Bu il Azərbaycan tarixinə Böyük Qayıdışın başlanğıc ili kimi düşəcək
17 İyun 2022 10:46 Siyasətİstiqamət: İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"
İşğaldan azad edilmiş ərazilərdə müasir mütərəqqi texnologiyalara əsaslanmış infrastruktur formalaşdırılır. Belə ki, hazırda əhalinin öz doğma yurd-yuvalarına qayıdışı üçün lazım olan bütün şərait yaradılır. Artıq bu məqsədlə icra olunan birinci pilot layihə Zəngilanda həyata keçirilir. Baş planı təsdiq edilmiş rayonda bir il əvvəl başlanmış inşaat işləri artıq yekunlaşmaq üzrədir. Hazırda Zəngilanda 200 evdən ibarət "Ağıllı kənd" salınıb. Lakin işlər bununla tamamlanmır, kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi məqsədilə yeni layihə təqdim edilib. İndi demək olar ki, Zəngilanda məktəb, bağça, tibb məntəqəsi var, "ASAN", "DOST", kiçik və orta biznesə dəstək, məşğulluq kimi xidmətlər həyata keçirilir. Sadalanan bu faktlar yerli sakinlərin doğma yurd-yuvalarına qayıdışı üçün zəmin yaradır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonuna səfəri zamanı Ağalı kəndində "Ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər. Dövlət başçısı qeyd edib ki, insanların işğaldan azad olunmuş ərazilərə qayıdışı üçün şərait olmalıdır: "Bax, biz birinci layihəni icra etdik, bunu təqdim etdik, həm Ağalı kəndinin sakinlərinə, həm də bütün Azərbaycana. Bizim gələcək planlarımız da belədir. İndi birinci mərhələdə hər rayonda bir çox kəndlər seçilib ki, ilk növbədə orada işlər aparılacaq. Ondan sonra insanlar qayıtdıqca, əlbəttə ki, bütün qalan yerləri də bərpa edəcəyik. Əlbəttə, ilk növbədə, böyük şəhərlərin Baş planları təsdiq edilməli idi. Məsələn, Ağdam, Füzuli və Şuşa şəhərlərinin Baş planları təsdiq olunub, dünən isə Zəngilan şəhərlərinin Baş planı təsdiqləndi, artıq işlərə başlanılmışdır. İndi Ağdamda yaşayış binaları inşa edilir, Füzulidə də hazırlıq işləri gedir, Zəngilanda isə gedəcək. Yəni, bu, böyük bir prosesdir və onu da bildirməliyəm ki, biz bu işi dövlət büdcəsi hesabına edirik. Heç bir yerdən heç bir yardım almamışıq, heç bir kredit almamışıq, heç bir ianə, yaxud da ki, bir hədiyyə almamışıq, öz gücümüzə arxalanırıq, necə ki, həmişə belə yaşamışıq, gücümüz qədər nailiyyətlər də əldə etmişik".
Məlumat üçün qeyd edək ki, burada "Azərpoçt" MMC-nin rayon şöbəsi, "ASAN xidmət" mərkəzi, DOST mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi fəaliyyət göstərəcək. Bunlardan məqsəd kənd sakinlərinin dövlət xidmətlərinə rahat çıxışı təmin etməkdir. Məsələn, kənd sakinlərinin "ASAN" və ya "DOST" xidmətlərinə müraciət üçün rayon mərkəzinə getmələrinə ehtiyac qalmayacaq. Bu mərkəzlərdə kənd sakinlərinə sosial təminat və məşğulluq sahəsində 100-dən çox xidmət onlayn formada göstəriləcək. Vətəndaş birbaşa videobağlantı ilə "DOST" mərkəzlərinin sosial agentinə müraciət edəcək və müraciəti yerindəcə həll olunacaq. Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin "ağıllı" işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir.
Ağalı kəndində həmçinin sosial obyektlərin də tikintisinə üstünlük verilir. Belə ki, ağıllı kənddə "Gillmed" tikiş fabriki, ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi), uşaq bağçası və kənd orta məktəb inşaa edilib. Ailə sağlamlıq mərkəzində tikilən tele-tibb vasitəsilə xəstənin qanında arterial təzyiq, oksigen təchizatı, triqleserin və şəkər ölçülür, ürək ritmi, dəri örtüyü və göz bəbəyinin görüntüsü əldə edilir. Cihazlardan toplanan məlumatlar xüsusi planşetlə platformaya ötürülür, ürək, ağ ciyər, böyrək, dalaq, lor (qulaq, burun, boğaz), dermatoloji xəstəliklərin, həmçinin qalxanabənzər və mədəaltı vəzin müayinəsində istifadə edilir.
Kənddə tikilən uşaq bağçasında da yüksək şərait yaradılıb. Kənd tam orta məktəbi müasir tələblərə cavab verir. 360 şagird yerlik ikimərtəbəli məktəb binası və birmərtəbəli 60 yerlik uşaq bağçasının binasında monolit dəmir-beton, xarici və daxili divarların hörgü işləri, kommunikasiya xətlərinin çəkilişi və damın quraşdırılması üzrə işlər tam başa çatdırılıb, daxili və xarici bəzək işləri görülür. Göründüyü kimi, "Ağıllı kənd"də müasirlik təkcə qurulan infrastrukturla məhdudlaşmır, burada təhsilə yeni yanaşmanın tətbiqi də mühüm rol oynayır.
