Avropa İttifaqı ilə Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoyur
22 İyul 2022 11:32 SiyasətAzərbaycanın layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişdirib
Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Bakıda imzalayıblar. İmzalanma mərasimindən sonra Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin birgə bəyanatı bir çox aspektlərdən xüsusi əhəmiyyət daşıyır. Qeyd etmək lazımdır ki, Azərbaycan enerji sahəsində Avropa Komissiyası ilə on beş ildən artıqdır sıx əməkdaşlıq edir. 2006-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında Anlaşma Memorandumunu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalanmışdır. İkitərəfli əlaqələrin inkişafında bu sənədlər mühüm rol oynamışdır. Millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycanın başlatdığı və Avropa İttifaqının dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişdirmişdir. Öncə neft hasilatına sonra, qaz hasilatına başlanıldı. Eyni zamanda, Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəməri çəkildi. 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini inteqrasiya etdi və bununla Azərbaycanın təbii qazı Avropa qitəsinə çatdırılır. İki ildən az müddətdə Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir: "Dünyada və regionda baş verən hadisələr bir daha göstərdi ki, enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq əlaqələrinin mövcudluğu böyük əhəmiyyətə malikdir. Avropa İttifaqının Azərbaycanla əməkdaşlığın gücləndirilməsi istiqamətində addım və səyləri bu fikri bir daha təsdiq edir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoqu mövcuddur. Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən artıq yüksək dəyərləndirilir. Külək və günəş enerjisinə artıq sərmayə qoyuluşu prosesinə başlanıb. Bu layihələrin də uğurla icra oluncağına heç şübhə yoxdur. Tərəflər bu məsələdə qətiyyətli və prinsipial mövqe nümayiş etdirirlər". Onun sözlərinə görə, hazırda Azərbaycan Qarabağada bir çox istiqamətlərdə o cümlədən enerji sahəsində mühüm layihələrin icrasını planlaşdırır. Artıq bir sıra layihələrin icrasına başlanılıb. Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavatdır. Xəzər dənizində külək enerjisinin potensialı 157 qeqavata bərabərdir. Gələn illər ərzində istifadəyə veriləcək yeni qaz yataqları da mövcuddur. Bərpaolunan enerjidən istifadə edilmə nəticəsində ixrac üçün daha çox qaz ehtiyatı təmin olunacaqdır: "İmzalanan Memorandumun əhəmiyyətinə gəldikdə sənəd gələcək əməkdaşlığımızın yol xəritəsidir. Planlaşdırılmış bütün məsələlər icra olunub. Şəbəkələrin qurulması əsas məsələlərdən biridir. Azərbaycanın coğrafi mövqeyini və müasir daşımalar infrastrukturunu nəzərə alaraq, şəbəkənin qurulması üzərində daha səylə çalışmalıyıq. Xəzərin qərb sahilində Azərbaycanın Xəzərdə ən iri ticarət donanması, müasir infrastruktur, gəmiqayırma imkanları, yeni dəniz limanı, bütün qonşularla birləşdirən dəmir yolları var. Bu çox önəmli məsələdir. Onu da qeyd edək ki, Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzərində də ciddi iş aparılır. Gələn ay hazırlıq işləri başa çata bilər. Bu tərəflər arasında əlaqələri daha da inkişaf etdirəcək, ikitərəfli əlaqələr yeni mərhələyə qədəm qoyacaq. Həmçinin Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ikitərəfli qaydada da ciddi işlər aparılır. Avropa İttifaqı Azərbaycan üçün əsas ticarət tərəfdaşdır. Ticarət dövriyyənin artırılması və inkişaf etdirilməsində əsas məqsəd xalqlarımızın rifahının yaxşılaşdırılmasıdır".
xxx
Millət vəkili Vüqar Bayramov qeyd edib ki, Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında imzalanan enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu tərəflər arasında strateji əməkdaşlığın daha gücləndirilməsinə xidmət edəcək: "Aİ Azərbaycandan aldığı qazın həcmini 2 dəfə artırmaq və növbəti 5 ildə ən azı 20 milyard kub metr qaz idxal etmək niyyətindədir. Bu isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolunun daha da artacağı anlamına gəlir. Rusiya-Ukraya müharibəsi fonunda Azərbaycanın geo-strateji mövqeyi daha güclənməkdədir. Azərbaycan Şahdəniz" ilə yanaşı çox yaxın gələcəkdə daha 5 yataqdan ("Abşeron", "Şəfəq", "Asiman", "Ümid-Babək" və "Azəri-Çıraq-Günəşli") qaz hasil ediləcək. Bu ölkəmizin mavi qaz ixracatını artırmaqla yanaşı Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolunu daha da artıracaq. Azərbaycan Avropa İttifaqı üçün yeganə yeni və mühim alternativ enerji mənbəyin çevrilməkdədir. Artıq "Köhnə Qitə"də Azərbaycan qazını almaq istəyən dövlətlərin sayında kəskin artımlar var. Bu ay istifadəyə verilən Yunanıstan-Bolqarıstan Daxili Şəbəkə ilə ən azı digər 4 Avropa ölkəsi Azərbaycan qazının alıcısına çevrilə bilər. Memorandum tərəflər arasında enerji sahəsində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutsa da bütövlükdə İttifaq ilə Azərbaycan arasında strateji əlaqələrin dərinləşməsi müşahidə olunur. Yeni düzən fonunda bu Azərbaycanın geo-siyasi mövqeyinin daha da gücləndirilməsinə xidmət edəcək. Azərbaycan Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Avropa Birliyinə mavi qaz ixracatını ən çox artıran ölkədir. Bu ilin ilk yarısında Azərbaycan Avropaya qaz ixracatını əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 68.7 faiz artıraq 3.2 milyard kubmetrdən 5.4 milyard kubmetrə yüksəldib". Onun bildirdiyinə görə, Aİ də Cənubi Qafqaz ölkələrinin əsas ticarət tərəfdaşı olaraq qalmaqdadır. Belə ki, Aİ-nin ümumi ticarət dövriyyəsində payı Azərbaycanda 36.7, Gürcüstanda 23.9, Ermənistanda 18.0 faizdir. İttifaq pandemiyadan əvvəlki il, yəni 2019-cu ildə Azərbaycanda 2.6, Gürcüstan 1.2, Ermənistanda isə 1.0 milyard avro sərmayə qoyluşu həyata keçirib: "Azərbaycanla Aİ arasında ticarət dövriyyəsi ötən il 15 milyard dollaradək yüksəkilib. Bütövlükdə ixracatımızın təxminən 48 %-ə yaxını İtaliyaya yönəlib. Bu isə Avropa İttifaqının Azərbaycan üçün əsas ticarət və iqtisadi tərəfdaş olduğunu göstərir. Eyni zamanda Avropa İttifaqının Cənubi Qafqazda ticarət dövriyyəsinin 2/3-i isə Azərbaycanın payına düşür. Bu baxımdan Azərbaycan da Cənubi Qafqazda Avropa İttifaqının əsas ticarət tərəfdaşıdır".
Alim