Azərbaycan dünya ölkələri üçün dini və milli tolerantlıq nümunəsinə çevrilib

İstiqamət: dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

Müstəqil Azərbaycanın beynəlxalq aləmdə mövqeyi möhkəmləndikcə dünya dövlətlərinə verdiyi mesajların əhəmiyyəti də artır. Belə mesajlardan biri də dini və milli tolerantlıqla bağlıdır. Qətiyyətlə demək olar ki, artıq Azərbaycan dünya ölkələri üçün bir tolerantlıq nümunəsinə çevrilib. Azərbaycan həm də bəşəriyyəti cənginə almaqda olan humanitar fəlakətdən qurtulmaq yollarını ixrac etməkdədir. Bunu ölkəmizin təşəbbüslə çıxış etdiyi humanitar layihələr və sülhə xidmət edən təklifləri bir daha sübut etmiş olur. Sirr deyil ki, Azərbaycanda tolerant mühit hökm sürür. Belə ki, müxtəlif dini  konvesiyaların nümayəndələri bu məkanda birgəyaşayış qaydalarına riayət edirlər. Dövlətin vətəndaş cəmiyyətinin inkişafına şərait yaratması və dini təsisatları gücləndirmək üçün göstərdiyi səylər fikrimizi təsdiqləməyə əsas verir. Dövlətimizin tutduğu yol bütün dini əqidələrin daşıyıcılarına, o cümlədən etnik qruplara eyni münasibətin sərgiləməısindən ibarətdir. Bu yol hamıya, xüsusən müxtəlif millətlərin nümayəndələrinə daim diqqətin göstərilməsini tələb edir. Onu da qeyd edək ki, belə münasiət  multikulturalizmin və mədəniyyətlərin bir-birini lazımi qaydada tamamlanmasının müsbət cəhətlərini tanıyan cəmiyyət sayəsində mümkündür. Birmənalı şəkildə qeyd etmək lazımdır ki, belə bir münasibət vətəndaş cəmiyyətinin müxtəlif komponentləri və fərqli dini konfessiyalara mənsub olan şəxslər arasında qarşılıqlı əməkdaşlıq və hörmət münasibətlərinin yaranması üçün edilir.

Təkcə ölkə vətəndaşları deyil, eləcə də beynəlxalq ekspertlər etiraf edirlər ki, ölkəmiz möhkəm multikulturalizm ənənələrinə malikdir. Azərbaycanda tarixən müxtəlif millətlərin, dinlərin nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayıb, xalqımızın inkişafı naminə birgə səylər göstəriblər. Hazırda da çoxkonfessiyalı, çoxmillətli ölkə kimi Azərbaycanda bütün dinlərin, xalqların nümayəndələri bir ailə kimi yaşayırlar. Ölkəmizdə yaşayan müxtəlif millətlərin nümayəndələri özlərini Azərbaycan vətəndaşı hesab edirlər. Bu hal Ermənistan-Azərbaycan münaqişəsində özünü bariz nümayiş etdirdi. Belə ki, Azərbaycanda yaşayan çoxsaylı millətlərin nümayəndələri Vətən yolunda canlarını qurban verdilər, şəhidlik zirvəsinə yüksəldilər. Həmçinin Azərbaycanda hökm sürən tolerantlıq dünyamızın geniş mənada müxtəlifliyinin, insanların özünüifadə formalarının və şəxsiyyətin formalaşma üsullarının hörmətlə qəbul edilməsidir. Bu, nəinki mənəvi borc, eyni zamanda siyasi və hüquqi tələbatdır. Dini dözümlülük güzəşt yox, ilk növbədə, insan hüquqlarının qəbul edilməsi əsasında formalaşan fəal münasibətdir. İftixar hissi ilə qeyd edilməlidir ki, bu gün mütərəqqi dünyanın başlıca demokratik dəyərlərindən biri kimi təbliğ etdiyi tolerantlıq xalqımızın əsrlər boyu formalaşan və bir çoxları üçün örnək olan səciyyəvi xüsusiyyətidir.

