Ermənistan öz öhdəliklərinin icrasından yayınır
19 May 2022 15:13 SiyasətAzərbaycan isə hər zaman öhdəliklərə sadiq olub
44 günlük müharibədə məğlubiyyətə düçar olmuş Ermənistan hələ də "bəlkə də qaytardılar" devizi ilə yaşayır. 30 il müddətində işğal altında saxladıqları Azərbaycan ərazilərinin azad edilməsilə barışmaq istəməyən revanşist qüvvələr hazırda ölkəni qarışdırmaqla məşğuldurlar. Baş nazir Nikol Paşinyana qarşı bütün təsir imkanlarını işə salan sabiqlər zor gücünə hakimiyyəti qəsb etməyə çalışırlar. Elə bu səbədən də Ermənistan rəhbərliyi Azərbaycan tərəfinin təqdim etdiyi 5 bəndlik sülh sazişini imzalamaqdan yayınır. Kreslosunu itirməkdən qorxan Paşinyan hakimiyyəti hətta ən etibarlı vasitəçilərin təkliflərini nəzərə almadan nala-mıxa vurmaqla özlərini sığortalamağa çalışırlar. Məlum olduğu kimi artıq bir neçə müddətdir ki, Emənistanın keçmiş rəhbərləri və onlara yaxın çevrələr kütləvi aksiyalar təşkil etməklə ölkədə vəziyyəti gərginləşdirmək, Paşinyan iqtidarını devirmək və növbəti dəfə hakimiyyəti zəbt etmək planını gerçəkləşdirməyə cəhd göstərirlər. Məqsədlərini reallaşdırmaq üçün Azərbaycanın təqdim etdiyi sülh təklifinin guya onlar üçün qəbuledilməz olduğu iddiasını ortaya atıblar. Halbuki Azərbaycan tərəfinin təqdim etdiyi sənəd beynəlxalq qanunvericiliyinin tərkib hissəsini təşkil edir. Lakin əhalini kütləvi itaətsizliyə dəvət edən revanşistlər əslində tarixi təkrarlamaq yolu tutublar. Başqa sözlə, hazırda Ermənistanda cərəyan edən hadisələr 1998-ci ildə kütləvi itaətsizlik təşkil etməklə Robert Koçaryanın Levon Ter-Petrosyanın istefasına nail olmaq və hakimiyyəti mənimsəmək ssenarisi ilə eynilik təşkil edir. Lakin son parlament seçkiləri də göstərdi ki, hətta Azərbaycanla müharibədə ağır məğlubiyyət, çoxsaylı insan itkisinə baxmayaraq, erməni xalqı keçmiş cinayətkar və qaniçən rejimin rəhbərlərinə yenidən meydan vermək niyyətində deyil. İndi də bütün cəhdlərə baxmayaraq, onlar Paşinyan hakimiyyətinə təsirli təzyiq göstərmək üçün küçələrə lazımi kontinqenti çıxartmağa və onları hakimiyyətə qarşı səfərbər etməyə nail ola bilməyiblər. Buna baxmayaraq, Ermənistan hakimiyyəti müxalifətin təzyiqlərinə rəğmən ən müxtəlif vasitələrlə öz öhdəliklərini icra etməkdən yayınır. Belə ki, Ermənistan 2020-ci il üçtərəfli bəyanatında əks olunmuş və sonrakı bəyanatlarla bir da möhkəmləndirilmiş öhdəlikləri pozur. Ermınistan kommunikasiyaların açılmasını, sərhədlərin delimitasiyasını yubadır, birinci müharibədə əsir düşmüş minlərlə azərbaycanlının taleyi və kütləvi məzarlıqlar haqda məlumat verməkdən, vaxtilə işğal altında saxladığı ərazilərin minalanması xəritələrini təqdim etməkdən imtina edir, UNESCO-nun Ermənistandakı Azərbaycan tarixi irsinin monitorinqini sabotaj edir, Zəngəzur dəhlizi məsələsini uzadır.
