İslamı anlama və yaşama məsələsində köklərimizə dönməliyik
5 Avqust 2022 11:22 SiyasətTorpaqlarımız işğaldan azad edildikdən sonra bir akademik məqalə üçün yenidən baş çəkməyə çalışdığım XII- XVI əsrlər Türk türbə memarlığının da görkəmli abidələri olan Şeyx Babıdan Dəmirçilərə Araz qırağının bir birinə bənzəyən türbələri, Hacı Qaraman kimi sufi- təsəvvüf külliyələrinin qalıqlarını üzərində düşündükcə dini mənada da o möhtəşəm köklərimizdən qoparıldığımızı bir daha anlamaq insanı çox üzür. O anlayış bu torpaqlarda hakim olsaydı milli varlığımızı hədəf alan heç bir ifrat cərəyan, dünya görüş, cəhalət nümunəsi özünə dayaq tapa bilməzdi. Düşünməliyik, daha bərraq, köklərimizdən, öz düşüncə və inanc dünyamızdan bəslənən din konsepsiyası üzərində düşünməliyik. Xüsusilə İran rejiminin coğrafi olaraq da təsirinə daha açıq olan və ya bizim güneylə də milli bütünləşməmizdə mühüm rol oynayacaq Şərqi Zəngəzur və Qarabağda bu olduqca vacibdir. Türk tarixinin, mədəniyyətinin dərinliyinə enməli, qaynaqlarımızı yenidən təcdit etməliyik.
Din məsələsində də mənsub olduğumuz mədəniyyətin öz kodları, identifikasiyası var. Heç şübhəsiz Türklərinin islam anlayışı və dini yaşamlarının formalaşmasında ən önəmli hadisələrdən biri yeni bir fəlsəfi yanaşmanın, kəlam ənənəsinin ortaya çıxması olmuşdur. Ağıla, mühakiməyə , dəlilə üstünlük verən din anlayışının Əbu Hənifədən sonra ən parlaq təmsilçisi İmam Matrudidir. Ona görə insani olanla İslami olanı döyüşdürmək , qarşı qarşıya gətirmək yox uzlaşdırmaq lazımdır. Çünkü insan ağlı Allahın insana verdiyi ən böyük ölçü, nemətdir. İnsan əgər ağlından istifadə edərsə, hər zaman həqiqətə çatma potensialı mövcuddur. Bu mənada heç bir insan mütləq mənada ötəki deyildir. Yunus Əmrənin çox lakonik şəkildə ifadə etdiyi türk sufiliyinin " yaradılanı yaradandan ötrü sevərik" doktrini mühümdür. İmam Matrudi Səmərqəntdə Cüzcaniyə mədrəsəsində dövrünün görkəmli din alimlərindən dərs almış, sonra da eyni mədrəsənin başına keçmişdir. Müəllimi Əbu Nəsr əl- İyazi ilə birlikdə ribatlarda cihada hazırlanan əsgər və qaziləri dini- mənəvi yöndən müharibəyə hazırlamış, yaxşı bir oxçu olduğu üçün özü də orduyla birlikdə bəzi qazalara, döyüşlərə getmişdir. Türküstandan Balkananlara qədər uzanan kəlam ənənəsi onun adıyla bağlıdır. Sonrakı dövrdə də Türküstanda onun məktəbinə, təlimlərinə bağlı çox sayıda mütəkəllim adladırdığımız filosoflar, alimlər yetişdi. Matrudilik elmə çox böyük önəm vermiş, cəhaləti ən böyük düşman olaraq görmüşdür. İmam Matrudi elm yoluna çıxanların xərclərinin qarşılanmasının ümmətin varlılarının vəzifəsi olduğu yönündə bir qənaət ortaya qoymuşdur. Məlumdur ki, eyni düşüncə iqlimindən bəslənən Biruni də doğru bilgiyi əldə etmək üçün çalışmağı ibadət olaraq görmüşdür. İmam Matrudi cahili yaşayan ölü adlandırmışdır. Bu anlayışla Türk mədəniyyətində qələm və qılınc, elmlə qaza , güclə ağıl bir birini tamamlayan ən önəmli amillər oldu. Türküstanda çox sayıda seyfiyə və ilmiyə risalələri yazıldı. Alimlər həm qazi həm də müdərris idilər. Bu iki anlayış Türk İslam dövlətlərinin də əsas varlıq səbəbləri kimi görülmüşdür. Kutadqu Bilig müəllifi Yusuf Has Hacib bu düsturu çox anlamlı ifədələrlə qələmə almışdır. " ölkə fəth edən onu qılıncla fəth edər ancaq qələmlə idarəsi