"Ermənistan ordusunun tör-töküntüləriylə separatçı ünsürlərin at oynatmalarına göz yummayacağıq" - Deputat

Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti kontrolunda olan hissəsindəki separatçı ünsürlər ABŞ Dövlət Departamenti və Fransa Xarici İşlər Nazirliyinin dünənki açıqlamalarından ruhlanaraq ordumuzun bölmələrinə qarşı növbəti təxribata cəhd ediblər.

Millət vəkili Sahib Alıyev Olaylar-a bildirib ki,  Azərbaycan Müdafiə Nazirliyinin bildirdiyinə görə bu təxribatın da qarşısı alınıb  və itkimiz də yoxdur. 

Xankəndindəki separatçı ünsürlər də kölgəsinə sığındıqlarının,  eləcə də ABŞ Dövlət Departamenti və Fransa Xarici İşlər Nazirliyinin  narazılıqlarına rəğmən Azərbaycan ordusunun "son günlər ələ keçirdiyi mövqelərdən" çəkilmədiyini, gedən döyüşlərdə 3 zinvor itirdiklərini, 14-nün isə yaralandığını xəbər verir.

Ukraynadakı "özəl əməliyyat"ın bizim regionda geosiyasi alət rolunda  çıxış edən ünsürlərin davranışına təsirsiz ötüşməməsində təəccüblü heç nə yoxdur. Belə hallar proqnozlaşdırılırdı. Təəccüb doğuran ABŞ Dövlət Departamenti və Fransa Xarici İşlər Nazirliyinin açıqlamalarıdır. 

Ölkələrindəki hay lobbisiylə sıx iş birliyində olanlar deyəsən unudurlar ki,  Qarabağ Azərbaycan torpağıdır və Ukraynada "özəl əməliyyat" aparan Rusiyanın  "tikinti materialı"yla  davamlı təmin  etdiyi  Ermənistan ordusunun tör-töküntüləriylə separatçı ünsürlərin orada at oynatmalarına biz göz yummayacağıq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31