İranın Azərbaycanla olan qeyri-səmimi qonşuluğu

Azərbaycan bir qayda olaraq öz yaxın qonşuları ilə normal əməkdaşlıq mühiti yaradaraq ikitərəfli əlaqələri inkişaf etdirmək istiqamətində addımlar atsa da, lakin rəsmi Bakının səmimi və etibarlı tərəfdaşlıq mövqeyindən zaman-zaman sui-istifadə hallarına yol verilib. Düzdür, bu kimi münasibətlər sırf həmin ölkənin dövlət siyasəti olmasa da, lakin Azərbaycanla münasibətləri korlamağa, hətta gərginləşdirməyə çalışan həmin dairələr bu və ya digər ölkələrin dövlət qurumlarında mühüm mövqelərə malik olublar. Necə ki, cənub qonşumuz İranda olduğu kimi.
Bu bir danılmaz faktdır ki, zaman-zaman İranda müxtəlif postları tutan ayrı-ayrı şəxslərin Azərbaycana qarşı açıq-aşkar təxribatçı hərəkətələrini müşahidə etmişik. Sabiq İran prezidenti Mahmud Əhmədinecata qədər hətta İranda dövlət səviyyəsində Azərbaycana qarşı təxribatlar və kampaniya həyata keçirilib. Hələ bir xeyli müddət əvvəl İranın rəsmi kütləvi informasiya vasitələrində bu ölkədə yaşayan soydaşlarımızın həşərata bənzədilməsi fonunda İrandakı ayrı-ayrı dairələrin Azərbaycana qarşı heç də xoş olmayan münasibəti özünü göstərirdi. 
Din təəssübkeşliyi, İslam həmrəyliyindən tez-tez danışan, bunu özünə şüar edən İran təəssüflər olsun ki, öz əməli ilə sözünün üst-üstə düşmədiyini də yaxın tariximizdə ortaya qoyub. Əksər müsəlman ölkələri Azərbaycan ərazilərinin Ermənistan tərəfindən  işğalına etiraz əlaməti olaraq İrəvanla iqtisadi və digər əlaqələri kəsdiyi halda, İran Ermənistanla işğaldan əvvəlki illərdən daha çox əlaqələr qurmağa, hətta ikitərəfli əməkdaşlığı Azərbaycanın işğal edilmiş ərazilərinə daşımağa maraq göstərib. Tehranla İrəvan arasında Qarabağda qeyri-qanuni fəaliyyətlərə dair kifayət qədər məlumatlar var ki, həmin məlumatların açıqlanması cənub qonşumuzun bizə qarşı nə dərəcədə "səmimiliyini" təsdiqləyir. Hətta bu məlumatların açıqlanması İranı tamamilə ifşa edə bilər.
Ümumiyyətlə, Ermənistanın 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlamasında İranın işğalçıya kifayət qədər dəstəyi olub. Ermənistanın nəfəsliyi rolunu oynayan İranın müsəlman bacı-qardaşlarını öldürən xristiana dövlətinə hərtərəfli dəstəyi məhz işğal faktının 30 ilə yaxın davam etməsinə imkan yaradıb. 
İşinə yaramayanda İslam təssübkeşliyindən kənara çıxaraq dinimizə qarşı yönəlmiş bütün təhdid və təhqirləri görməməzlikdən gələn İran ermənilərin 30 il ərzində Qarabağdakı dini-mədəni abidələr, məscidləri təhqir etməsi, ibadət məkanlarını donuz fermasına döndərməsinə də təəssüf ki, səssiz qaldı. 
İranın Azərbaycana qarşı heç də xoş olmayan münasibəti bütün parametrlərdən aydın hiss olunub. Cənub qonşumuzun əhalisinin böyük bir hissəsini soydaşlarımız, azərbaycanlıların təşkil etməsinə baxmayaraq, İran onların heç bir hüququnu tanımır, müntəzəm olaraq güneyli soydaşlarımız təqiblərə, təzyiqlərə, işgəncələrə məruz qalırlar. Azərbaycanlılardan qat-qat az olan İran erməniləri isə bu ölkədə kifayət qədər geniş hüquqlara malikdir, onlara hər cür şərait yaradılır.
Bütün bunlar onu deməyə əsas verir ki, cənub qonşumuz hər zaman yaxınlığında güclü bir Azərbaycan dövlətinin varlığından ehtiyat edib, ona qısqanclıqla yanaşıb. Bu qısqanc münasibət özünü 44 günlük Vətən müharibəsi günlərində, eləcə də ondan sonrakı proseslər zamanı açıq göstərdi. Vətən müharibəsi günılərində İran Ermınistana hərbi dəstək göstərməkdən belə çəkinmədi, bu ölkədən günlərlə Ermənistana silah-sursatlar daşındı. 
Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini sanki özünə qarşı təhdid, təhlükə hesab edən İran 100 minlik ordusunu Azərbaycanla sərhədə cəmləyərək Bakı ilə müharibə hazırlıqlarına belə başladı.  Ərdəbil imam cüməsi Seyid Həsən Amilinin Azərbaycana şirin quyruğu ilə oynamamağı tövsiyə etməsi də əslində İran dövlətinin mövqeyi idi. Çünki Həsən Amili heç də sıradan biri deyil və İranın dini liderinin rəsmi nümayəndəsi sayılır. 
Görünən odur ki, İranda müəyyən dairələr hələ də Azərbaycan əleyhinə fəaliyyətlərlə məşğuldurlar. Bir neçə gün əvvəl cənub qonşumuzdakı Azərbaycan səfirliyi qarşısında etiraz aksiyasının keçirilməsi fonunda bunu aydın görmək mümkündür. Sözügedən aksiyanın kimlərin tapşırığı ilə və hansı məqsədlə təşkil olunması bəllidir. Burada sirr yoxdur. Çünki zaman-zaman İran Azərbaycanda dini zəmində qarşıdurma yaratmağa, Azərbaycan dövlətçiliyinə zərbə vurmağa çalışıb. 
Dini nöqteyi nəzərdən respublikamızın həssa bölgələrindən biri sayılan Gəncədə mərkəzi hakimiyyət nümayəndələrinə qarşı həyata keçirilən cinayət əslində Azərbaycan dövlətinə qarşı yönəlmiş terror idi. Lakin hüquq-mühafizə orqanlarının zamanında bunun qarşısını alması İranın terrorçu mollalarının Azərbaycanla bağlı planlarını yarımçıq qoydu. Sonradan aparılan araşdırmalar və Gəncə terrorunun əsas iştirakçısı sayılan Yunis Səfərovun məhz İran ərazisindəki təlim düşərgəsində olduğu, xüsusi döyüş təlimləri keçdiyi üzə çıxdı. Necə ki, zamanında akademik Ziya Bünyadovu qətlə yetirən şəxsin də məhz İran ərazisində təlim keçdiyi müəyyən edilmişdi. Bütün bunlardan gəlinən nəticə ondan ibarətdir ki, İranın təlim düşərgələrində əsas etibarilə Azərbaycan əleyhinə döyüşçülər hazırlanır. Bu gün də Gəncə terrorçularının bir qisminin Qumda olması və onlara hər cür dəstək göstərilməsi barədə məlumatlar var.

MƏHƏMMƏD

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31