Rusiya-Ukrayna müharibəsi: dünya düzəni necə dəyişəcək?

Rusiyanın əsas hədəflərindən biri də Avropanın  Şərqdən-Qərbə yükdaşımalarda ən çox istifadə etdiyi marşrut dəhlizlərini ələ keçirməkdir 

Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin zahiri səbəbləri bəllidir.  Rəsmi səbəb olaraq  NATO-nun Şərqə doğru genişləndirilməsi  göstərilir. Rusiya NATO-nun Şərqə doğru genişlənməsini, onunla  sərhəd dövlətdə-Ukraynada yerləşməsini dayandırmaq  istəyir. Bu istəyi təmin  edilməyəndə, tələblərini zor gücünə qəbul etdirmək istəyir.
Amma müharibənin gedişində mərhələ-mərhələ gerçəkləşdirilən proqramlar göstərir ki, Ukrayna üzərində həyata keçirilən müharibənin rəsmən elan edilənlərdən fərqli səbəbləri də vardır.  Əlbəttə, indiki mərhələdə bu  mövzu üzərində çox dayanılmır, müharibənin rəsmi və qeyri-rəsmi səbəbləri müzakirə edilmir.  Çünki, müharibənin gedişində dəhşətli anlar yaşanır. Təkcə Buça qəsəbəsində törədilmiş fəlakətlər, soyqırım aktları, 300-dən çox insanın qətliamı dünyanın diqqətini o qədər məşğul edib ki, digər elementlərə yer ayırmaq imkansız olub. Ukraynadan dörd milyondan çox insanın məcburi köçkün düşməsi, onların Avropa ölkələrində yerləşdirilməsi problemləri isə vəziyyəti daha da gərginləşdirib. 
Amma bütün bunlar həm də zahiri görüntülərdir. Ukrayna müharibəsi fonunda paralel olaraq fərqli bir mübarizənin getdiyinin elementləri ortaya çıxır. Bu məqamlara diqqət yetirməyə çalışaq.  
Politoloq Yeganə Hacıyeva

"Olaylar.az"a açıqlamasında deyir ki,  Ukrayna üzərindən aparılan müharibə həm  Avropa, həm də  dünya üzrə qlobal təhlükəsizlik arxitekturasını dəyişdirir, dünya nizamını yenidən qurur: "ABŞ , Avropa Birliyi, İngiltərə , NATO yenidən konsolidasiya olunurlar. Bütün Avropa Rusiyanın hərəkətlərini pisləyir, müharibənin yaratdığı dəhşətləri müzakirə edir. Öz aralarında koordinasiya olunub Rusiyaya qarşı cəbhə açırlar. Amma eyni zamanda,  Rusiyanın Ukraynaya  hücumunu  Avropa üçün dirçəlmə şansı kimi də qiymətləndirirlər. Ukraynadakı müharibə fonunda  Qərbin postsovet coğrafiyasındakı  maraqlarının taleyi həll olunur".
Politoloq deyir ki, aparılan müharibə təkcə qlobal oyunçu qismində Avropa Birliyinin, ABŞ və İngiltərənin, NATO-nun siyasətinə təsir etmir. Həm də digər ölkələr üçün yeni situasiya yaradır: "Avropa Birliyi ölkələri müdafiə xərclərini artırır, NATO  Qərbi Avropa ölkələrinə kimi genişlənir. Paralel şəkildə qlobal müstəvidə Türkiyənin rolu güclənir. Türkiyə qlobal oyunçu kimi bu müharibə fonunda mövqelərini xeyli dərəcədə  möhkəmləndirdi, Avropanın təhlükəsizliyi faktoruna çevrildi".
Yeganə Hacıyevanın sözlərinə görə, Rusiyanın da bu müharibədə rəsmi elan edilənlərdən başqa bir sıra gözləntiləri var: "Rusiya ordusu Ukraynanın Azov dənizinə çıxış sahillərini işğal etdi, Ukraynananın Azova çıxışını bağladı. Bununla da Azov dənizində iki əsas marşrut dəhlizinə nəzarəti ələ keçirdilər. Bunlar Azov dənizi-Kerç boğazı-Berdyansk-Mariupol, həmçinin, Azov dənizi-Kerç boğazı-Taqanroq-Rostov marşrutlarıdır. Növbəti hədəf  Qara dənizdən keçən ən vacib dəhlizlərdir. Söhbət Qara dəniz-Bosfor boğazı-Odessa-Gürcüstanın Poti limanına qədər uzanan dəhlizdən gedir. Sonuncu dəhliz Şərqdən- Qərbə yükdaşımalarda Avropanın ən çox istifadə etdiyi bir marşrutdur. Bu marşrut qiymətlərə birbaşa təsir edən dəhlizdir". 
Yeganə Hacıyeva deyir ki, əgər Rusiya bu istəklərinə çatacaqsa, Avropanı özünün  təsir dairəsində saxlamaq  üçün yeni rıçaqlar qazanmış olacaq: "Rusiya Avropanın böyük dövlətlərini enerji resurları səbəbindən öz asılılığında saxlayır. Əgər bu qitənin əsas yükdaşıma marşrutlarını da ələ keçirsə, onda Avropanı təsir dairəsində saxlamaq üçün yeni bir rıçağa sahib olacaq". 