Ermənistan həmçinin sərhədlərin delimitasiyası və sülh müqaviləsinə dair Avropa İttifaqının vasitəçiliyi ilə əldə olunmuş razılaşmaları pozur. Əslində isə Aİ Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə aprelin 6-da Brüsseldə əldə olunan razılaşmaya görə, aprelin 29-na qədər hər iki tərəf sülh müqaviləsinin bağlanması və sərhədlərin delimitasiyasına dair işçi qrup yaratmalı, müvafiq görüşlər keçirilməki və müvafiq fəaliyyətə başlanmalı idi. Azərbaycan işçi qrupunu vaxtında yaratsa da, Ermınistan tərəfindən real hərəkətlikik müşahidə edilmir. Konkret olaraq Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşləri baş tutmayıb. Azərbaycan Prezidenti İlham Əliyevin sözlərinə görə, İrəvan aprelin 29-da ilk görüşdən, 7-11 may tarixində ikinci görüşdən imtina edib. Komissiyanın 16-17 may tarixində Moskvada keçiriləcəyi gözlənilən ilk görüşü də alınmayıb: "Azərbaycan hər zaman öhdəliklərə sadiq olub. Aprelin sonuna qədər görüşə hazır olduğumuzla bağlı Avropa İttifaqı Şurasının prezidentinin iştirakı ilə söz vermişdiksə, biz buna sadiq idik. Lakin, biz eyni məsuliyyəti Ermənistan tərəfindən də görməliyik". Məlumat üçün qeyd edək ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bunu "texniki detalların razılaşdırılması" ilə əlaqələndirib və qeyd edib ki, yaxın günlərdə, yaxud həftələrdə təmaslar davam edəcək. Siyasi şərhçi Asif Nərimanoğlu hesab edir ki, İrəvanın "texniki detal" bəhanəsi ilə prosesi uzatdığı, bununla "güzgü prinsipi"nin tətbiqinə - Azərbaycan ordusunun faktiki çıxdığı sərhəd xəttindən geri çəkilməsinə nail olmaq istəyir. Bakı bundan imtina edir və ordunun mövqeyi yalnız delimitasiya prosesinə uyğun dəyişə bilər. Elə isə Ermənistan nəyə ümid edir: "Prosesin uzadılması bu sualı da ön plana çıxarır və cavabı müəyyən mənada Mariya Zaxarovanın son açıqlamasında tapmaq mümkündür. Zaxarova bildirir ki, "sərhəddə insidentlərin qarşısını almaq üçün delimitasiya üzrə komissiyanın işə başlaması lazımdır və bu komissiyanın tərkibində "təmas qrupu" kimi etimad mexanizmləri yaradıla bilər". Bu o deməkdir ki, Rusiya delimitasiya prosesində təkcə "konsultativ yardımla" yox, praktiki olaraq birbaşa iştirak etmək niyyətindədir. "Təmas qrupu"nun yaradılması istəyi də bundan qaynaqlanır və açıqlamalardan belə nəticə çıxır ki, Düşənbədə keçirilən Lavrov-Bayramov-Mirzoyan görüşündə müzakirə edilən məsələlərdən biri də bu olub: etimad mexanizmlərinin yaradılması-bu "təmas qrupu", yaxud başqa formada ola bilər. "Təmas qrupu" yaradılması ilə Rusiya sərhəd məsələsinin həllində praktiki iştirak və sərhəddə toqquşmalara müdaxilə etmək imkanı qazana bilər. Bunu keçmiş Qarabağ münaqişəsi dövründə təklif edilən "atəşkəsə nəzarət mexanizmi"nin başqa forması kimi də anlamaq mümkündür: belə bir mexanizm toqquşmaların qarşısını almaqla yanaşı, Bakının prosesi tormuzlayan İrəvana qarşı mümkün məcburetmə addımlarını da məhdudlaşdıra bilər. Mümkündür ki, Rusiya "təmas qrupu"nun yaradılması üçün "sərhəddə sabitliyin təmin edilməsi və etimad mexanizmlərinin yaradılması" adı ilə Ermənistanın istədiyi "güzgü prinsipi"nin tətbiqindən yana mövqe sərgiləsin. Bu, Azərbaycanın ordunu faktiki çıxdığı sərhəd xəttindən geri çəkməsi deməkdir. Görünür, prosesi uzadan Ermənistan istəyinə nail olmaq üçün hadisələrin bu məcrada inkişafına ümid edir. Sərhəddə mümkün yeni toqquşmalar da ruslara "təmas qrupu", ermənilərə "güzgü prinsipi" üçün əsaslar yaradılması baxımından sərfəlidir". Birmənalı şəkildə qeyd etmək olar ki, baş verənlər həm də Ermənistanın riyakırlığının göstəricisidir. Belə ki, əvvəlcə görüşün Rusiyanın iştirakı olmadan sərhəddə keçirilməsini təklif edən İrəvan, sonradan Moskvanın təzyiqi altında görüşün Rusiyada keçirilmısinə hazır olduğunu bildirir. Bununla əvvəlcə Moskvanı kənarda qoymaq istəyən Ermənistan sonradan təzyiq qarşısında Avropa İttifaqını prosesdən kənarlaşdırmağa çalışır. Sonda onu da qeyd edək ki, bu gün güclü Azərbaycan ordusu ölkəmizin ərazisində ermənilərin vəziyyətin gərginləşdirilməsinə yönəlmiş istənilən cəhdinin qarşısını almağa qadirdir. Əgər Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri icra etməsə, sülh sazişini imzalamaqdan imtina etsə, növbəti dəfə revanşistlərin özbaşınalığının acı nəticələrini ödəmək məcburiyyətində qalacaq.
Alim