Kiyev beynəlxalq təminatçı axtarışında
17 İyun 2022 11:13 SiyasətRusiya-Ukrayna müharibəsi 4-cü ayını tamamlamaq ərəfəsindədir. Cari il fevral ayının 24-dən başlayan Rusiya-Ukrayna müharibəsinə son qoymaq, tərəflər arasında real nəticələrə hasil ola biləcək danışıqlara başlamaq hələlik qeyri-mümkün görünür. Bu isə Ukraynada daha neçə-neçə şəhərlərin, kəndlərin, yaşayış məntəqələrinin dağıdılması, Rusiyanın aviazərbələrinə məruz qalması ilə yanaşı hər gün onlarla Rusiya hərbiçisinin həlak olmasına yol açır. Göründüyü kimi müharibədə itirən hər iki tərəfdir.
İndiki halda həm Moskva, həm də Kiyev üçün müharibənin vurduğu yaralar həddən artıq və çoxşaxəli olduğu üçün tərəflər müəyyən mənada problemi danışıqlar masası ətrafında həll etməyə meyilli görünürlər. Hər halda Minskdən başlanan bu prosesin İstanbula qədər davam etməsi Moskva və Kiyevin müharibədən artıq tükəndiyinin göstəricisi idi. Lakin Ukraynanı bu savaşa sürükləyən və onun əli ilə Rusiyanı zəiflətmək, çökdürməyə çalışan Qərb, Birləşmiş Ştatlar Rusiya-Ukrayna savaşının başa çatmasında maraqlı görünmür. Çünki hələlik bu mərkəzlər Rusiya ilə bağlı istədiklərinə nail ola bilməyiblər. Ona görə də Ukrayna bir tərəfdən Avropa, digər tərəfdən Birləşmiş Ştatlardan maksimum dərəcədə silahlandırılır, Kiyev Rusiya hədəflərini məhv edə biləcək raketlərlə təmin olunur. Ancaq nəzərə alsaq ki, artıq Ukrayna canlı qüvvə sarıdan da tükənib və 4 aydır davam edən müharibə Ukrayna ordusunda kifayət qədər əsgər itkisinə səbəb olub, o zaman Kiyevə edilən hərbi texnika yardımının da artıq bir işə yaramadığı qənaətində ola bilərik. Məhz oina görədir ki, indi Kiyev mübarizədən daha çox kompromisə, eyni zamanda Rusiya ilə əldə edilə biləcək hər hansı razılaşmanın icrasının davamlı xarakter daşıması üçün beynəlxalq təminata maraq göstərir. Hər halda Ukrayna rəhbərliyinin son vaxtlar müntəzəm olaraq işlətdiyi beynəlxalq təminat ifadəsi bundan xəbər verir. Burada diqqət çəkən bir məqam da ondan ibarətdir ki, müharibənin ilk günlərində Kiyev beynəlxalq təminat məsələsində yalnız Türkiyə və Avropaya üstünlıük verdiyi halda, Asiya ölkələrini, daha dəqiq desək rəsmi Dehlini də təminatçı qismində görür. Hər halda cərəyan edən proseslər və Ukrayna Prezident Administrasiyasından gələn açıqlamalar belə deməyə əsas verir.
Rusiya-Ukrayna müharibəsinə danışıqlar yolu ilə son qoyulması mümkünlüyü, eləcə də hazırkı situasiyada tərəflər arasında davam edən döyüşlərə diqqət çəkən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Ukraynada ağır döyüşlər davam edir, hər iki tərəf itki verir. Onun sözlərinə görə, buna baxmayaraq, rəsmi Kiyev gələcəkdə Ukraynanın təhlükəsizliyinə təminat verə biləcək dövlətlər barədə də düşünür, təklfilər irəli sürür: "Dehlidə nəşr olunan "The Hindu" dərgisinin yazdığına görə, Ukrayna rəsmiləri təminatçı dövlətlər arasında Hindistanın da adını çəkiblər. Rusiyanın Hindistanla yaxşı əlaqələri olduğu nəzərə alınaraq Kremlin Kiyevin təklifinə qarşı çıxmayacağı ehtimal edilir".
Mərkəz rəhbəri qeyd edib ki, Kiyev Hindistanla yanaşı təminatçı dövlətlər arasında Böyük Britaniya, Polşa və Türkiyəni görmək istəyir: "Rusiya birinci ikisini çıxmaqla Türkiyənin təminatçı olması əleyhinə çıxmayacaq. Kiyevin Hindistanı təklif etməsi bu ölkənin dünyada və bölgədə oynadığı rolla əlaqəlidir. Dehlinin hən Moskva, həm də Kiyevlı yaxşı münasibətləri var. Başqa sözlə Hindistan siyasi baxımdan Rusiya və Ukraynaya eyni məsafədədir. Digər tərəfdən Hindistanın Çinlə gərgin münasibətləri fonunda ABŞ-la strateji əlaqələrini genişləndirməsi də Ukrayna üçün faydalıdır. Ukrayna Hindistanın maliyyə və humanitar yardımına da ehtiyac duyur. Dehli və Hindistanın özəl şirkətləri bugünə qədər Ukraynaya 230 ton humanitar yardım göndəriblər".
Elxan Şahinoğlu onu da qeyd edib ki, Ukrayna təminatçı dövlətlər axtararkən Rusiyanın bu ölkəyə qarşı işğalçı müharibəsinin nə zaman bitəcəyi sual altındadır: "Kreml Ukraynanın şərqini tam işğal etmədən müharibəni bitirmək istəmir. Ukrayna isə şərqinin işğalıyla barışmadığından müharibənin uzun müddət davam edəcəyini proqnozlaşdırmaq olar".
Süleyman