Ermənilərin uydurduğu "dostluq və sülh nağılları"na əsla aldanmamalıyıq

44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrlərdə Qarabağda qalan qanunsuz erməni birləşmələrinə qarşı Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar sadə erməniləri artıq mövcud reallıqla barışmaq məcburiyyətində qoyur. 30 il ərzində qeyri-qanuni olaraq işğal edilmiş Azərbaycan ərazilərində məskunlaşdırılmış ermənilər dərk edirlər ki, bu torpaqların öz sahibləri var və zəbt edib məskunlaşdıqları əraziləri boşaltmalıdırlar. Hər halda son günlər Laçın ətrafında gedən proseslər belə deməyə əsas verir. Xəbərlərdən də aydın olduğu kimi bir neçə gün əvvəl ordumuzun qeyri-qanuni erməni hərbi birləşmələrinə qarşı həyata keçirdiyi antiterror əməliyyatından sonra indiyə qədər Laçında qalmış erməni ailələri artıq oranı tərk etməyə başlayıblar. Cərəyan edən hadisələrin fonunda bəzi erməni ailələrindən, eləcə də fərdi şəkildə Azərbaycan dövlət başçısına ünvanlanan müraciətlərdən aydın olur ki, əksər ermənilər öz ölkələrində yaşamaqdan usanıblar və onlar Azərbaycan Respublikasının vətəndaşı olmaq arzusundadırlar. Ermənilərin Azərbaycan vətəndaşı olmaq istək və arzularına olan münasibət isə birmənalı deyil.

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov da deyir ki, bu kimi müraciətlərə o qədər də aldanmamalı, ermənilərin oyunlarına getməməliyik: "Son günlər Azərbaycan vətəndaşlığına qəbul olunmaq üçün dövlət başçımıza müraciət edən ermənilərin sayı get-gedə artır. Məsələn, bir neçə gün öncə Ermənistan vətəndaşı Vahe Qəmbəryanın bizim vətəndaşımız olmaq üçün Prezident İlham Əliyevə müraciət etməsinin şahidi olduq. Rus dilində danışan həmin şəxs sözügedən müraciətində Ermənistan vətəndaşlığından imtina edərək Azərbaycan vətəndaşı olmaq və Bakıya gələrək yaxınlarını ziyarət etmək arzusunda olduğunu bildirdi. Daha bir erməni əsilli şəxsin - İslam dinini qəbul etdiyini söyləyən Aqunik Abovyan adlı erməni qadının Prezident İlham Əliyevə müraciəti yayıldı. Aqunik Abovyan müraciətində dövlət başçımızdan Bakıya və Şuşaya gəlməsi üçün ona icazə verilməsini xahiş edib, həmçinin Azərbaycanda olmaq, həyat yoldaşının və dostlarının vətənini görmək, Şuşada namaz qılmaq arzusunda olduğunu söyləyib".

Partiya sədrinin sözlərinə görə, etiraf etməliyik ki, hər iki müraciət cəmiyyətdə geniş müzakirələrə səbəb oldu, sosial şəbəkələrdə təpki ilə qarşılandı: "Bir çox soydaşlarımız isə hesab edir ki, hazırkı məqamda dünyanın müxtəlif guşələrindən müraciət edən ermənilərə nə vətəndaşlıq verilməməli, nədəki onların Şuşaya, Qarabağın digər guşələrinə səfərləri təşkil olunmamalıdır.  Dövlət sərhədimizdə atəşkəs rejiminin tez-tez pozulduğu və eləcə də Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında cəmləşən qanunsuz erməni silahlı dəstələrinin davamlı təxribatlar törətdikləri bir mərhələdə hansı dairələrə bağlı olduğu və niyyətləri məlum olmayan erməni əsilli şəxslərin ölkəmizə buraxılması və üstəgəl onların işğaldan azad olunmuş ərazilərə getmələrinə icazə verilməsi həqiqətən də təhlükəli fəsadlarla nəticələnə bilər".

MHP sədri qeyd edib ki, 44 günlük müharibədən sonra məğlubiyyətdən doğan çılğın revanşizm və qisas hissləri ilə alışıb yanan ermənilərdən indiki məqamda hər cürə pislik və təxribatlar gözləmək olar: "Odur ki, biz keçmiş tarixi mərhələlərdə buraxdığımız səhvlərə indi təkrar yol verməməli, ermənilərin uydurduğu cürbəcür "dostluq və sülh nağılları"na da əsla aldanmamalıyıq. Hazırda biz bütün diqqətimizi torpaqlarımızda qanunsuz məskunlaşmış Suriya, İraq, Livan ermənilərinin avqustun sonlarıa qədər Laçın şəhərindən, Zabux və Sus kəndlərindən dinc şəkildə çıxarılmasına yönəltməliyik. Habelə sülhməramlıların nəzarəti altındakı digər ərazilərimizin terrorçu-separatçı ünsürlərdən, qanunsuz erməni silahlı dəstələrindən təmizlənməsinə nail olmalıyıq".

O ki qaldı ermənilərə vətəndaşlıq verilməsinə, Əlisahib Hüseynov hesab edir ki, biz indiki mərhələdə hələlik yalnız Xankəndidə yaşamış və yaşamaqda olan ermənilərə vətəndaşlıq verilməsi barədə düşünə bilərik: "O da ki, yalnız Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü qəbul edən və heç bir separatçı fəaliyyətlərdə yer almayan mülki ermənilərə şamil oluna bilər. Yəni ki, elə hər yerindən duran, yuxusunu qarışdıran erməniyə vətəndaşlıq verəcəyik deyə hansısa bir öhdəçiliyimiz yoxdur.  Ümumiyyətlə, hesab edirik ki, vətəndaşlığa qəbul prosedurları indiki məqamda bir qədər sərtləşdirilməlidir. Bu da gələcəkdə millətin və dövlətin təhlükəsizliyinə təhdid yarada biləcək hallardan mümkün qədər sığortalanmağımız üçün vacibdir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31