Layihə çərçivəsində həmçinin Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi aparılır. Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan və ümumi uzunluğu 123,6 kilometr olan bu yolun tikintisi sürətlə davam etdirilir. Başlanğıcını Füzuli rayonunun Əhmədbəyli kəndindən götürən bu yol birinci texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 77 kilometrlik hissəsi altı, qalan 46,6 kilometrlik hissəsi isə dörd hərəkət zolaqlı olacaq. Yol boyunca üç avtomobil tuneli inşa edilir. Tunellərdən birində qazma işləri artıq yekunlaşıb, hazırda beton işləri icra olunur. Digər iki tuneldə isə qazma işləri davam etdirilir. Həmçinin bu yolun üzərində 15 avtomobil körpüsü, 5 yolötürücü və 54 yeraltı keçidin inşası nəzərdə tutulub. Hazırda 14 körpü, 3 yolötürücü və 38 yeraltı keçidin tikintisi aparılır. Qeyd edək ki, hazırda yolun ilk 110 kilometrlik hissəsində torpaq işləri icra edilir. Yolun genişləndirilərək profilə salınması, birinci texniki dərəcəyə uyğun yeni torpaq yatağının inşası və paralel olaraq asfalt örtüyünün salınması həyata keçirilir. Tikinti işlərinin 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur. Bu yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.
Bununla yanaşı Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonu ərazisində Soltanlı stansiyasının tikintisinə start verilib. Qeyd edək ki, təkxətli dəmir yolunun uzunluğu 110,4 kilometrdir. Layihəyə əsasən yol boyunca 9 stansiyanın (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 3 tunelin, 41 körpünün, 7 yolötürücünün, 300-ə yaxın süni mühəndis qurğusunun, rabitə və işarəvermə sisteminin, elektrik təsərrüfatının tikintisi planlaşdırılır. Yol boyunca 85 kilometr ərazi minalardan təmizlənib və proses davam edir. Dəmir yolu xəttinin yan yollarla birlikdə 60 kilometrlik hissəsi tamamlanıb. Bu məsafədə yük qatarları hərəkət edir. Tikinti işləri Türkiyənin "Kalyon RSY İnşaat Adi Ortaklığı Ticari İşletmesi" şirkəti tərəfindən həyata keçirilir. Qeyd edək ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli 2021-ci il fevralın 14-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Layihənin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur. Azərbaycan Prezidentinin sərəncamları ilə yolun inşasına 312 milyon 700 min manat vəsait ayrılıb.
Millət vəkili Vüqar Bayramov qeyd edib ki, yaxın vaxtlarda işğaldan azad edilmiş bir neçə rayonun kənd və qəsəbələrində yaşayış məntəqələrinin salınmasına başlanacaq. Artıq bu məqsədlə 21 yaşayış məntəqəsinin layihələndirilməsi işlərinin həyata keçirilməsi üçün tenderə yekun vurulub: "Artıq Zəngilanda inşa edilən ilk ağıllı kənd məskunlaşmaya hazırdır. 2022-ci il Azərbaycan tarixinə Böyük Qaydışın başlanğıc ili kimi düşəcək. Zəngilanın Ağalı kəndində 250 ailənin, Füzuli rayonun Dövlətyarlı kəndində isə 450 ailənin məskunlşacağı gözlənilir. Eyni zamanda, qeyd olunan kənd və qəsəbələrin inşası və yenidən qurulmasına yaxın zamanlarda başlanacaq. Artıq bu məqsədlə layihələşdirmə və bəzi yaşayış məntəqələrinin inşası üçün dövlət büdcəsindən maliyyə də ayrılıb. Ağdam, Cəbrayıl və Füzulidə rayon mərkəzlərinin yenidən qurulması ilə bağlı ilkin yaşayış binalarının inşası və layihələndirməsi işləri də sürətli şəkildə həyata keçirilir. İlkin yaşayış məntəqələri yerləşəcək ərazilərimizin minalardan təmizlənmə işləri başa çatdırlsa da bütövlükdə minaların sayının çoxlu məskunlaşma üçün əsas çətinliklərdən hesab olunur. 2021 və 2022-ci ildə işğaldan azad edilən ərazilərimizdə Qarabağ və Şərqi Zəngəzurun bərpası üçün 4.4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Artıq o vəsaitin yarıdan çoxu infrastrukturun formalaşması üçün istifadə olunub. 2022-ci ildə də 2.2 milyard manat vəsaitin ayrılması planlaşdırılıb. Bütövlükdə işğaldan azad edilən ərazilərimizdə infrastrukturun qurulması, məskunlaşma ilə bağlı həyata keçirilən işlər daxili maliyyə mənbələrinin hesabına reallaşdırılır. Ümumən işğaldan azad edilən ərazilərimiz Azərbaycan iqtisadiyyatına bərpa və yenidənqurma prosesindən sonra təxminən 5 milyard manata yaxın yeni dəyər qazandıracaq. Bu isə Azərbaycan iqtisadiyyatının təqribi 8 faiz əlavə olaraq formalaşmasına imkan verəcək. İnfrastrukturun qurulması və məskunlaşma prosesindən sonra artıq işğaldan azad edilən ərazilərimizin Azərbaycan iqtisadiyyatına reinteqrasiyası prosesi başlayacaq. Bu da təbii ki, iqtisadiyyatımızın inkişafı baxımından vacib amil hesab olunur".
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir