Azərbaycan diasporu erməni təbliğat maşınını sıradan çıxarıb

 İstiqamət-Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

Azərbaycan XX əsrdə ikinci dəfə müstəqillik əldə etdikdən və suveren bir respublika olduqdan sonra hər bir sahədə olduğu kimi, diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi sahəsində də çox ciddi addımların atılmasına zərurət yaranmışdı. Daha dəqiq desək bu işin sıfırdan təşkili lazım idi. Çünki müstəqilliyin ilk illərində əsas diqqətin siyasi və iqtisadi sahəyə yönəlməsi, daha çox ölkəni bürüyüən dərin sosial-iqtisadi böhrandan çıxış yollarının axtarılması diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi kimi məsələləri arxa plana atmışdı. Bu isə bir neçə ciddi problemlərin meydana çıxmasına gətirib çıxarmışdı.

Birincisi, xaricdə yaşayan azərbaycanlılar, diaspor nümayəndələrinə olan diqqətsizlik, onların bir növ unudulması, həmvətənlərimizin Ana Vətənlə, Azərbaycanla bağlı olan tellərinin qırılmasına, bununla da xarici ölkələrdə Azərbaycanın təbliğatına, haqq səsimizin dünyaya çatdırılmasına mənfi təsir göstərirdi.

İkincisi, mövcud boşluq, xaricdə yaşayan azərbaycanlıların Vətənlə əlaqələrinin qırılması və nəticə etibarilə Azərbaycanın beynəlxalq aləmdə tanıdılması istiqamətində işlərin görülməməsi ayrı-ayrı ölkələrdə erməni diasporu, lobbisinin əl-qolunun açılması, onların Azərbaycan əleyhinə qərəz, şər-böhtan dolu fəaliyyətlərinin genişlənməsinə imkan yaradırdı. Təsadüfi deyil ki, məhz həmin illərdə, xaricdə yaşayan azərbaycanlıların Azərbaycan dövləti ilə bağlılıqlarının zəif olduğu və onların Azərbaycan dövlətinin yadından çıxdığı ərəfədə aparılan yalan dolu erməni təbliğatı nəticəsində dünyanın ayrı-ayrı ölkələrində azərbaycanlıların, ümumilikdə dövlətimizin mənfi imici formalaşmış, Sumqayıt hadisələri, keçmiş SSRİ-nin ssenari əsasında orada törədilmiş iğtişaşlar fonunda bizi qaniçən millət kimi qələmə verməyə nail olmuşdular. Bu həm də Dağlıq Qarabağda erməni separatizminin baş qaldırdığı, orada yaşayan və Qarabağın daimi, əzəli sakinləri olan azərbaycanlılara qarşı represiyaların başladığı zaman təsadüf edirdi ki, məhz dünyanın ayrı-ayrı ölkələrində yaşayan həmvətənlərimizin koordinasiyalı şəkildə fəaliyyət göstərməməsi nəticəsində Azərbaycan dövləti haqlı olduğu halda, beynəlxalq aləmdə haqsız durumda yer alırdı. Aparılan yalan, şər-böhtan dolu erməni təbliğatı beynəlxalq aləmdə Azərbaycan əleyhinə çox güclü rəy formalaşdırırdı.

Ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra isə hər bir sahədə olduğu kimi, diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi istiqamətində də çox ciddi, nəticəyə hesablanmış addımların atılmasına başlanıldı. Dövlət başçısı kimi səfər etdiyi hər bir xarici ölkədə iş qrafikinin gərgin olmasına baxmayaraq orada yaşayan azərbaycanlılar, diaspor nümayəndələri ilə görüşən ümummilli lider bununla onlarda artıq bir güvənc yeri yaratmış olurdu. Həmvətənlərimiz onların arxasında indi bir Azərbaycan dövlətinin olduğunun fərqinə varırdılar ki, bu da tədricən xaricdə yaşayan soydaşlarımızın fəallaşması, onların erməni yalanlarına qarşı mübarizə aparmasına imkan yaradırdı.

Ümummilli lider Heydər Əliyevin diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi istiqamətində atmış olduğu ən ciddi addımlardan biri 2001-ci ilin noyabr ayında Bakıda Dünya Azərbaycanlıların Birinci Qurultayının keçirilməsi barədə tarixi sənədə imza atması oldu. Heydər Əliyevin imzalamış olduğu sərəncam əsasında 2001-ci il, noyabr ayının 9-10-da Dünya Azərbaycanlıları Bakıda Birinci Qurultay keçirdilər. Heydər Əliyevin də birbaşa iştirakı ilə keçirilən həmin qurultay Azərbaycan dövlətinin müstəqillik illərində diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi sahəsində atdığı ən mühüm addım, tarixi hadisə idi. Qurultaydan dərhal sonra, 2002-ci il, iyul ayının 5-də ümummilli lider Heydər Əliyevin imzalamış olduğu müvafiq fərman əsasında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi prosesinin yeni bir mərhələyə qədəm qoymasından xəbər verirdi. Sözügedən Dövlət Komitəsinin yaradılması diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyinin bundan sonra koordinasiyalı şəkildə həyata keçiriləcəyi reallığını ortaya qoymaqla yanaşı, xaricdə yaşayan azərbaycanlıların, diaspor nümayəndələrinin bundan sonra bir istinad nöqtələrinin olacağını təsdiqləyirdi.

Fəaliyyətə başladığı gündən ayrı-ayrı ölkələrdə mövcud olan diaspor təmsilçilərinin təşkilatlanması, onların koordinasiyalı şəkildə fəaliyyət göstərməsi istiqamətində çalışan adıçəkilən Dövlət Komitəsi ötən illərdə onlarla yeni-yeni diaspor təşkilatlarının yaranmasına nail olub ki, bu gün həmin diaspor təşkilatları Azərbaycan diasporunun əsas hərəkətverici qüvvəsi olaraq aktivdirlər. Məhz onların uğurlu fəaliyyəti nəticəsində xarici ölkələrdə erməni yalanları ifşa olunub, düşmən ölkənin antiAzərbaycan təbliğat maşını sıradan çıxarılıb.

Süleyman İsmayılbəyli

Yazı Azərbaycan Respublikasının Medianın  İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31