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də  hesab edir ki,  Rusiyanın Ukraynada apardığı müharibə fonunda dünya düzənində ciddi dəyişikliklər baş verir. Yadigar Məmədli

"Olaylar.az"a açılamasında deyib: "Rusiya -Ukrayna müharibəsi bütün sahələrdə olduğu kimi, media müstəvisinə, kommunikasiya siyasətinə də ciddi şəkildə təsir göstərib. Öncə onu deyək ki, 150-dən çox rusiyalı jurnalist təhlükəsizlik məqsədilə Rusiyadan  qaçıb, ayrı-ayrı ölkələrə sığınıblar. Onlar, Rusiyada qəbul edilmiş yeni qanun çərçivəsində 15 il  həbs və ya yüksək məbləğdə cərimə oluna biləcəklərindən ehtiyatlanaraq ölkədən qaçıblar. Qeyd edək ki,   Rusiyada müharibə dövründə informasiya mühitini tənzimləmək üçün yeni qanun qəbul edilib. Qanuna əsasən, Ukraynada  Rusiya tərəfindən aparılan hərbi əməliyyatları "işğal" və ya "müharibə" adlandıran KİV qurumları bağlanılmalı, yüksək məbləğdə cərimələnməlidir. Bu qanun dünya media məkanı üçün yeni bir tendensiyadır. Paralel şəkildə Ukrayna ərazisində 7 nəfər jurnalist qətlə yetirilib. Bu, dünya hərb tarixində qısa müddətdə-40 gün ərzində qeydə alınmış ən çox jurnalist ölümü faktıdır. Rusiya heç bir beynəlxal konvensiyaya məhəl qoymur. Media işçilərini şüurlu şəkildə hədəf alıb qırır. Bu da dünya üçün yeni bir tendensiyadır. Rusiya paralel şəkildə nəhəng sosil şəbəkə platformlarını-Youtube, Facebook və digərlərini bloklayıb, onlara qarşı rəsmi savaş açıb". 
Yadigar Məmədli deyir ki, Rusiyanın bu addımları cavabsız qalmayıb, qarşılıqlı təsirlərlə müşahidə edilib: "Sosial şəbəkə nəhəngləri, o cümlədən Youtube, Facebook Rusiya -Ukrayna müharibəsi dövründə öz siyasətlərində ciddi şəkildə dönüş ediblər. Bu platformalar öz fəaliyyətləri tarixində ilk dəfə qan, vəhşət, nifrət çıxışı elementlərinin nümayiş olunmasına imkan veriblər. Təbii ki, butün bunları Rusiyaya münasibətdə tətbiq ediblər. Bu sosial şəbəkə platformasının istifadəçiləri Rusiya ordusunun vəhşilikləri barədə qanlı görüntüləri çəkib gösətərə bilərlər, Rusiayaya qarşı nifrət çıxışı yaya bilərlər. Belə hal Youtube və Facebook-un tarixində ilk dəfədir baş verir. Yəni, sosial şəbəkələrin siyasəti müstəvisində qlobal dəyişiklikər baş verir. Bəlkə də onlar çoxdandır siyasi proseslərə qarışmaq istəyirmişlər. Rusiyanın davranışları da bir bəhanə olub". 

Deyilənlərdən belə nəticə çıxır ki, Rusiyanın Ukraynada apardığı müharibə birbaşa proseslərlə yanaşı, yan təsirlərlə də müşayiət olunur. Dünya düzənində bir çox standartlar dəyişir. Yəqin ki, müharibənin sonuna qədər bir çox yeniliklərin şahidi olacağıq. Amma bu yeniliklər bəşəriyyətin xeyrinədir, yoxsa, ziyanına? Bunu da zaman göstərəcək...

Nəsimi Ələsgərli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31