Sergey Lavrovun Bakı səfəri...

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya gəlməkdə məqsədi nədir?  Bu səfər nələri vəd edir? Xatırladaq ki,S. Lavrov Azərbaycandan öncə Ermənistan və İrana da səfər edib. 

Məsələ ilə bağlı politoloqlarla həmsöhbət olduq.

Elşən Manafov - politoloq:

-Lavrovun Bakıya olan işgüzar səfəri bu ilin fevralında Azərbaycan və Rusiya arasında imzalanmış müttəfiqlik münasibətləri barədə müqavilədən sonra Moskva və rəsmi Bakı arasında yüksək səviyyədə keçiriləcək ilk publik və rəsmi görüş olacaq. Məlumdur ki, həmin müqavilənin imzalanmasından sonra Rusiya və Qərb arasında dünyanın yeni konfiqurasiyasi ilə bağlı məsələlər ətrafinda kəskin qarşıdurma başlanmışdır. Dünyanın yeni nizamının müəyyən edilməsi ilə bağlı geosiyasi səciyyə daşıyan bu qarşıdurmada Moskvaya rəsmi Bakının mövqeyinə aydınlığın gətirilməsi ilə bağlı bu görüşün ciddi əhəmiyyəti var. Bundan əlavə Ermənistana qarşı aparılan 44 günlük savaşda əldə edilən qələbədən sonra Cənubi Qafqaz və onun ətrafinda yeni geosiyasi reallıqlar yaranmışdır, təbii ki, bu reallıqların gerçək səbəbkarı olan Azərbaycanla regional təhlükəsizlik problemlərinin həllində əməkdaşlıq Moskva üçün böyük əhəmiyyət kəsb edir. Lavrov Bakıya işgüzar səfərə Tehranda keçirdiyi danışıqlardan sonra gəlir, keçən həftə isə o Ermənistandakı həmkari ilə görüşmüş və bölgədə regional təhlükəsizliyin təmin edilməsi ilə bağlı danışıqlar baş tutmuşdur. Rusiya bölgədə Ərdoğan və Əliyev tərəfindən irəli sürülmüş "3+3" formatında  əməkdaşlığın da tərəfdarıdır, bu müzakirələrin də region dövlətlərin  liderləri ilə aparılması Rusiyanın regional maraqları baxımından anlaşılandır. Nəhayət Rusiya  iki  il  əvvəl Bakı  və  İrəvan  arasındakı müqavilədə   moderator rolunda çıxış etmişdir, ona görə də qarşı duran tərəflər arasında münasibətlərin müasir və perspektiv durumu  üçün məsuliyyət daşıyır, tərəflər arasında sərhədlərin yeni deninsifikasiyasi ilə bağlı müzakirələrdə Rusiyanın regional maraqlarının nəzərə alınması Rusiya üçün prioritet əhəmiyyət kəsb edir, ən başlıcası isə Rusiya region dövlətləri ilə münasibətlərində özünün regional təhlükəsizlik maraqlarından   çıxış edərək Xəzərin hüquqi statusunun müəyyən  olunmasında olduğu kimi bölgəyə 3-cü tərəfin, yəni region dövləti olmayan tərəfin, konkret desək NATO qüvvələrinin yerləşdirilməsinin əleyhinə çıxış edir. Ukrayna ilə müharibənin gedişatında Rusiyanin özünün Xəzərdəki hərbi donanmasından Ukraynadakı hərbi obyektləri hədəfə alması və vurması Rusiyanın Cənubi Qafqaza can atan Qərbə, o cümlədən  region dövlətlərinə hərbi konteksdə əzələ nümayişi kimi qəbul olunmalıdır.

Fikrət Sadıqov-politoloq:

- Rusiya çox çətin və mürəkkəb bir vəziyyətə düşüb. Çünki Ukrayna ilə müharibə davam edir, qan tökülür, itkilər verilir, Rusiyaya qarşı artıq 6-cı sanksiya  paketi tətbiq edilib. Əlbəttə, bu Moskvanı narahat etməyə bilməz. Düşünürəm ki, hazırda  onların əsas məqsədi partnyorlarını sınaqdan keçirməkdir. Yəni, müəyyən dərəcədə görünür ki, Lavrovun məqsədlərindən biri Bakını bu münaqişəyə, ümumi vəziyyətə rəyini, mövqeyini öyrənməkdir. Azərbaycan isə çox  peşəkarlıqla, incə şəkildə öz diplomatik addımlarını  bu istiqamətdə atır. Biz  Ukraynanın  ərazi bütövlüyünü tanıyırıq, bütün beynəlxalq meydanlarda  bunu açıq şəkildə bəyan edirik, amma təbii ki, Rusiya ilə münasibətlərimizi qırmaq fikirində deyilik. Bu ilin fevral ayından sonra-dövlət başçıları tərəfindən birgə deklorasiya imzalandıqdan sonra yüksək səviyyədə  görüşlər keçirilmir. Təbii ki, Moskvanı Cənubi Qafqazda vəziyyət maraqlandırır, Azərbaycanın Ermənistanla sülh sazişinin imzalanması məsələsi müzakirə olunacaq, sərhədlərin delimitasiya məsələləri gündəmdə olacaq və  digər tərəfdən Moskvanı narahat edən başqa bir məqam da var. Bu məqam da Avropa İttifaqının  vasitəçilik rolu, yəni nə dərəcədə Avropa bu münaqişənin həllində maraqlıdır, Brüssel tərəfindən hansı addımlar atılır və Rusiyanın burada rolu azalıbmı? Mənə elə gəlir ki, Moskvanı bu məsələlər çox narahat edir və maraqlandırır. Azərbaycanın bu məsələdə mövqeyi kifayət qədər şəffafdır. Biz prinsipial mövqeyimizi  bildirərək, heç bir iri oyunçuların vasitəçiliyindən imtina etmirik, o cümlədən də Avropa İttifaqından. Əgər Moskva sülh sazişinin tezliklə imzalanmasına nail olmaq istəyirsə, Ermənistana müəyyən təyziqlər göstərsin, Ermənistan bu istiqamətdə düzgün addımlar atsın . Bizə onlar tərəfindən hansısa bir yardım, güzəşt lazım deyil, buna heç  ehtiyacımız yoxdur.

Mehriban Xəlilli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31