NATO çətin imtahan qarşısında
19 May 2022 14:35 SiyasətHərbi alyansda fikir ayrılıqları təşkilatın parçalanma riskini artırır
Tarix təkrar olunur. Qoca qitə bir neçə il əvvəl Türkiyəyə yaşatdıqlarını indi özü yaşayır. Bir vaxtlar Türkiyə Avropa İttifaqına üzv olmaq üçün uzun müddət mücadilə aparıb, Avropa qapılarında qaldığı kimi, indi də Avropa qoca qitənin iki ölkəsindən dolayı Türkiyənin qapısı arxasında qalıb. Söhbət Finlandiya və İsveçin NATO-ya üzvlüyünün reallaşmasına rəsmi Ankaranın razılığını almaq üçün göstərilən cəhdlərdən gedir. Helsinki və Stokholmun hərbi alyansa üzvlüyü məsələsi gündəmə gələn kimi Türkiyənin ortaya qoyduğu haqlı irad qoca qitəni Ankara qarşısında çətin vəziyyətdə qoyub. Son bir neçə gündür ki, Avropadan Türkiyəyə təşrif buyuran yüksək səviyyəli rəsmilərin ardı-arası kəsilmir. Maksimum dərəcədə çalışılır ki, Ankara Finlandiya və İsveçin NATO-ya üzvlüyünə veto qoymasın. Hələlik isə Ankara inadından geri çəkilən mövqedə deyil. Əslində haqlıdır da.
Birincisi, Türkiyə uzun illərdir ki, terrora, eyni zamanda özünün təhlükəsizliyinə qarşı mübarizə aparırkən, heç bir NATO ölkəsi Ankaranın yanında yer almadı. Baxmayaraq ki, NATO üzvü olan hər hansı bir ölkənin üzləşdiyi təhlükə, eyni zamanda hərbi alyansın üzlışdiyi təhlükə kimi xarakterizə edilir və bu məqam NATO-nun prinsiplərində öz əksini tapıb, lakin hərbi alyans bu illər ərzində həmin prinsiplərdən tamamilə uzaq oldu, sözün həqiqi mənasında ikili standart ortaya qoydu. Nəinki öz müttəfiqi, üzvü olan Türlkiyəyə terrorizmə qarşı mübarizədə dəstək verdi, hətta bir sıra hallarda bu mübarizəyə mane olmağa çalışıldı, terror dolayl və ya açıq şəkildə müdafiə olundu. Ona görə də hazırkı situasiyada Türkiyə Helsinki və Stokholmun NATO-ya üzvlüyünə veto qoymaqda yerdən göyə qədər haqlıdır.
İkincisi, Türkiyə terrorizmə qarşı mübarizə aparıb antiterror əməliyyatları həyata keçirdiyi halda, bu gün NATO-ya üzv olmaq istəyən Finlandiya və İsveç də məhz Ankaranın təhlükəsizliyinə yönəlik cəhdləri haqsız olaraq pisləyən ölkələr sırasında yer alırdı. Bu azmış kimi hətta Helsinki və Stokholm PKK və onun qolları olan YPĞ/PYD-nin aktivistlərinə ərazisində sığınacaq da vermişdi. Dəfələrlə rəsmi Ankara Helsinki və Stokholmdan həmin terrorçuların Türkiyəyə təhvil verilməsini istəsə də, lakin heç bir halda qardaş ölkənin istəyi nəzərə alınmamışdı. Ona görə də hazırkı situasiyada Ankara haqlı olaraq adıçəkilən iki ölkənin NATO-ya üzvlüyünə veto qoyur. Türkiyə haqlı olaraq iddia edir ki, Helsinki və Stokholm hərbi alyansa üzv qəbul olunacağı təqdirdə PKK və onun sağ qolu sayılan terror təşkilatlarına qarşı daha geniş qucaq açacaq və bunun baş verməyəcəyi barədə Ankaraya heç bir zəmanət verilmir. Digər tərəfdən hərbi alyansa üzv olmaq istəyən Finlandiya və İsveç Türkiyənin irəli sürdüyü şərtlərə də əməl etmək niyyətində görünmür.
Məlum olduğu kimi, Türkiyə sözügedən iki ölkənin NATO-ya üzvlüyünə yaşıl işığın yandırılmasının yalnız bəzi şərtlərin yerinə yetiriləcəyi təqdirdə mümkün olacağını açıqlayıb. Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib ki, Finlandiya və İsveçin NATO üzvlüyü ilə bağlı danışıqlar prosesi Türkiyənin hər iki ölkədən bütün gözləntilərinin yerinə yetiriləcəyi təqdirdə başlayacaq. Onun sözlərinə görə, Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı irəliləyiş yalnız Türkiyənin milli təhlükəsizlik problemlərinin həlli üçün konkret addımların atılması ilə mümkün olacaq. Eyni zamanda o vurğulayıb ki, əgər ölkələr Türkiyənin şərtlərini yerinə yetirməkdən imtina etsələr, o zaman İsveç və Finlandiyanın müraciətləri üzrə danışıqlarda irəliləyiş mümkün olmayacaq.
İndi top qarşı tərəfdədir. Helsinki və Stokholm ya Ankaranın şərtlərini qəbul edib NATO-ya daxil olmalıdır, ya da hərbi alyansın qapısı arxasında qalmalıdır. Necə ki, uzun illərdir Avropada mövcud olan ikili standartlar, Türkiyəyə qarşı ədalətsiz yanaşma səbəbindən Ankara Avropa İttifaqına tamhüquqlu üzv qəbul oluna bilmir, eyni aqibəti də hazırda Avropa və onun iki ölkəsi yaşayır. Bu arada onu da qeyd etmək lazımdır ki, Zaqreb də Finlandiya və İsveçin NATO-ya üzvlüyünə normal yanaşmayıb. Xorvatiya Prezidenti Zoran Milanoviç hər iki ölkənin NATO-ya daxil olmasına qəti şəkildə qarşı çıxıb. O, NATO-dakı səfirinə alyansın yeni potensial üzvlərinə qarşı çıxmaq üçün təlimatlar yazmağa hazır olduğunu bildirib. Xorvatiya Prezidenti vurğulayıb ki, NATO İsveç və Finlandiyanı qəbul etməzdən əvvəl Bosniya və Herseqovinada seçki qanunvericiliyində islahatların aparılması məsələsini həll etməlidir. Xorvatiya Prezidenti də Finlandiya və İsveçin NATO-ya daxil olmasına veto qoymağa hazır olduğunu bildirib.
Göründüyü kimi, Rusiyaya qarşı əsas güc mərkəzi sayılan və bu ölkənin sərhədlərinə doğru irəliləyən NATO çətin imtahan qarşısındaıdr və qurumda ciddi fikir ayrılıqları baş verməkdədir. Proseslər belə davam edəcəyi təqdirdə, hərbi alyansda parçalanmalar qaçılmaz olacaq.
Məhəmməd