Yüksək səviyyəli Azərbaycan-Özbəkistan əməkdaşlığı

Samir Abbasov: "Azərbaycan və özbək xalqları arasında əlaqələrin tarixi qədim dövrlərə təsadüf edir"

Həftəyə damğasını vuran mühüm hadisələrdən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana baş tutan dövlət səfəri oldu. İki gün davam edən səfər həm Bakı, həm də Daşkənd üçün bütün parametrlər üzrə yaddaqalan və əlamətdar oldu desək yanılmarıq. Bunu səfər zamanı iki tərəf arasında imzalanan sənədlər, eləcə də dövlət başçılarının mətbuata verdiyi açıqlamalarda səsləndirdiyi fikirlər də təsdiqləyir.
Azərbaycan Prezidentinin Özbəkistan səfəri siyasi, iqtisadi, ticari, eyni zamanda hərbi sahədə əməkdaşlığı genişləndirib Bakı-Daşkənd əlaqələrini yeni bir mərhələyə çatdırmaqla yanaşı, həm də mədəni sahədə Azərbaycan və özbək xalqları arasında bağları bir-birinə daha sıx bağlayacaq, bu sahədə əlaqələri daha da inkişaf etdirəcək. Bu mənada Azərbaycan dövlət başçısının Özbəkistanın əsas mədəniyyət bölgələri sayılan Xarəzm, Xivə, Ürgənc vilayətlərinə səfərləri də təsadüfi deyildi. Dövlət başçısı özbək həmkarı Şavkat Mirziyoyev tərəfindən təşkil edilən qəbulda çıxışı zamanı mədəniyyət sahəsində əməkdaşlığa diqqət çəkərək deyib: "Bir daha gördüm ki, xalqlarımız bir-birinə nə qədər yaxındır. Mədəniyyətimiz, incəsənətimiz, ümumiyyətlə, xalqlarımızın kökləri birdir. Bu gün Azərbaycan dilində oxunan mahnılar, nəğmələr sanki Azərbaycan müğənniləri tərəfindən ifa olundu. Heç bir ləhcə, şivə yoxdur. Bu, nəyi göstərir? Xalqlarımızın birliyini. Siz Türk mədəniyyətimizi tərənnüm edən ifaçılar, sənətkarlar və mədəniyyət ustadları bizim fəxrimizsiniz".
Elə Özbəkistan prezidenti  Şavkat Mirziyoyev də iki ölkə arasında mədəni sahədə əlaqələrə xüsusi diqqət ayıraraq vurğulayıb: " iqtisadiyyat, siyasət vacibdir, lakin bizi birləşdirən əsas dəyər mədəniyyətdir. Düşünürəm ki, bizləri birləşdirən möhkəm vasitə mədəniyyətdir. Biz razılaşdıq ki, heç olmasa üç aydan bir qarşılıqlı səfərlər reallaşdıraq, gediş-gəlişi artıraraq mədəni birliyimizi yeni müstəviyə qaldıraq".
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycanla Özbəkistan arasında mədəni-ədəbi əlaqələrdən danışarkən bu əlaqələrin yüksək səviyyədə olduğunu bildirməklə yanaşı, həm də onu qeyd edib ki,  Azərbaycan dövlət başçısı İlham Əliyevin bu ölkəyə səfəri qeyd edilən istiqamətdə ölkələrarası əməkdaşlığı irəli aparacaq, bu əlaqələrin daha da inkişafına yeni-yeni imkanlar yaradacaq:  "Azərbaycan və özbək xalqları arasında əlaqələrin tarixi qədim dövrlərə təsadüf edir. Əsasən də "Böyük İpək" yolu üzərindən başlanan bu əlaqələr xalqlarımız arasında xüsusilə sənətkarlıq, ticarət, iqtisadi sahədə əməkdaşlığın inkişafına yol açmışdı. Orta əsrlərdə Özbəkistanın tarixi şəhərləri olan Səmərqənd, Buxara, Xivə, Azərbaycanın isə Bakı, Şamaxı, Gəncə, Naxçıvan şəhərləri arasında geniş əlaqələr olub.  Şəhhərlərimizin karvan yolları üzərində yerləşməsi bu əlaqələrin daha da inkişaf etməsinə öz töhfəsini verib. Mədəniyyət sahəsində də kifayət qədər geniş əlaqələrimiz olub və bu gün də həmin əlaqələr yüksələn xətlə inkişaf edir. Məşhur özbək şairi Əlişir Nəvainin dahi Azərbaycan şairi Nizami Gəncəviyə böyük rəğbəti olub. Hətta Nəvai öz əsərlərində Nizami Gəncəviyə xüsusi nəzirələr yazıb, onu öz ustadı kimi tərif edib. Təsadüfi deyil ki, Əlişir Nəvai öz "Xəmsə"sini məhz Nizami Gəncəvinin "Xəmsə"si əsasında yaratmışdı. Sonrakı illərdə isə Məhəmməd Füzulinin Əlişir Nəvai yaradıcılığından ilhamlanaraq əsərlər yaratdığı qeyd edilir".
