İlham Əliyev Qlobal Bakı Forumundan səsləndi: "Tarix artıq yazılıb"
17 İyun 2022 10:21 Siyasət"Ermənistan ərazi bütövlüyümüzü şübhə altına alır və bizi də analoji addımlar atmağa vadar edir"
Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da "Qlobal dünya nizamına təhdidlər" mövzusunda Qlobal Bakı Forumu öz işinə başlayıb. Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edib. Forumun əhəmiyyətindən danışan dövlət başçısı qeyd edib ki, Qlobal Bakı Forumunda həmişəki kimi məhsuldar müzakirələr aparılacaq. Prezidentin sözlərinə görə, tədbir iştirakçıları aktual məsələlər üzrə açıq və səmimi müzakirələrə öz töhfələrini verəcək, fikir mübadiləsi aparacaq, ən aktual qlobal məsələlərlə bağlı yeni yanaşmalar işləyəcəklər: "Bu illər ərzində forum ən qabaqcıl institutlardan birinə çevrilib. Bu il forumda 50-dək ölkədən nümayəndələr iştirak edir ki, bu da ötənilki ilə müqayisədə qat-qat çoxdur. Bu, platformanın nə dərəcədə əhəmiyyətli olmasını göstərir. Yeni yanaşmaların işlənib hazırlanması heç vaxt olmadığı qədər əhəmiyyətlidir". Dövlət başçısı qeyd edib ki, Avropadakı vəziyyəti müzakirə etmək lazımdır: "Dünya dəyişir, bəzən həll yollarını tapmağa lazım olan müxtəlif fikirlərin toqquşması baş verir. Qlobal forum müxtəlif tərəflərin fikirlərini bir araya gətirməyə imkan verəcək. O, dünyanı necə daha təhlükəsiz etməyi, aparıcı maliyyə institutlarının rolunun nə olduğunu, o cümlədən ərzaq böhranını, ərzaq böhranı nəticəsində miqrasiyanın artması məsələsini müzakirə etməyə imkan verəcək".
Dövlət başçısı bildirib ki, Qarabağ münaqişəsinin həll olunması region üçün imkandır: "Bu, unikal imkandır. Ermənistanın işğalçılıq siyasəti Cənubi Qafqazda inteqrasiyanı pozmuşdu. Hazırda bu vəziyyəti düzəltmək üçün imkan yaranıb. Azərbaycan Prezidenti olaraq mən ölkəmizin təhlükəsizliyi ilə bağlı məsələlər üzərində çalışıram. Azərbaycan müharibədə qalib gəldi. Bu müharibə beynəlxalq hüququ, ədaləti bərpa edən müharibə idi. Bu gün biz əməkdaşlıq qurmaq istəyirik. Ermənistanla münasibətlərin normallaşdırılması təklifini biz etmişik".
Dövlət başçısı əlavə edib ki, Ermənistan sülh razılaşması üzərində işləyəcək komissiyanı təsis edən kimi danışıqlara başlanılacaq: "Ermənistanla əlaqələrin normallaşdırılması prosesinə gəldikdə isə, sülh razılaşması üzərində işləməyə başlamaq bizim təklifimiz idi və biz təklif etmişdik. Ermənistan cavab vermədi, daha sonra biz digər bir addım atdıq və hər iki ölkənin ərazi bütövlüyünə qarşılıqlı hörmət və tanıma, həm indi, həm də gələcəkdə hər hansı ərazi iddiasının irəli sürülməsindən qarşılıqlı şəkildə çəkinmə də daxil olmaqla, beynəlxalq hüququn 5 baza prinsipini irəli sürdük. Biz Ermənistan hökumətinin bu 5 prinsipi qəbul etdiyini görməkdən çox şadıq. Bu, pozitiv dinamikadır, lakin bizim indi praktiki tətbiqetməyə ehtiyacımız var. Çünki biz işğal tarixindəki müzakirələrdən də bilirik ki, bəzən Ermənistan rəhbərliyi tərəfindən hətta ali səviyyədə ifadə edilmiş sözlər də çox məna ifadə etməyib. Bizim addım atılmasına ehtiyacımız var. Azərbaycan artıq öz tərəfindən sülh razılaşması üzrə komissiyasını təsis edib və biz eyni addımın Ermənistan tərəfindən də atılmasını gözləyirik. Əgər bu edilsə və ya bu edilən kimi danışıqlar başlayacaq".
