Əgər Rusiya müharibədən məğlub ayrılarsa...
19 May 2022 14:35 SiyasətRəfail Becanov: "44 günlük Vətən müharibəsində Azərbaycanın göstərdiyi hərbi performans diqqətə alınmalı faktordur. Rusiyada da bunu hesablayırlar"
Rusiya prezidenti Vladimir Putin və onun komandası dəfələrlə etiraf edib ki, Rusiyanın Ukrayna ilə olan müharibəsinin səbəbi Ukraynanın NATO-ya üzv olmaq istəməsi, NATO -nun Rusiya sərhədlərinə yaxınlaşmasını özünə təhlükə hesab etməsidir.
Ukrayna ilə Rusiya arasında baş verən proseslərdən belə nəticə çıxarmaq olar ki, Kreml Sovet İttifaqından ayrılan 15 respublikanın Qərbə meyillənməsini, ABŞ və Avropa dövlətlərinin nəzarətində olan hərbi-siyasi bloklara qoşulmasını istəmir.
2008-ci ildə Gürcüstanda və 2014-cü ildə isə Ukraynada şahid olduq ki, Moskva keçmiş sovet ölkələrinin Rusiyanın iradəsindən kənar bir addım atmasını istəmir. Qərbə meyillənən hər iki ölkənin ərazisinin bir hissəsi bu hadisələrdən sonra Rusiyanın nəzarəti altına keçmişdi.
Ukraynada müharibə davam etdikcə, Rusiyaya tətbiq olunan sanksiyaların Rusiyanın iqtisadiyyatını nə dərəcədə zəiflətdiyini görmək çox da çətin deyil. Rusiya zəiflədikcə, Putinin sovet ölkələrini bərpa etmək planları da puça çıxır.
Ukraynada Qərb gücləri Rusiyaya qalib gələrsə və müharibə Rusiya ərazisinə keçərsə, sanksiyalar və hərbi məğlubiyyətlər nəticəsində Rusiyada iqtisadi böhran sosial partlayışa, hakimiyyət böhranına səbəb olarsa, Rusiyanın siyasi parçalanması qaçınılmaz olar.
Rusiya və Ukrayna müharibəsində baş verən proseslərdən nəticə çıxarmaq olar ki , əgər Rusiya müharibədən qalib ölkə kimi çıxarsa, digər post-sovet dövlətlərinə təsir gücü artacaq , hətta hərbi müdaxilə etməkdən belə çəkinməyəcək. Rusiya Ukrayna ilə müharibəni bitirdikdən sonra post-sovet ölkələrində və əsasən də Cənubi Qafqaz ölkələri ilə münasibətlərdə hansı dəyişiklikləri edə bilər ?
"Cümhuriyət" qəzeti və Cebhe.info Xəbər Portalının rəhbəri, siyasi şərhçi Rəfail Becanov mövzunu "OLAYLAR.az" - a şərh edib : "Rusiya -Ukrayna müharibəsinin tezliklə bitəcəyi hələ real görünmür. Müharibənin gedişində baş verən ciddi dəyişiklikdən nə zaman bitəcəyini proqnozlaşdırmaq olar. Hazırda Rusiya üstün mövqedədir. Ukrayna ordusu və ukraynalıların patriotizmi Rusiyaya qısa müddətdə öz istədityinə nail olmağa imkan vermədi. Qərb və NATO-nun da Ukraynaya bütün formalarda yardım etməsi Rusiyanı çətin duruma salıb. Silah yardımından humanitar yardıma qədər Ukraynaya hər formada Qərb tərəfindən dəstək verilir. O cümlədən işğalçılıq siyasətinə qarşı çıxan bütün ölkələr bu məsələdə Ukraynaya ən azı mümkün qədər humaniyar yardım göstərirlər. Elə buna görə də Rusiya qısa müddətə planlaşdırdığı müharibəni qələbəylə yekunlaşdıra bilmədi.
Regionda aktiv müharibə fazası yaşanır. Bu zamanda digər post-sovet ölkələrinin imperiya təhlükəsini hiss etmələri gözlənilmir. Amma təhlükə hər zaman var və qalır. Rusiyanın Ukrayna ilə müharibədən qalib və ya məğlub ayrılmasından asılı olmayaraq, digər post-sovet ölkələri üçün çətin bir dövrün başlanacağını düşünürəm. Qalib gələrsə güclü kimi, məğlub olarsa məğlubiyyətinin əvəzini çıxmaq üçün siyasi və iqtisadi təsir rıçaqlarını işə salacaq. Prosesin gedişi isə hərbi gücün hansı məqamda istifadəsini göstərəcək.
