Brüssel görüşü Kremldə necə qarşılanacaq?
7 Aprel 2022 11:34 SiyasətNəhayət gözlənilən görüş baş tutdu. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti görüş keçirildi. 44 günlük Vətən müharibəsindən sonra bu tipli görüşlərə və tərəflər arasında müəyyən razılaşmaların əldə olunmasına bir qayda olaraq Kreml təşəbbüs göstərir və onu reallaşdırırdı. Ancaq son aylarda Brüsselin də bu istiqamətdə təşəbbüsləri gündəmə gəlir. Məlumat üçün qeyd edək ki, bir müddət əvvəl də Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri görüşmüşdü. Hələ həmin görüş ərəfəsində Brüsselin təşəbbüsünün Kreml tərəfindən heç də normal qarşılanmadığı, rəsmi Moskvanın ciddi cəhdlə Brüsseldə tərəflər arasında əldə edilən ümumi razılaşmaya mane olduğu ekspertlər tərəfindən qeyd edilirdi. Onu da etiraf etmək lazımdır ki, Rusiyanın dolayı yolla tərəflər arasında sülhə maneçilik yaratdığı da Kremlin zaman-zaman atdığı addımlarda hiss edilirdi. İndiki məqamda, Rusiya ilə Avropa arasında ziddiyyətlərin ən pik həddə çatdığı bir situasiyada Kremlin Brüsseldə keçirilən görüşü heç də qəbul edə bilməyəcəyi, vəziyyəti Azərbaycanla Ermənistan arasında gərginləşdirmək üçün istənilən təxribatçı addımı atacağı ehtimal olunur. Bəs görəsən ekspertlər nə düşünür?
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu məsələyə münasibət bildirərkən deyib ki, Avropa İttifaqının vasitəçilik təşəbbüslərində Rusiya amilini də nəzərə almaq lazımdır: "Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə aprelin 6-da Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında sayca ikinci üçtərəfli görüş keçirilib. Mövzular çox olduğundan müzakirə 4 saat çəkib. Liderlərin ortaq bəyanatından çıxış edərək görüşdə bir neçə nəticənin əldə edildiyini söyləmək mümkündür: "Birincisi, tərəflər həll edilməmiş humanitar məsələlərin aradan qaldırılmasının zəruriliyini vurğulayıblar. Bu sıraya Avropa İttifaqının minatəmizləmə, münaqişədə zərər çəkmiş əhaliyə yardım, reabilitasiya və yenidənqurma işlərinə ekspert və maliyyə dəstəyi aiddir. Ermənistan rəsmiləri hər yerdə Azərbaycan əleyhinə "erməni əsirlərin qaytarılması" mövzusunu qaldırırlar. Bunun qarşılığında Azərbaycan rəsmiləri Birinci Qarabağ savaşında minlərlə azərbaycanlı əsirin taleyi mövzusunu gündəmə gətirirlər. Ermənistan bu mövzunun üstündən sükutla keçməyə çalışır. İkincisi, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası məqsədilə aprelin sonuna qədər birgə komissiyanın yaradılması və iclasının keçirilməsi nəzərdə tutulub. Birgə sərhəd komissiyasının mandatı Ermənistanla Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası, sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətini təmin etməkdən ibarət olacaq. Üçüncüsü, bəyanata əsasən xarici işlər nazirlərinə bütün zəruri məsələlərin həll olunacağı gələcək sülh müqaviləsinin hazırlanmasını işləyib hazırlamaq tapşırılması qərara alınıb. Dördüncüsü, liderlər Ermənistanla Azərbaycan arasında, xüsusən də Cənubi Qafqazda kommunikasiya infrastrukturunun bərpasını müzakirə ediblər".
Mərkəz rəhbəri bir məsələyə xüsusi diqqət çəkib. Belə ki, Elxan Şahinoğlunun sözlərinə görə, liderlərin ortaq bəyanatında Minsk Qrupu və Qarabağ haqqında bir cümlə də yoxdur: "Bu Azərbaycanın xeyrinədir. Azərbaycan Minsk Qrupu çərçivəsində danışıqlarda maraqlı deyil və müharibədən sonra Qarabağ məsələsilə beynəlxalq təşkilatların məşğul olmasını istəmir, bu daxili məsələdir. Danışıqların Minsk Qrupu əvəzinə Avropa İttifaqı çərçivəsində aparılması Azərbaycan üçün faydalıdır. Azərbaycanın Avropa İttifaqı və İttifaqa daxil olan ölkələrlə sıx əməkdaşlığı var, Rusiyanın Ukraynada apardığı işğalçı müharibə fonunda Avropanın Azərbaycan neftinə və qazına ehtiyacı artıb. Brüsselin vasitəçiliyə marağını nəzərə alaraq rəsmi Bakının Avropa İttifaqı ilə strateji əməkdaşlıq sazişini imzalanması prosesini sürətləndirməsinə ehtiyac var".
Politoloq hesab edir ki, Brüsseldə vurğulanan bəndlər Azərbaycanın xeyrinədir: "Ancaq bu o demək deyil ki, ortaq bəyanatda göstərilən bəndlər qısa müddətdə yerinə yetiriləcək. Sərhədlərin müəyyənləşməsiylə bağlı danışıqlara başlanılması zərurəti İkinci Qarabağ müharibəsindən sonra bir neçə bəyanatda əks olunub. Buna baxmayaraq, Ermənistan qəbul etdiyi bəyanatlara zidd olaraq prosesi uzadır və buna görə təzyiqlə üzləşmir. Dəhliz məsələsində də irəriləyiş yoxdur. Liderlər birinci dəfə Brüsseldə 2021-ci ilin dekabrın 14-də görüşmüşdülər. O zaman qəbul olunan ortaq bəyanatda dəmiryolunun fəaliyyətinin bərpası ilə bağlı razılıq əldə olunmuşdu. Üstündən 3 aydan çox vaxt keçib və İrəvan heç bir addım atmayıb. Ermənistan prosesi uzatdığına görə Azərbaycan İran üzərindən dəmiryolunun çəkilməsilə bağlı Tehranla memorandum imzaladı. Avropa İttifaqının vasitəçilik təşəbbüslərində Rusiya amilini də nəzərə almaq lazımdır. Brüsseldə liderlərin birinci görüşü zamanı Rusiya hələ Ukraynaya hərbi müdaxilə etməmişdi və o zaman Kreml Avropa İttifaqının vasitəçiliyinə bir qədər səbirli yanaşa bilərdi. Ancaq Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan və Avropa İttifaqı Moskvaya qarşı sərt sanksiyalar tətbiq etdikdən sonra Kreml Brüsselin Azərbaycanla Ermənistan arasındakı vasitəçiliyinə mane olmağa çalışacaq. Təsadüfi deyil ki, Nikol Paşinyan Brüsseldə olarkən İrəvanda onun əleyhinə mitinq keçirilirdi. Digər tərəfdən Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanı aprelind 8-də Moskvaya çağırıb. Yəqin Mirzoyandan Brüssel görüşünün detallı hesabatını tələb edəcək".
Süleyman