Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələyə qədəm qoymasına imkan yaratdı

2021-ci il iyunun 15-də Şuşa şəhərində  "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" imzalandı. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanan bu Bəyannamə iki qardaş ölkə arasında strateji münasibətlərin  yeni mərhələyə qədəm qoymasına imkan yaratdı. Artıq bu tarixi sənədin imzalanmasının 1 ili tamam oldu. Qeyd edək ki, həm Azərbaycan və həm də Türkiyə parlamentləri Şuşa bəyannaməsini ratifikasiya edib. Maraqlıdır, Bəyənnamə Azərbaycan və Türkiyə müttəfiqliyinin genişlənməsinə hansı töhvəsini verib? Millət vəkili Vüqar Bayramov qeyd edib ki, Bəyannamə hər iki ölkənin strateji münasibətlərinin daha dərinləşməsi baxımından vacib idi. Bu uzun müddətli dövrdə tərəflərin iqtisadi və siyasi əlaqələrinin inkişafında zəmin yaratmaqdadır: "Sənədin iqtisadi tərəflərinə gəldikdə, bəyannamənin ən spesifik cəhətlərindən biri də milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılmasıdır. Bu ölkələrin iqtisadi və ticarət diversifikasiyası ilə bağlı bir-birilərinə qarşılıqlı dəstək olacağı anlamına gəlir. Qardaş ölkələr növbəti 3 il ərzində ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hədəf müəyyənləşdiriblər. Şuşa Bəyannaməsində nəzərdə tutulan tədbirlər bu hədəfə nail olmaq yeni imkanlar yaradır. Qeyd edək ki, 2020-ci ildə 4 milyard 160 milyon dollarlıq ticarət dövriyyəsi ilə Türkiyə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Bütövlükdə, pandemiyayadək son illər Azərbaycan ilə Türkiyə arasındakı ticari əlaqələrdə artan tendensiya müşahidə olunub. Belə ki, 2019-cu ildə ticarət dövriyyəsi əvvəlki il ilə müqayisədə 33 faiz, 2017-ci il ilə müqayisədə isə 73 faiz artıb. Belə ki, ümumi ticarət dövriyyəsi 2018-ci ildə 3 milyard 403 milyon dollar, 2017-ci ildə isə 2 milyar 667 milyon olub. 2017-ci ildən etibarən Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində hər zaman müsbət saldoya malik olub. 2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1 milyard 200 milyon dollara çatıb. Sənəddə Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf edirilməsinə yönəldilmiş səylərin əlaqələndilmiş şəkildə davam etdirilməsi də nəzərdə tutulur. Ötən il Türkiyə Azərbaycandan 8.5 milyard kubmetrdən artıq qaz idxal edib. Bu isə iki ölkə arasında enerji sahəsində əməkdaşlığın artıq güclənməsindən xəbər verir. Vacib istiqamətlərdən biri də məhz intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqidir. Zəngəzur dəhlizi 1.1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri iqtisadi baxımdan birləşdirməklə yanaşı ölkəmizin starteji əhəmiyyətini də artıracaq. Bütövlükdə, Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı strateji tərəfdaşılığı gücləndirməklə iqtisadi sahədə yeni əməkdaşlıq imkanları yaratmaqdadır".

