Nazirlikdə Böyük Britaniya səfiri ilə görüş keçirilib

Səhiyyə Nazirliyində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarpın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, görüşdə səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Azərbaycan-Böyük Britaniya münasibətlərinin dinamik inkişaf tendensiyasına malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, ölkələrimiz arasında bir çox sahəni ehtiva edən çoxşaxəli rasional münasibətlər mövcuddur. Səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev gələcəkdə elmi-tibbi və digər sahələrdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu qeyd edib.

Öz növbəsində səfir Ceyms Layl Şarp 44 gün davam edən Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərdə tibb müəsissələrinin yaradılmasında Böyük Britaniyanın köməyini əsirgəməyəcəyini vurğulayıb. Ümumbəşəri bəlaya çevrilən COVID-19 pandemiyası məsələsinə toxunan Ceyms Layl Şarp, postkovid dövründə Azərbaycan-Böyük Britaniya arasında əməkdaşlığın genişləndirilməsinin daha da zəruri olduğunu qeyd edib. Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə tərəflər səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin əczaçılıq sənayesində gələcək əməkdaşlığın önəmliyini qeyd ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31