Zəngəzur dəhlizi məsələsinə toxunan dövlət başçıqı bildirib ki, Zəngəzur dəhlizinin tezliklə açılması regionda gələcək sülhün fundamental elementlərindən biridir. Bizim üçün bu yol açılmasa sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistan ilə normal birgə yaşayış və qonşuluq münasibətlərinə yönəlmiş səyləri uğursuzluğa düçar olacaq". Prezident Ermənistanın müvafiq bəyanatı imzaladığını və bu səbəbdən, Azərbaycanın Zəngəzur dəhlizinin açılmasını tələb etmək hüququna malik olduğunu vurğulayıb: "Düşünürük ki, Ermənistan 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına, o cümlədən kommunikasiyaların açılmasına əməl edəcək. Təəssüf ki, Ermənistan kapitulyasiya aktına imza atmasına baxmayaraq, bir il yarımdan çoxdur heç nə dəyişməyib. Bu, qəbuledilməzdir". Dövlətimizin başçısı deyib: "Əvvəla, bu, regionda disbalans yaradır. Çünki həmin Bəyanatın əsasında Azərbaycan Qarabağın ermənilər yaşayan hissəsindən Ermənistana keçidi təmin edib. Bir il yarımdır ermənilər bu yollardan istifadə edirlər. Lakin azərbaycanlılar bizi Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizindən, Ermənistandan keçən yoldan istifadə edə bilmirlər. Bu, ədalətli deyil və biz bununla razılaşmayacağıq".
Ermənistan liderlərinin Dağlıq Qarabağın status barədə səsləndirdikləri fikirlərə toxunan Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Konstitusiyası ölkədə yaşayan bütün etnoslar, o cümlədən ermənilər üçün bərabər hüquqlar yaradır: "Azərbaycan çoxmillətli ölkədir. Erməni əhali Azərbaycanda ən böyük milli azlıq deyil. Konstitusiyamız ölkədə yaşayan bütün etnoslar, o cümlədən ermənilər üçün bərabər hüquqlar yaradır. Lakin, təəssüf ki, Ermənistan hökumətindən qondarma Dağlıq Qarabağın statusu barədə bəyanatlar eşidirik, bu isə həm səmərəli deyil, həm də Ermənistanın özü üçün təhlükəlidir. Ermənistan hökuməti tarixi yenidən yazmaq cəhdlərindən əl çəkməlidir. Tarix artıq yazılıb".
Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alır və Azərbaycanı da onun ərazi bütövlüyünə qarşı analoji addımlar atmağa vadar edir: "Ermənistan bizim ərazi bütövlüyümüzü şübhə altına almaqda davam edərsə Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü şübhə altına almaqdan başqa çıxış yolu qalmayacaq". Prezidentin sözlərinə görə, tarix baxımından Azərbaycanın buna daha çox haqqı çatır: "Çünki ötən əsrin tarixi göstərir ki, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan 6 ay sonra - 1920-ci ilin noyabr ayında sovet hakimiyyəti ölkəmizin tarixi ərazisi olan Zəngəzuru bizdən alıb Ermənistana birləşdirib. Bu səbəbdən, əgər Ermənistan Qarabağ erməniləri üçün status tələb etməkdə davam edərsə niyə azərbaycanlılar Qərbi Zəngəzur üçün status tələb etməsinlər? Çünki bu ərazinin əhalisi tamamilə azərbaycanlılardan ibarət olub". Azərbaycan lideri diqqətə çatdırıb ki, bu yol dalana dirənir: "Ermənistan hökuməti İkinci Qarabağ müharibəsindən dərs çıxarmalı və Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır".