Məlum olduğu kimi Azərbaycan müsəlman ölkə kimi İslam kimliyi ilə Asiya və Quzey Afrika İslam ölkələri ilə, bütün ortadogu müsəlman toplumları ilə dini və kültüral bütünlüyə malikdir. Eyni zamanda, İslam sivilizasiyasının bir parçası olaraq İslam dünyasının gələcəyinin quruluşunda aktiv rol oynamaq patensialına malikdir.Tarixi İslam mədəniyyətinə malik Azərbaycan ərazisi və əhalisinin böyüklüyü baxımından Qafqazın ən güclü ölkəsidir və bu coğrafiyada yaşayan xalqlar və kiçik etnik qruplarla tarixi, kültürəl, dini birliyə və Qafqaz kimliyinə malikdir. Bu baxımdan Azərbaycan bir Qafqaz ölkəsi olaraq bu məkanın iqtisadi və kültür cografiyasının gələcəyini müəyyənləşdirən mərkəz ölkə olma potensialına malikdir. Şərq-Qərb sivilizasiyalarının qovşagında yerləşdiyi üçün mədəniyyətinin təməlində Şərq-Qərb mədəni dəyərlərinin sintezini yarada bilmiş Azərbaycan cografi mövqeyi və mədəniyyəti ilə həm Şərqə, həm Qərbə nüfuz edə bilən mərkəz ölkəyı çevrilib. Avropa modernizm dəyərləri hesab olunan demokratiya, insan haqları, respublika, sientizm, sekulyarizm kimi dəyərləri mənimsəyərək İslam mədəniyyəti ilə sintezləşdirməklə özünəməxsus İslam mədəniyyəti yarada bilən Azərbaycan Şərqə də Qərbə də açıq ölkə olmaqla Şərq-Qərb arasında dialoq, harmoniya, əməkdalıq yarada bilmə imkanına sahibdir. Hazırda da Azərbaycan dövləti vətənaşların milli vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi, insanlarda vətəndaşlıq öhdəliklərinin aşılanması, milli-mənəvi dəyərlərin qorunması ilə yanaşı, müasir bəşəri dəyərlərin mənimsənilməsi istiqamətində ciddi addımlar atmaqdadır.

Qeyd edək ki, hər bir dövlətin mövcud olmasında, formalaşmasında və inkişafında milli ideyanın rolu əvəzsizdir. Buna rəğmən hazırkı şəraitdə bizim cəmiyyətdə bu sahədə ciddi bir boşluğun olması müşahidə edilməkdədir. Həmin boşluğun mövcud olması, cəmiyyətə kənardan ideoloji baxışların mütəmadi sirayət etməsinə, cəmiyyət, xüsusən isə gənclər arasında yad dünyagörüşlərin, ideoloji baxışların yayılmasına şərait yaradır, milli və mənəvi dəyərlərimizin zəifləməsi, təhrifə məruz qalmasına səbəb olur. Kənar ideoloji baxışların ən çox sirayət etdiyi sahələrdən biri də dini cərəyanlar və baxışlar vasitəsi ilə sirayət edən ideyalardır. Buna görə də milli kimlik ideyası və milli mənəvi dəyərlərimizin qorunması işinə eyni platformada baxılması və ideoloji işin aparılması zəruridir. Məsələnin həlli üçün dövlət tərəfindən təsdiqlənmiş normativ məzmunlu ideoloji hüquqi sənədin mövcudluğu zəruridir. Fakt isə ondan ibarətdir ki, bu gün Azərbaycan dini müxtəliflik baxımından çox zəngindir. Amma xoşbəxtlikdən müxtəlif dinlərin və dini-fəlsəfi cərəyanların yayıldığı ölkəmizdə bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşmış, milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmamışdır. Müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisində məskunlaşmış dini-etnik qruplar yerli əhali ilə qaynayıb-qarışmış, qohumluq əlaqələri qurmuşlar. Fərqli dini konfessiyaların nümayəndələri hər zaman həmrəy olmuş, vahid Vətənimizin azadlığı və firavanlığı uğrunda çalışmışlar. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda vuruşmuş, bu yolda canından keçmiş müxtəlif dini konfessiyalara mənsub vətəndaşlarımızın da uyuduqları Şəhidlər Xiyabanı bu gün bizim təkcə and yerimiz deyil, həm də qardaşlığımızın və vəhdətimizin rəmzidir. Fəxrlə demək olar ki, Vətənimizdə bu cür mükəmməl tolerantlıq mühitinin yaranması dini dözümlülüyün Azərbaycan xalqının xarakterik xüsusiyyəti və milli-mənəvi sərvəti olmasına dəlalət edir.

Alim Hüseynli

Yazı Azərbaycan Respublikasının Medianın   İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31