Politoloq, MCP SŞ-nın üzvü Vüqar Dadaşov bildirib ki, Bəyannamənin siyasi əhəmiyyəti barədə geniş danışmaq olar, onun vacibliyi, əhəmiyyəti haqqında bəlkə də əhatəli bir söz tapmaq elə də asan deyil: "1991-ci ildə Azərbaycan xalqı müstəqilliyini əldə etdikdən sonra müasir tariximizdə müstəqil dövlət olaraq imzaladığımız ən çətin və olduqca vacib sənəddir. Mərhum prezident Heydər Əliyevin  imzaladığı əsrin müqaviləsi iqtisadi müstəqilliyimizin, inkişafımızın bünövrəsi, təminatçısı kimi, Şyşa bəyannaməsi də siyasi müstəqilliyimizin qarantiyasıdır. Sözsüz ki, Şuşa Bəyanaməsinin siyasi, psixoloji nəticələri düşündüyümüzdən də böyükdür. Elə bir neçə məqamı xatırlamaq Şuşa Bəyannaməsinin həyati vacibliyini açıq göstərir. İlk növbədə, Şuşa Bəyannaməsi 44 günlük vətən müharibəsində qazandığımız qələbənin nəticələrini qoruyub saxlamağı təmin etməklə postmüharibə dövrü üçün siyasi və dplomatik imkanlarımızı genişləndirdi. Nəzərdən qaçırmamalıyıq ki, Rusiya 44 günlük müharibədə bu nəticəni gözləmirdi və bu müharibəni şəxsi, yəni haqlı olaraq Rusiyanın məğlubiyyəti kimi qiymətləndirirdi. Çünki, 44 günlük vətən müharibəsi Rusiyaın hərbi sənayesinin və hərb elminin yararsızlığını üzə çıxarmış oldu. Əslində Rusiyanın 44 günlük müharibədə neytrallığı ona hesablanmışdı ki, Ermənistan yeni Azərbaycan ərazilərini işğal etsin,Tovuz döyüşlərindəki çata bilmədiyi məqsədə çatsın. Ancaq Azərbaycan rus-erməni tandeminin planlarını alt-üst etdi. Odur  ki, Rusiyanın  Ermənistanı revanşa məcbur edəcəyi tam gözlənilən idi. Amma Şuşa Bəyannaməsi düşmənin revanş istəyinə imkan vermədi. İkinci vacib məqam isə, Rusiyanın Ukraynaya təcavüzü fonunda daha aydın görünür. SSRİ-ni bərpa etmək arzusu ilə, qırmızı bayraqla keçmiş sovet respublikalarını fəth etmək istəyən Kreml hakimiyyətinin Azərbaycan arzusu da gizli deyildi. Başqa bir məqam,  Rusiyanın Ukrayna təcavüzünə görə dünyadan təcrid edilmiş, miqyası bilunməyən sanksiyalara və embarqoya məruz qalmış, siyasi, diplomatik, iqtisadi məhrumiyyətlərə düçar edilən Rusiyanın yeganə xilas yolu, ümidi Türkiyədir və hansı ki, Şuşa Bəyannaməsinin tələblərinə görə Azərbaycan və Türkiyə siyasi, diplomatik və iqtisadi addımlarını yekun məsləhətləşməsindən  və Milli Təhlükəsizlik Şuralarının müzakirəsindən sonra həyata keçirir.  Təbii ki, Finlandiya və Isveçin NATO-ya üzvlüyünə əngəl olan Türkiyə  Rusiyanın qüvvəsinin parçalanmasının qarşısını müvəqqəti də olsa aldı. Sözsüz ki, Azərbaycan və Türkiyə bunu məsləhətləşmədən həyata keçirməzdi". Onun sözlərinə görə, Şuşa Bəyannaməsinin hüquqi və siyasi tələbləri qardaş Türkiyə və Azərbaycanı mənəvi baxımdan bir dövlət formasında düşünməyi və görünməyi  şərtləndirib: "Rusiya - Qərb  qarşıdurması, sanksiya və embarqoları fonunda, Avropanın enerji təhlükəsizliyinin ən qısa zamanda təminatçısı kimi Türkiyə və Azərbaycanın həlledici aktor olması, Şuşa Bəyannaməsi ilə beynəlxalq mövqeyini inanılmaz dərəcədə möhkəmlədib və faktiki olaraq Azərbaycan və Türkiyə qlobal oyunçuya çevrilib. Müstəqillik günü münasibəti ilə Azərbaycanı təbrik edən ABŞ prezidenti Co Baydenin Azərbaycan "sevgisi" məhz məcburiyyətdən idi. Vacib bir məqam da ondan ibarətdir ki, 10 noyabr Moskva üçtərəfli Bəyannaməsi ilə özünü Azərbaycana soxuşduran rus sülhməramlılarını ölkədən çıxarılmasını Şuşa Bəyannaməsi şərtləndirir. Şuşa Bəyannaməsinin  Azərbaycan dövləti üçün əhəmiyyəti onun müstəqilliyinin saxlanması, ərazi bütövlüyünün, suverenliyinin bərpasının təminatçısı səviyyəsidir. Şuşa bəyannaməsi ilə Türkiyə və Azərbaycan dünya miqyasında söz sahibi mövqeyini təsdiq etməklə Türk dünyası üçün tarixi əzəmətini qaytarmağa unikal imkan yaradır. Türk əzəmətinin bərpası isə Şuşa bəyannaməsindən  başladı".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31