ATƏT-in Minsk qrupunun fəaliyyətinin bərpası barədə səsləndirilən fikirlərə aydınlıq gətirən dövlət başçısı qeyd edib ki ATƏT-dən mandat alan Minsk Qrupu 28 il ərzində heç bir nəticə əldə etmədi. Buna görə Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra artıq Minsk Qrupuna ehtiyac qalmayıb. Dövlət başçısı qeyd edib ki, xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Minsk qrupunun üç həmsədrinin bir araya gəlməsinin mümkün olmadığını hamı anlayır. Biz artıq bu mesajları almışıq ki, Minsk Qrupunun həmsədr institutu fəaliyyət göstərməyəcək. Artıq onların pensiya vaxtıdır: "Beləliklə, mən öz mövqeyimizi bildirmək istəyirəm ki, Ermənistanda və ya hər hansı başqa ölkədə Minsk Qrupu ilə bağlı hər hansı spekulyasiya Azərbaycanda yalnız qıcıq doğurur. Biz münaqişəni həll etmişik. Minsk qrupu tərəfindən işlənib hazırlanmış Madrid prinsipləri həll olunub. İndi biz Ermənistanla münasibətləri normallaşdırmağın yolları barədə düşünməliyik, sülh müqaviləsi imzalamalıyıq".
Azərbaycanın münaqişədən sonrakı yanaşması barədə Forum iştirakçılarına məlumat verən dövlətimizin başçısı bildirib ki, Qarabağ münaqişəsinin həlli regionda sülhün və əmin-amanlığın bərqərar olması üçün yeni imkan və fürsətlər yaradıb. Bu müharibə ədalətin, beynəlxalq hüququn və milli ləyaqətin bərpasına yönəlmişdi. Bu, dünyada unikal bir haldır ki, uzunmüddətli münaqişədən sonra bir dövlət işğalçını öz torpaqlarından qovub və ədaləti bərpa edib. Dünyada belə hallara heç də çox rast gəlinmir. Biz niyə sülh istəyirik?! Çünki biz sabit, dayanıqlı və inkişaf regionu yaratmaq istəyirik".
Regionun təhlükəsizliyi məsələsinə aydınlıq gətirən dövlət başçısı vurğulayıb ki, bizim Qafqaza baxışımız regionda əməkdaşlıq, inteqrasiya və sülhdür:"Azərbaycan bu istiqamətdə ilk addımı atmaq üçün artıq öz təkliflərini irəli sürüb və bu məsələni Gürcüstan tərəfi ilə müzakirə edib. Gürcüstan hökuməti dialoqu başlatmaq üçün Gürcüstanda Azərbaycan, Ermənistan və Gürcüstan XİN rəhbərlərinin görüşünün keçirilməsi ideyasını dəstəkləyir. Lakin Ermənistan tərəfi bundan imtina edir. Bunun səbəbini bilmirəm və heç bir əsaslı izah tapa bilmirəm. Bildiyim qədər, hətta Avropa institutlarından biri də bu təkliflə çıxış edib, amma yenə də rədd cavabı verilib. Əgər Ermənistan sülh istəmirsə, bəs nə istəyir? Əgər yeni müharibə istəyirsə, bunun onlar üçün faciəvi fəsadları olacaq".
Enerji təhlükəsizliyi məsələsinə toxunan döblət başçısı vurğulayıb ki, Azərbaycanın enerji ehtiyatlarına tələbat artmaqdadır. Dövlət başçısı xatırladıb ki, bu ilin fevralında Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclası keçirilib və bu iclasda gələcək addımlar və planlar müzakirə olunub: "Lakin Avropadakı vəziyyət köklü şəkildə dəyişib. Odur ki, Azərbaycanın karbohidrogen resurslarına ehtiyac artıb və biz artan tələbatı ödəmək üçün əlimizdən gələni edirik. Son aylar ərzində biz bir neçə Avropa ölkəsindən qaz təchizatı ilə bağlı müraciət almışıq. Bu, asan deyil, çünki qaz istehsalını artırmalıyıq. Hazırda bu məsələ ilə bağlı Avropa Komissiyası ilə əməkdaşlıq edirik".
Alim