Siyasi fəaliyyətin sağlamlaşdırılmasına yönəlmiş addımlar

Azərbaycanda həyatımızın bütün sahələrində zaman-zaman müəyyən islahatlar həyata keçirilir, bu və ya digər sahələrdə olan qanunlar müasir dövrünümz, günümüzə uyğun olaraq təkmilləşdirilir, müasirləşdirilir. Bu sırada siyasi sahədə həyata keçirilən islahatları da xüsusi qeyd etmək yerinə düşər. 30 il bundan əvvəl qəbul edilmiş "Siyasi partiyalar haqqında" qanuna zaman-zaman düzəlişlər, əlavə və dəyişikliklər edilsə də, lakin dəyişən zaman və siyasi proseslər onun daha da təkmilləşdirilməsinə zərurət yaradıb. Məhz bu zərurətdir ki, Azərbaycanın qanunverici orqanına "Siyasi partiyalar haqqında" qanuna yeni dəyişikliklər edilməsi məsələsi təklif edilib. Daha dəqiq desək bir müddət əvvəl Milli Məclisə belə bir dəyişikliklər təqdim edilib. 
"Siyasi partiyalar haqqında" qanuna təklif edilən dəyişikliklər öz-özlüyündə müsbət tendensiya, partiyaların fəaliyyətinə daha normal şəraitin yaradılması, onların sağlam əsaslarla fəaliyyət göstərməsinə hesablansa da, lakin hər şeyi qara görməyə öyrəncəli olan bəzi siyasi qüvvələr bu dəyişiklikləri də süngü ilə qarşlayır, hətta sözügedən dəyişikliklərin siyasi partiyaların fəaliyyətini məhdudlaşdırıcağını iddia edirlər. Bəs reallıqda dəyişikliklər nədən ibarətdir və özündə nələri ehtiva edir.
Milli Məclisə təklif edilən dəyişikliklərdən biri siyasi partiyanın üzvlüyü ilə bağlıdır. Təklif edilən dəyişiklikdə konkret olaraq göstərilir ki, bir şəxs yalnız bir siyasi partiyanın üzvü ola bilər. 1992-ci ilə qəbul edilən ilk qanunda isə qeyd edilirdi ki,  siyasi partiyanın nizamnaməsini və proqramını qəbul etmiş, yetkinlik yaşına çatmış tam fəaliyyət qabiliyyətli Azərbaycan Respublikasının vətəndaşları siyasi partiyaya üzv ola bilərlər. Burada konkret bir şəxsin yalnız bir partiyanın üzvü olması əksini tapmırdı ki, bu da bir şəxsin adının bir neçə partiyada getməsi, yalançı üvlər siyahısının formalaşmasına gətirib çıxarırdı. İndi təklif edilən dəyişikliklə isə siyasi partiyaların şişirdilmiş üzvlər siyahısı sabun köpüyü kimi partlamış olacaq.
Siyasi partiyaların fəaliyyətinin məhkəmənin qərarı ilə 2 il müddətinə dayandırılması təklifi günümüzdə kifayət qədər təqdirəlayiq addım kimi xarakterizə edilə bilər. Məlumat üçün qeyd edək ki, bu addım Ədliyyə Nazirliyinin yazılı xəbərdarlığı ilə partiyanın yol verdiyi qanun pozuntuları vaxtında aradan qaldırılmadığı halda mümkün olacaq.  Bu hallar isə əsasən Azərbaycan Respublikasının Konstitusiya quruluşunu və dünyəvi xarakterini zorakılıqla dəyişdirməyə, ərazi bütövlüyünü pozmağa, müharibəni, zorakılığı və qəddarlığı təbliğ etməyə, irqi, milli və dini ədavəti qızışdırmağa yönəlmiş fəaliyyətlərdən ibarətdir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, günümüzdə bəzi siyasi partiyalar tərəfindən bu kimi qanunazidd çağırışlar gündəmə gəlir. Bu mənada "Siyasi partiyalar haqqında" qanuna sözügedən dəyişikliyin təklifi də günümüz üçün kifayət qədər vacib və aktualdır. 
Eyni zamanda siyasi partiyaların dövlət qeydiyyatının, fəaliyyətinin dayandırılması ilə bağlı mübahisələrə Apeliyasiya Məhkəməsində baxılması təklif edilir ki, bu da siyasi partiyalar üçün bir üstün məqamdır. Halbuki 1992-ci ildə qəbul edilmiş qanunda qeyd edilirdi ki, siyasi partiyanın ləğvi barədə məhkəmə qərarı müvafiq icra hakimiyyəti orqanının ərizəsi əsasında Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq qəbul edilir. Yeni dəyişiklik siyasi partiyalara ortaya çıxmış problemi Apeliyasiya Məhkəməsi səviyyəsinə qədər aparmağa imkan yaradır. 
Bir sözlə dəyişikliklərdən göründüyü kimi "Siyasi partiyalar haqqında" qanuna təklif edilən dəyişikliklər yalnız və yalnız siyasi fəaliyyətin sağlamlaşdırılması, onun günümüzün tələblərinə, müasir dünyanın norma və prinsiplərinə uyğun qurulmasına hesablanıb.

Elşən

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31