Zəngilan rayonu beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcək
28 Oktyabr 2021 10:33 SiyasətTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağa səfəri bu səfər bir daha Azərbaycan-Türkiyə dostluğunu sübut edir. Etyiraf edilməlidir ki, bu, çox mühüm tarixi hadisədir. Türkiyə Prezidenti Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edib. Səfər çərçivəsində Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd (Zəngəzur dəhlizi) avtomobil yolunun da təməli qoyulub. Xatırladaq ki, Zəngəzur dəhlizi Zəngilan ərazisindən keçir. Dəhliz açıldıqdan sonra uzun illər blokadada qalmış Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası bu blokadadan xilas olacaq. Tarixi ərazimiz olan Zəngəzura 101 ildən sonra yenidən qayıdacağıq. Zəngilanı Naxçıvandan ayıran 40 kilometrlik Zəngəzur dəhlizinin bərpa olunması yeni iqtisadi perspektivlər yaradacaq. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, daha sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi qələbəsidir. Zəngəzur dəhlizi Avropanı Asiya ilə birləşdirən çox önəmli nəqliyyat dəhlizi olacaq. Azərbaycanla qardaş Türkiyə Cümhuriyyəti arasında quru sərhədlər bərpa olunacaq. Zəngilan rayonu isə beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcək. Millət vəkili Vüqar Bayramov qeyd edib ki, Türk dünyasının iki lideri- Azərbaycan və Türkiyə Prezidentləri Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoydular: " Yalnız iki Türk dövləti deyil, bütövlükdə bölgə, eyni zamanda türkdilli ölkələr üçün strateji əhəmiyyət daşıyacaq bu təməlqoyma regionda yeni düzənin formalaşdığını bir daha təsdiq etdi. Dəhliz Zəngəzur bölgəsindən keçməklə həmçinin Şərqi Zəngəzurun infrastrukturunu da özünə inteqrasiya edəcək. Bu baxımdan təməli qoyulan yeni avtomobil yol Zəngəzur dəhlizinə inteqrasiya olunacağı üçün onun infrastruktur elementinə çevriləcək. Digər tərəfdən, son təməlqoyma mərasimi də göstərir ki, Zəngəzur dəhlizinin reallaşması sadəcə zaman məsələsidir. Dəhlizin yaxın illərdə istifadəyə verilməsi praktik olaraq, qaçılmazdır".
Onun sözlərinə görə, Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq: "Söhbət 1.1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri strateji və iqtisadi baxımdan birləşdirəcək dəhlizdən gedir. Belə ki, Türkiyə 761.4 milyard dollar, Qazaxıstan 181.7 milyard dollar, Özbəkistan 57.9 miyard dollar, Azərbaycan 48 milyard dollar, Türkmənistan 48 milyard dollar və Qırğıxstan 8.5 milyard dollar nominal ÜDM-ə malikdirlər. Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək". Millət vəkili hesab edir ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir: "Bu Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq. Dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndırəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək".
V.Bayramov əlavə edib ki, gələn ilin dövlət büdcəsindən işğaldan azad edilmiş rayonların bərpasına da vəsiatin ayrılması nəzərdə tutulur: "2022-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə əsasən, gələn il dövlət büdcəsindən cəmi 14 rayona vəsait ayrılacaq. 52 rayon və şəhər gələn il dövlət büdcəsindən vəsait almayacaq və özünümaliyyələşdirmə prinsipi ilə işləyəcək. Layihəyə əsasən, Ağdam (dövlət büdcəsindən 4 milyon 980 min manat ayrılacaq), Balakən (1 milyon 612 min manat), Cəbrayıl (2 milyon 874 min manat), Goranboy (2 milyon 156 min manat), Xocalı (1 milyon 527 min manat), Xocavənd (1 milyon 540 min manat), Kəlbəcər (3 milyon 528 min manat), Qax (5 miyon 476 min manat), Laçın (2 milyon 416 min manat), Lerik (2 milyon 434 min manat), Oğuz (2 milyon 484 min manat), Yardımlı (2 milyon 103 min manat), Zəngilan (1 milyon 409 min manat) və Zərdab (2 milyon 917 min manat) vəsait alacaq. Dövlət büdcəsindən rayonlara gələn il cəmi 37 milyon 456 min manat vəsait ayrılacaq. Gələn il büdcədən vəsait alacaq 14 rayonun tən yarısı Qarabağ və Şərqi Zəngəzirda yerləşir. Qalanları isə respublikanın digər bölgələrindədir. İşğaldan azad olunun şəhər və rayonlarımızdan isə yalnız Şuşa, Füzuli və Qubadlı "özünü dolandıra" biləcək. Həmin rayonlarımıza mərkəzləşdirilmiş xərclərdən vəsaitin ayrılması nəzərdə tutulmayıb. Özünü maliyyələşdirəcək rayonların sayının çox olması müsbət haldır. Bu dövlət büdcəsindən asıllığın aradan qaldırlmasına imkan yaradır. Bununla yanaşı, hazırda əsas hədəflərdən biri də iqtisadiyyatın balanslı inkişafının dəstəklənməsi və region ilə paytaxt arasındakı iqtisadi fərqin mərhələli şəkildə azaldılmasıdır. Bu baxımdan, yaxın gələcəkdə özünü maliyyələşdirən rayonların daha çox dəyər yaratması olduqca vacibdir".
Alim