Samir Abbasov qeyd edib ki, ötən əsrin əvvəllərində azərbaycanlıların Mərkəzi Asiyanın, Türküstanın həyatında aktiv iştirakı, Azərbaycan maarifçilərinin burada böyük rola malik olmaları, "Molla Nəsrəddin" jurnalının Mərkəzi Asiyada geniş yayılması və jurnalın bu regionda xüsusi nömrələrinin buraxılması mədəni əlaqələrin inkişafına müsbət təsir göstərib: "Teatr sahəsində də ikitərəfli əlaqələrimiz xeyli inkişaf edib. Ümumiyyətlə, ötən əsrin əvvəllərində Azərbaycan mədəniyyəti Özbəkistanda, indiki Türküstan ərazisində daha geniş yayılmışdı.  "Leyli və Məcnun", "Arşın mal alan" kimi tamaşalarımız dəfələrlə Özbəkistanda Türküstanda səhnəyə qoyulub. Onu da qeyd edim ki, əsrin əvvəllərində Azərbaycan və özbək xalqları dil baxımından bir-birinə daha yaxın idilər. Sonradan, sovetlərin zamanında dilimizə xeyli yabançı sözlər daxil oldu və nəticə etibarilə Azərbaycan və özbək dilləri arasında fərqlər artdı". Samir Abbasov vurğulayıb ki, Azərbaycan və özbək xalqları dil, din, adət-ənənə baxımından bir-birinə kifayət qədər yaxındır. Mərkəz rəhbəri onu da bildirib ki, sovetlərin zamanında, xüsusilə ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə Bakı ilə Daşkənd arasında əlaqələr daha da inkişaf etdi: "Həmin illərdə hər iki ölkədə mədəniyyət günləri, sənət dekadaları keçirilirdi ki, həmin tədbirlərdə də hər iki respublikanın tanınmış mədəniyyət xadimləri iştirak edirdi. Məsələn, Azərbaycanın məşhur müğənnisi, xalq artistimiz Zeynəb Xanlarova Özbəkistanın xalq artisti adına layiq görülmüşdü. Yaxud, özbək şairi Zülfiyyə Azərbaycanda keçirilən mədəniyyət dekadası çərçivəsində özbək nümayəndə heyəti ilə Azərbaycanın Lənkərən şəhərinə səfər edib və orada ona Lənkəran şəhərinin fəxri vətəndaşı adı verilib. Belə faktlar kifayət qədərdir. Bir başqa misalı qeyd edim ki, Azərbaycan şairi Səməd Vurğun ilə özbək şairi Qafur Qulam arasında yaxın dostluq əlaqələri olub. Eləcə də Xəlil Rza Ulutürklə özbək ədəbiyyatının görkəmli nümayəndələri arasında əlaqələr inkişaf edib. Azərbaycanda da özbək ədəbiyyatına hər zaman böyük sevgi olub. Eyni ilə qarşı tərəfdən də Azərbaycan ədəbiyyatına anoloji münasibət sərgilənib".
