Azərbaycanda dövlət-din münasibətləri sağlam dayaqlar üzərindədir

"Azərbaycanda din-dövlət münasibətləri hər zaman prioritet olmuşdur və ölkəmizdə dini dəyərlərə böyük diqqət və qayğı ilə yanaşılır. Mənəvi dəyərlərin qorunması və təbliği hər zaman öncül xarakter almışdır".

Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib:

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məhz dövlət-din münasibətlərinin inkişaf  etdirilməsi istiqamətində mühüm addımlar atmışdır. Eyni zamanda, birinci vitse-prezident Mehriban xanım Əliyeva da hər zaman dinə diqqət və qayğı ilə yanaşdığını nümayiş etdirmişdir. Heydər Əliyev Fondu tərəfindən məscidlərin təmir olunması və dinə dövlət qayğısının göstərilməsi ölkəmizdə geniş vüsət almışdır. Xüsusilə qeyd etmək lazımdır ki, cənab Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva işğaldan azad olunmuş Ağdama səfər edərkən, Ağdam məscidini ziyarət etdilər. Onların davranışları və dinimizə böyük hörmət və ehtiramla yanaşmaları hər kəsin gözünün qarşısında idi. Bundan əlavə digər nümunələr də vardır ki, məhz dövlət başçısı tərəfindən dinimizə böyük hörmət və qayğı kimi dəyərləndirilir.

Azərbaycan multikultural dövlətdir və islam dini ilə yanaşı digər dinlərin nümayəndələrinə də dövlət qayğısı hiss olunur. Ölkəmizdə kilsələr, sinaqoqlar mövcuddur və insanlar rahatlıqla öz ibadətlərini icra edirlər. Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycanda olan dövlət-din münasibətləri dünyada örnək kimi göstərilir. Azərbaycanın multikulturalizm və tolerantlıq dəyərləri dünyada müxtəlif universitetlərdə tədris olunur və hər zaman Azərbaycan birgə yaşayışın mərkəzi kimi qiymətləndirilir. Yeni geosiyasi reallıqlar kontekstində də bu siyasətin davam etdirilməsi mühüm amildir. Çünki Azərbaycan ərazisində yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası prosesində də bu amillər mütləq nəzərə alınır və Ermənistan dövləti bu amilləri də qabardaraq ölkəmizə qarşı istifadə etsə də, yetərsiz olur.

Eyni zamanda, Vətən müharibəsində müxtəlif dinə ibadət edən Azərbaycan vətəndaşlarının vahid ideya, amal uğrunda birləşmələri müşahidə olundu. Hər kəs Ali Baş Komandanın yanında idi və Azərbaycan torpaqlarının düşmən işğalından azad olunması prosesində misli görünməmiş həmrəylik və birlik yaşandı. Bunun nəticəsində Azərbaycan tarixi qələbə qazandı. Bu gün bu qələbə bizim üçün çox əzizdir və doğmadır. Lakin müharibənin nəticələri təhlil olunduqda, yenidən buna nəzər salındıqda, analitik yanaşma ilə proseslərə baxdıqda, bir sıra komponentlərin olduğunu görə bilərik. Burada dövlət-din münasibətlərinin sağlam dayaqlar üzərində dayanması nəzərə çarpır və düşünürəm ki, bu siyasətin gələcək dövrlərdə də davam etdirilməsi gözlənilir".

Politoloq  Aydın Quliyevin sözlərinə görə, müasir Azərbaycanda din-dövlət sahəsində aparılan siyasəti 3 başlıca istiqamətdə şərti olaraq qruplaşdırmaq mümkündür:

"Birincisi, din-dövlət münasibətlərinin müasir sivil dövlətçilik prinsipləri baxımından qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi. Bu proses 1990-cı illərin əvvəllərində başlasa da, 90-cı illərin ortalarında daha da aktivləşdi və intensivləşdi. Son dövrlərdə isə din-dövlət münasibətlərinin tənzimlənməsi sahəsində bir sıra yeni qanunvericilik aktları qəbul olundu və mövcud qanun aktlarında bəzi dəyişikliklər edildi. Müəyyən rəsmi dövlət strukturları yaradıldı. Bu rəsmi dövlət strukturlarının formalaşma prinsipləri daim yenilənir, onların səlahiyyətləri ən optimal variantlarda idarə olunur, artırılır, azaldılır və s.

