UNESCO-nun özünü fakt qarşısında qoya bilərik...
8 İyul 2022 15:00 Siyasət"Hələ sovet dövründən İrəvan şəhərinin orta əsrlərə aid tarixi hissəsinin dağıdılması üçün ən müxtəlif metodlara əl atan ermənilər bu işi müstəqillik dövründə daha qəddar şəkildə davam etdirirlər".
Bu sözləri Olaylar.az-a açıqlamasında AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə deyib.
![]()
"İrəvan şəhərinin tarixi abidələrinin dağıdılması, yenidən bərpa adı altında dəyişdirilərək erməniləşdirilməsi Ermənistanın nəinki Azərbaycan xalqının, ümumilikdə bəşəriyyətin mədəni irsinə münasibətinin göstəricisi, XXI əsrdə vandalizmin açıq- aşkar nümunəsidir. Tarixi İrəvan qalasını, İrəvan məscidlərini yerlə-yeksan edən ermənilər, dağıda bilmədikləri tək-tək nümunələrdən daha məkrli məqsədlər uğrunda istifadə etməyə çalışmışlar.
XVII əsrin tarixi memarlıq abidəsi sayılan Zal xan məscidi İrəvan şəhərinin indiki Respublika Meydanı adlandırılan mərkəzi hissəsində - Abovyan küçəsi 14 ünvanında yerləşmişdi. 1926-cı ildə məscidin böyük zalı dağıdılmış, erməni memarı Nikolay Bünyatyanın müəllifliyi ilə burada "Yeravan" oteli (İnturist oteli) inşa edilmişdi. Müstəqilliyin elan edilməsindən sonra otel bir italyan şirkətinə satılmış, 1999-cu ilə qədər aparılan bərpa işləri zamanı ərazidə məscidin varlığından xəbər verən bütün izlər silinmişdi. 2009-cu ildə burada bir daha yenilənmə işləri aparılmışdı. Zal məscidinin yerində inşa edilmiş otel hazırda "Royal Tulip Grand Hotel Yerevan" adlanır.
İrəvan şəhərində Hacı Cəfər bəy tərəfindən XX əsrin əvvəllərində inşa etdirilmiş Çətirli (Dəmirbulaq) məscidi isə 1988-ci ilin fevralında ermənilər tərəfindən yandırılmışdı. Məscid Myasnikyan rayonunun Nərimanov küçəsi - 145 (hazırda Vardanans küçəsi) ünvanında yerləşirdi. Sonradan xarici jurnalistlərə ermənilərin azərbaycanlılara qarşı xoşməramlı münasibət göstərdiklərini nümayiş etdirmək məqsədilə Dəmirbulaq məscidinin yanmış divarları ermənilər tərəfindən rənglənmişdi . Ermənistanın vandalizm siyasətinin hədəfində təkcə iri memarlıq tikililəri, abidələr deyil, həm də kiçik pirlər, ocaqlar da olmuşdur. 1988-ci ildə baş verən qarışıqlıqlardan sonra İrəvan şəhərinin Nar-Dos küçəsində yerləşən "Həzrət Abbas ocağı" piri dağıdıldı, Saxarov meydanı (keçmiş Əzizbəyov meydanı) adlandırılan meydanın arxasında Tumanyan küçəsində yerləşən mədrəsə yaşayış evinə çevrilmişdir və faktiki olaraq tarixi abidə kimi qorunmur".
Politoloq Asif Nərimanlının sözlərinə görə Azərbaycanın maddi-mədəni irsinin ermənilər tərəfindən məhv edilməsi həm işğal dövründə Qarabağda, həm də ötən əsrin əvvəlində Ermənistanın qurulduğu tarixi torpaqlarımızda həyata keçirilib:
![]()
"İşğal dövründə Azərbaycanın bununla bağlı ədalətli kampaniyasına beynəlxalq ictimaiyyət tərəfindən laqeyd münasibət var idi. 44 günlük müharibədə işğala son qoyulduqdan sonra Qarabağda ortaya çıxan faktlar beynəlxalq ictimaiyyəti də fakt qarşısında qoydu. Təkcə maddi-mədəni abidələr yox, şəhərlər, yaşayış məntəqələri yer üzündən silinib. Azərbaycanın müharibədən sonra bölgəyə beynəlxalq nümayəndələrin iştirakı ilə təşkil etdiyi səfərlər faktların dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı. Artıq bu faktlar qarşısında erməni lobbisinin təsiri ilə laqeyd münasibət sərgiləyən beynəlxalq təşkilatlar əvvəlki münasibəti sərgiləyə bilməyəcəklər. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Ermənistan ərazisindəki maddi-mədəni irsimizin taleyini gündəmə gətirmək imkanlarımız da genişlənib, artıq bununla bağlı UNESCO-ya edilən müraciət prosesin başlandığını deməyə əsas verir.
Bu müraciət imkan verir ki, Azərbaycan mədəniyyətinə və tarixinə qarşı da erməni vandalizmi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılsın, bununla yanaşı, UNESCO-nun özünü də fakt qarşısında qoya bilərik. Çünki bu təşkilat işğal dövründə bizim çağırışlarımıza rəğmən Qarabağa missiya göndərməkdən imtina edirdi. İşğala son qoyulduqdan sonra isə təşkilatın özü missiya göndərmək istədiyini bildirdi və burada məqsədlərinin qondarma "erməni irsini qorumaq" olduğu da bəllidir. Azərbaycan UNESCO-ya göstərir ki, təkcə işğal dövründə Qarabağda yox, həm də bu gün Ermənistanın yerləşdiyi torpaqlarda Azərbaycanın maddi-mədəni irsinə qarşı vandalizm törədilib. Bu, UNESCO missiyasının qeyri-obyektiv hesabat hazırlamasının qarşısını almağa kömək edə, ən azı Azərbaycanın əlini gücləndirə biləcək amildir.
Bütün bunlarla yanaşı, Ermənistan ərazisində maddi-mədəni irsimizin məhv edildiyi faktını beynəlxalq səviyyədə gündəmə gətirməklə bu torpaqların - İrəvanın, Zəngəzurun, Göyçənin Azərbaycanın tarixi ərazisi olduğunu beynəlxalq səviyyədə aktuallaşdıra bilərik. Bu, həm Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasına, sülh sazişinin bizim tələblərimiz çərçivəsində imzalanmasına şərait yarada, həm də gələcəkdə azərbaycanlıların öz evlərinə qayıda bilməsinin bazasını formalaşdıra bilər. Çünki Azərbaycan münasibətlərin düzəlməsindən sonra soydaşlarımızın öz evlərinə qayıdıb orada yaşaması məsələsini də gündəmə gətirə bilər, xüsusilə Zəngəzur bölgəsinə qayıdış perspektivi heç də utopiya kimi qəbul olunmamalıdır".
Röyalə Xəyal