrimizdə müəyyən problemlər yaratsa da,  bu kimi hallar bizə Azərbaycan ərazisindən bütün qeyri-qanuni erməni birləşmələri, eləcə də qanunsuz yolla məskunlaşmış ermənilərin torpaqlarımızdan çıxarılmasına daha geniş imkan yaradır. Məlum olduğu kimi "Qisas" əməliyyatından sonra ermənilərin Laçın şəhəri və Zabuxdan çıxarılması prosesi sürətlənib. Ani həmlə ilə düşməni məhv edən, ondan yenidən QİSAS alan Azərbaycan ordusunun gücündən, qüdrətindən ehtiyat edən ermənilər indi Laçın şəhəri və Zabuxu tərk edib Xankəndi deyil, birbaşa Ermənistana üz tuturlar. Çünki günün birində, daha dəqiq desək qısa zamanda Azərbaycanın Xankəndinə də nəzarəti təmin edəcəyi artıq bir reallıqdır və ermənilər bu reallığı qəbul etmək zorundadırlar. Erməni KİV-lərinin də verdiyi xəbərə görə, artıq erməni ailələrin Laçın şəhəri və Zabuxdan çıxarılmasına başlanılıb.

Ermənilərin Laçın dirənişinin sona çatmasının bir səbəbi Azərbaycan Ordusunun həyata keçirdiyi "Qisas" əməliyyatıdırsa, digər səbəbi isə Rusiyanın İrəvandan 10 niyabr bəyanatına əməl etmək tələbində bulunmasıdır. Elə ötən gün Rusiya Xarici İşlər Nazirliyinin bununla bağlı yaydığı açıqlama da bunun sübutudur. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev keçirdiyi brifinqdə deyib ki, Laçın dəhlizi ilə bağlı məqam üçtərəfli razılaşma əsasında həll edilməlidir.

Həm qeyd etdiyimiz iki məqam, həm də Laşın dəhlizinə alternativ yolun çəkilməsi və artıq istifadəyə hazır olması da ermənilərin Laçınla bağlı planlarının pozulmasından xəbər verir, düşmən düşünürdü ki, Azərbaycan tərəfi Laçın dəhlizinə alternativ yolu qısa zamanda çəkib qurtara bilməyəcək və proses uzamdıqca da erməni təxribatları artacaq və qeyri-qanuni erməni hərbi birləşmələrinin bölgəyə silah-sursat gətirməsi prosesi sürətlənəcək. Ancaq yuxarıda qeyd etdiyimi iki amillə yanaşı, Laçından yan keçməklə yeni yolun tikintisinin tamamlanması ermənilərin məkirli planlarının suya düşməsi ilə nəticələndi.

Rəsmi məlumatlardan da aydın olur ki, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi artıq yekunlaşıb.

Çətin relyefə malik olan ərazidən keçən yol boyunca layihəyə uyğun müxtəlif süni qurğuların tikintisi də icra olunub. Belə ki, zəruri yerlərdə beton küvetlər tikilib, 17 yerdə müxtəlif diametrli dairəvi suötürücü boru, 36 yerdə müxtəlif diametrli plastik boru quraşdırılıb, uzunluğu 149.5 metr, eni 13.5 metr təşkil edən 4 aşırımlı avtomobil körpüsü inşa edilib.

Qeyd edək ki, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisinə 2021-ci ilin iyul ayında başlanılıb. Yolun ümumi uzunluğu 32 km təşkil edir (bundan 10 km Ermənistan ərazisində yerləşir) və III texniki dərəcəyə uyğun inşa edilib. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olan yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir.

Cərəyan edən hadisələr fonunda bundan sonrakı proseslərə diqqət çəkən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistan növbəti dəfə Qarabağda öz silahlı birləşmələrinin   "Qisas" əməliyyatından sonra çıxarılmasına  söz verdi. Senytabr ayına kimi proses  tam yekunlaşmalıdır. Amma, rəsmi Yerevan Qarabağda "Artsaxın müdafiə ordusunun" qalacağını bunun Ermənistana aidiyyatinin olmamasını bəyan edir: "Rəsmi Yerevan 10 noyabr Birgə Bəyannamənin 4-cü bəndini  Ermənistan silahlı qüvvələrinə aidiyyatinin olmadığını vurğulayır. Qeyd edim ki, 10 noyabr Birgə Bəyannamənin 4-cü bəndinə əsasən, silahlı erməni birləşmələri Azərbaycan ərazisindən tam çıxarılmalıdır. Bu bəyannamədə "Dağlıq Qarabağ" və "müdafiə ordusu" bəndi yoxdur.   Ümumiyyətlə, Ermənistan tərəfi də Xankəndində separatçı rejimi hüquqi cəhətdən tanımır. Əgər, Ermənistan tərəfi, həm də Azərbaycan və digər dövlətlər "Dağlıq Qarabağı" tanımırsa, Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, demək hər hansı bir "müdafiə ordusudan" söhbət belə getməz. Göründüyü kimi 10 noyabr Birgə Bəyannamənin 4-cü bəndində hər hansı bir ziddiyyət yoxdur. Ermənistanın bu bəndi manipulyasiya etməsi, istədiyi şəkildə izah etməsi, yalnız qarşıdurmanı tətikləyir. Çünki, Dağlıq Qarabağ subyekti yoxdur və onun silahlı birləşmələridə ola bilməz".

Politoloq hesab edir ki, əgər, Qarabağda sülhməramlı qüvvələrin fəaliyyət ərazisində qanunsuz silahli erməni birləşmələri qalacaqsa, Azərbaycanın  antiterror əməliyyatı keçirməsi zəruridir: "Ümumiyyətlə,  silahlı erməni birləşmələrinin silah və sursatla təminatını bəs kim həyata keçirəcək? Demək, Ermənistan bunu etməlidir və Azərbaycanın təzə çəkdiyi yoldan silahlı erməni birləşmələrinə silah tədarük edilməlidir. Təbii ki, Azərbaycan müasir standartlara uyğun yol çəkməyib ki, öz ərazisində silahlı erməni birləşmələrinin lojistikası həyata keçirilsin. Ona görə də çox qısa müddətdə- bu ilin axırına kimi, Qarabağda qanunsuz silahli erməni birləşmələrinin fəaliyyətinə son qoyulacaq. 10 noyabr Birgə Bəyannamənin 4-cü bəndində " müdafiə ordusunun" qalması təsbit edilməyib. Həmin bənddə qeyd edilir ki, tərəflər mövqe tutuqları ərazidə qalmalıdır. Bu bəndi isə, silahlı qüvvələrə aid deyil".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31