İkinci istiqamət ölkədə dini ayinlərin icrası sahəsində, dini ayinlərə əməl edilməsi istiqamətində insanların sərbəst, azad və maneəsiz hərəkətlərinə, fəaliyyətinə şəraitin yaradılmasıdır. Burda kimin hansı dinə inanmasından asılı olmayaraq, hər kəs üçün bərabər şəraitin yaradılması əsas vəzifədir. İstər müsəlman olsun, istər xristian və yaxud da ki, yəhudi və digər dinlərə inananlar, onların hər birinin dini ayinlərin praktik əməl olunması və icrasına imkan verən tam və mükəmməl şəraitin yaradılması bu istiqamətdə əsas vəzifələrdən biri kimi həll olunub. Həqiqətən də indi heç kim irad tuta bilməz ki, müsəlmana və ya xristiana öz dini ayinlərini icra etməsi yolunda hər hansı maneə yaradılır. Ümumiyyətlə Azərbaycanda bu təzahürlərdən danışmaq mümkünsüzdür.

Üçüncü, ölkədə dini sərbəstlikdən və dini azadlıqdan siyasi məqsədlərlə istifadənin və dini inancların radikallaşdırılması və müxtəlif ekstremist təmayüllərə çevrilməsinin qarşısının alınması sahəsindəki fəaliyyətdir. Burada məsələnin olduqca prinsipial və dövlət, milli təhlükəsizlik amilləri ilə bağlı olduğunu hər kəs başa düşür və buna görə də bu yöndə dövlətin apardığı siyasətin əhəmiyyəti xüsusilə də cəmiyyət tərəfindən anlaşılır və qəbul olunur.

Bəlkə də dünyada sivil və dünyəvi dövlətlərin içərisində Azərbaycan yeganə və yaxud da, bir neçə ölkənin sırasında olar ki, bu ölkədə bütün dövlət idarəçiliyinin sivil qaydalar və sivil strukturlar əsasında aparılmağına baxmayaraq, dini azadlıqlara və dini proseslərə hər hansı bir formada qəsd edilmir və onlar məhdudlaşdırılmır. Bu Azərbaycanın unikal dövlət modelinin bariz xüsusiyyətidir. Hansı ki, onun da əsası tolerantlıq, ən müxtəlif dinlərdən və mədəniyyətlərdən olan insanların praktik birgə yaşayışının təmin olunmasıdır.

Göstərilən dövlət siyasətinin dini azadlıqlar sahəsində aparılan siyasətin göstərilən istiqamətlərinin hər birinə aid saysız konkret faktlar göstərmək mümkündür. İstər Azərbaycanda islam dini abidələrinin təmir olunması, yenilərinin tikilməsi sahəsində həm dövlət işlər görür, həm də ölkənin ən böyük qeyri-hökumət təşkilatlarından biri sayılan Heydər Əliyev Fondunun xətti ilə bu yöndə maraqlı işlər həyata keçirilir. Bu işlər cəmiyyətin gözü qarşısındadır və insanların dini inancları üçün daha yaxşı şəraitin təmin olunmasına yönəldilib. Ölkənin demək olar ki, ən ucqar yaşayış nöqtələrində dinindən asılı olmayaraq bütün toplumlar üçün imkan daxilində dini abidələr, ibadətgahlar yaradılır, mövcud ibadətgahların təmir olunması işi həyata keçirilir və s.

Bir sözlə, Azərbaycanda din-dövlət siyasətinin artıq bir modelə çevrildiyini və bunun oxşar ölkələrdə çox perspektivli bir model kimi qəbul olunmasını, oluna biləcəyini söyləmək mümkündür".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31