Samir Abbasov deyib ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi səviyyəsində son illərdə iki ölkı arasında mədəni-ədəbi əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində çoxsaylı layihələr həyata keçirilir: "Bu işlər hazırda da davam edir. Məlumat üçün qeyd edim ki, Mədəniyyət Mərkəzinin həyata keçirdiyi layihələr əsasında Azərbaycan klassiklərinin 97 adda əsərləri özbək dilinə tərcümə olunaraq bu ölkədə nəşr edilib. Dahi Nizami Gəncəvinin "Xəmsə"si Özbəkistanın xalq şairi Camal Kamal tərəfindən özbək dilinə tərcümə edilərək nəşr olunub. Hər iki ölkənin Dilçilik İnstitutunun iştirakı ilə Azərbaycan-özbək, özbək-Azərbaycan lüğəti hazırlanaraq nəşr edilib. Çoxsaylı dahi şairlərimiz, Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif kimi şairlərimizin şerləri özbək dilinə tərcümə olunmuşdur. Eyni zamanda müasir dövr Azərbaycan antologiyası nəşrləri çap edilib. Paralel olaraq Azərbaycanda da bu istiqamətdə kifayət qədər işlər həyata keçirilir. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycanın paytaxtı Bakı şəhərində dahi özbək şairi Əlişir Nəvainin heykəli ucaldılıb. Eyni zamanda paytaxtın küçələrinə Özbəkistan, həmçinin dahi şair Mirzə Uluq bəyin adı verilib. Eyni ilə də Özbəkistanda Bakı, Səməd Vurğun küçəsi mövcuddur və Maxsud Şeyxzadənin heykəli ucaldılıb. Nizami Gəncəvinin adını daşıyan Daşkənd Pedoqoji Universiteti bu ölkənin ən nüfuzlu təhsil ocaqlarındandır. Daşkənd Dövlət Pedoqoji Universitetinin bazasında isə Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyəti fəaliyyət göstərir ki, bu da Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq edir. Ümumiyyətlə, mərkəz olaraq ikitərəfli mədəni-ədəbi əlaqələrin inkişaf etdirilməsi istiqamətində müxtəlif səpkili tədbirlər həyata keçiririk. Məlumat üçün qeyd edim ki, hər il Özbəkistanın şəhərlərində Azərbaycanın mədəniyyəti və ədəbiyyatı günləri keçirilir. Xarəzm, Fərqanə, Sırdərya vilayətində, eləcə də digər şəhərlərdə Azərbaycan ədəbiyyatı və mədəniyyəti günləri keçirilib. Həmin mədəniyyət günlərində Azərbaycan sənətçiləri, musiqiçiləri ilə yanaşı alimlər, elm adamları da iştirak edir ki, onlar da iki ölkə arasında elmi sahənin inkişaf etdirilməsinə yönəlik konfranslara, seminarlara qatılırlar. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, Özbəkistanla Azərbaycan arasında mədəni-ədəbi sahələrdə əməkdaşlıq ən yüksək səviyyəyə qaldırılıb. Bir faktı da qeyd etmək yerinə düşər. Belə ki, Azərbaycanda keçirilən Beynəlxalq Muğam Festivalında özbək musiqiçiləri də iştirak edib. Eyni zamanda Şuşada keçirilən Xarı Bülbül musiqi festivalına Özbəkistanın məşhur "Bahar" rəqs ansamblı da qatılıb. Azərbaycan dövlət rəqs ansanblının  kollektivi isə Xarəzmdə Xivə şəhərində keçirilən beynəlxalq rəqs festivalında iştirak edərək qalib gəlib. İki ildən bir keçirilən Şərq təranələri musiqi festivalında  həmişə Azərbaycan sənətçilərinin aktivliyi müşahidə edilib və ilk festivalın qalibi də məhz Azərbaycan Respublikasının xalq artisti Simarə İmanova olub. Daha sonra isə Azərbaycanın tanınmış sənətçiləri, muğam ustamız Alim Qasımov həmin festivalda Qran-Piri mükafatına layiq görülüb. Ümumiyyətlə, həmin festivalda hər dəfə Azərbaycan musiqiçiləri yüksək mükafatlara layiq görülüblər. Çünki zəngin musiqi ənənələrimiz Özbəkistanda, Mərkəzi Asiyada çox sevilir".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31