Hesab edirəm ki, ilk növbədə hədəf Cənubi Qafqaz ölkələrindən Gürcüstan olacaq. Ermənistan hakimiyyətdə kimin olmasından asılı olmayaraq, hər zaman Rusiyanın forpostu olub. Ona görə də Ermənistan asılı vəziyyətdə qalacaq və Rusiyanın hər hansı diqtəsinə qarşı çıxmayacaq. Əslində bütün tələb və istəklərinə boyun əyəcək. Gürcüstan isə gələcəkdə NATO üzvü olmağı hədəfləyir. Ona görə də Rusiyanın təzyiqinə məruz qalacağı istisna deyil. Azərbaycanla isə münasibətlər bir az fərqlidir. 44 günlük Vətən müharibəsində Azərbaycanın göstərdiyi hərbi performans diqqətə alınmalı faktordur və təbii ki, Rusiyada da bunu hesablayırlar. Eyni zamanda bu məsələdə Türkiyə amilini nəzərə almaq lazımdır. Hesab edirəm ki, bütün təzyiqlərə baxmayaraq, Azərbaycan üçün nəticələr böyük təhlükə anlamına gəlmir. Amma Cənubi Qafqazın digər iki ölkəsi və Mərkəzi Asiya ölkələri üçün daha çətin və sınaq bir dövr yaşanacaq".
Politoloq Vüqar Qadirov isə qeyd edib ki , "Rusiya Sovetlər İttifaqı dağılan ərəfədə münaqişə ocaqları yaratmaq ilə sonradan həmin münaqişə ocaqları vasitəsilə keçmiş imperiyanı bərpa etmək niyyəti güdüb. Bu gün Ukrayna ilə müharibə aparmaqda Rusiya belə hesab edirdi ki, qısa müddətdə Ukraynanı zəbt etməklə keçmiş postsovet ölkələrini öz nəzarəti altına ala bilər. Etiraf etmək lazımdır ki, əgər Rusiyanın Ukraynada planlaşdırdığı işğalçılıq siyasəti baş tutsa idi , mütləq və mütləq digər respublikaların Rusiyanın caynağına keçməsi an məsələsi idi. Qazaxıstanda baş verən hadisələrə nəzər yetirsək Rusiyanın SSRİ-ni hər hansı bir ad altında yenidən qurmaq istəməsini aydın şəkildə görmək mümkündür. Belə bir məqamda Rusiyanın Ukraynaya hücum etməsi və işlərin planladığı kimi getməməsi Rusiyanın zəifləməsinə, keçmiş postsovet ölkələrində təhlükəsizlik zəncirinin yaranmasına gətirib çıxarıb. Rusiya Ukraynada qalibiyyət əldə edərsə ilk növbədə Gürcüstana hücum edə bilər və Gürcüstanla Ermənistanı birləşdirərsə Azərbaycan avtomatik olaraq blokadaya düşmüş olacaq. Çünki, Türkiyə ilə əlaqələr kəsilərsə Azərbaycanın bu məsələdə vəziyyəti qənaətbəxş olmaya bilər. İranın da təbii ki , Azərbaycana münasibəti bəllidir. İran da Azərbaycanın bu regionda güclü bir dövlət olmasını və NATO üzvü olan qardaş ölkə Türkiyə ilə müttəfiq olmasını arzulamır. Biz, təbii ki, ilk növbədə Azərbaycanın təhlükəsizliyini düşünməliyik . Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və cənab prezident İlham Əliyevin Şuşada imzaladığı bəyannamədə Azərbaycan -Türkiyə qardaşlığından və müttəfiqliyindən bəhs olunub. Bu coğrafiyada Rusiyanın həmlə etməsini gözləmirəm. Əgər həmlə etsə belə düşünürəm ki, çox böyük reaksiya ilə qarşılana bilər. Amerika Birləşmiş Ştatlarının Lend-Liz qanununu işə salması və Ukraynaya bütün Qərbin humanitar və hərbi dəstək verməsi bu münaqişənin Ukrayna ərazisində uzadılması Rusiyanln zəiflədilməsinə gətirib çıxara bilər. Belə bir halda Rusiyanın başqa bölgələrdə özünə yeni bölgələr yaratması inandırıcı görünmür. Buna baxmayaraq keçmiş post-sovet ölkələri öz təhlükəsizliyini düşünməli və bu istiqamətdə ciddi addımlar atmalıdırlar" .
Nəsimi Ələsgərli