altında tuta bilər". Avropa əsrlər sonra qadınları şeytanlaşdıraraq cadu ovuna çıxarkən Gazi Ayişə və Fatmalar, XI əsrdə qurulmuş ilk qadın təşkilatı olan Bacıyan- ı Rumilər bu ənənə və dini anlayış, yorumlarla meydana çıxdı. Türküstanda hakim olan görüşə, hənəfi- matrudi təliminə görə qadın iki şey üçün öz həyat yoldaşından icazə almadan evindən çıxa bilərdi. Birinci vətən təlükədəysə, ümumi bir səfərbərlik elan olunduysa döyüşdə iştirak etmək üçün , ikincisi isə elm yoluna çıxmaq məqsədiylə. Bunlar həm də o müsəlmanın dini vəzifələri arasında idi. Təsadüfi deyildir ki, Buxara və Səmərqənd mədrəsələrinin divarlarına Hz. Peyqəmbərin elm öyrənmək qadın -kişi hər bir müsəlmana fərzdir mənasına gələn " el- ilmu farizatun ala külli Müslimun ve Müslimetin" hədisi yazılmışdır. Bu yerli və milli ənənə sayəsində xaricilik , ismayilik , radikal şiyəlik kimi idxal cəryanlar tarixin heç bir dövründə Türk torpaqlarında özünə dayaq tapa bilmədi. Türk elat mədəniyyətində ağıl, məntiq və proqramlama mühümdür. İslamdan əvvəlki həyatında da tək Tanrı inancı olduğu üçün özüylə zidləşmə , riya yoxdur. Türk ağlı şirkə bulaşmamış bir zehinlə İslama yanaşmışdır. Hər şey arıdır, durudur. Matrudilik bütün mənalarda İslam hökümlərinin, əxlaqının, əsrlərdir davam edən Türk ağlından süzülmüş bir forması idi. Türküstan insanının dini yaşamına özünə məxsusuluq qazandıran daha bir mühüm məsələ xoşgörü və insana insan olduğu üçün hörmət etməkdir. O Allah tərəfindən yaradılmış möhtərəm bir varlıqdır. İnanmaq və ya inanmamaq onun azadlıqları arasındadır. Bunun üçün kim olursa olsun təzyiq etmə haqqına sahib deyildir. Dində məcburiyyət olmadığına dair Quranda açıq hökm vardır. Küfrü , Allahı inkar etməsi səbəbiylə heç bir insan öldürülə bilməz. Küfr Allaha qarşı edilən bir günahdır. Onun da cəzasını Allah verəcəkdir. Bəzi radikal dini cərəyan mənsublarının cihad edirəm deyərək insanları öldürməsi Quranın təliminə, hz. Peyqəmbərin icraatlarına tərsdir. Türk mədəniyyətinin dərinliklərindən, İslamın hikmətlə, ağılla yorumlanmasından bəslənən matrudilik bu şəkildə şiddətə qarşı çıxmışdır. Türk müsəlmanlığının daha bir mühüm qanadını, dini-mistiq dünya görüşünü, əxlaq sistemini yəsəvilik formalaşdırmışdır. Türk sufiliyi , yol mənasına gələn təriqətləri əsrlər boyu dövləti də milləti də mənəvi yöndən bəsləmiş, ancaq heç bir zaman siyasətə qarışmamış, ona müdaxilə etməmişdir. Ə. Yəsəvinin islam yorumu əxlaq mərkəzli, insanın kamilləşməsi, nəfs tərbiyəsi, elm nuruyla aydınlanması üzərinə qurulmuşdur. O mədrəsələrdə dövrünün alimlərindən dərs alaraq Ərəb və Fars dillərini mükəmməl bildiyi halda elat Türk boylarının anlayacağı sadə , duru bir Türkçə ilə İslamın əxlaq - hikmət yönünü açıqlayan təsavvufi misralarını yazdı, divanını ortaya çıxardı. Bu xalq sufiliyi məktəbi Xorasandan Anadoluya böyük ərənlər ordusunu ortaya çıxardı. Ona görə Əhməd Yəsəvi pir- i Türküstan adlandırıldı. Türk dünyası dirilib yenidən özünə dönərkən, öz ayaqları üstündə durmağa çalışırkən bizim bax bu mənada da köklərimizə , dini anlayışlarımıza dönməmiz lazım. Üstəlik Azərbaycanın tarix boyu türk sufizminin , təsavvuf ənənəsinin ən önəmli mərkəzlərindən biri olduğunu da unutmamaq lazımdır.
Telman Nüsrətoğlu-Türk-İslam Araşdırmalar Mərkəzinin sədri