İran-erməni separatçıların nəfəs borusu

Azərbaycanla İran arasında münasibətlər hər ötən gün bir qədər də gərgin xarakter alır. İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixi Zəfər əldə etməsindən keçən müddət ərzində müntəzəm olaraq ölkəmizə qarşı müxtəlif təxribatlar törədən Tehran getdikcə təxribat traektoriyasını daha da genuişləndirir. İslam respublikasının öz din qardaşlarına qarşı belə düşmən münasibət bəsləməsi bir daha onu deməyə əsas verir ki, İran Qarabağın işğaldan azad edilməsini qəbul edə bilmir və bu səbəbdən Qarabağ münaqişəsi başlayandan bu günə qədər işğalçı və terrorçu Ermənistana dəstək verir. Elə ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov da belə düşünür. Onun sözlərinə görə, biz şahidi olduq ki, İran Ermənistanı özünə yaxın dövlət hesab edir, Ermənistanla  dostluq qardaşlıq siyasəti aparır: "İran bütün işğal illəri boyunca Ermənistana dəstək verdi. Müharibə zamanı belə Ermənistanı silah-sursatla təmin etdi. Ölkə rəhbərimiz də bu məsələyə diqqət çəkib. Açıq aşkar 44 günlük müharibədə İran Ermənistanı qaçaq yollarla silah-sursatla təmin etdi. Hətta bizim İranda yaşayan sərhədlə qonşu həmvətənlərimiz də müharibə dövründə bu daşınan silah-sursatı mediada, sosial-şəbəkələrdə  paylaşırdılar"

Yaxın tarixə nəzər salan Əkrəm Həsənov qeyd edib ki, XX əsrin başlarında Bolşevik Rusiyasının Azərbaycan- Türkiyə qardaşlığına qarşı həyata keçirdiyi ən böyük imperialist proyekt olan Zəngəzur proyekti çərçivəsində hər iki ölkəni bir-birinə bağlayan, Anadolunun Qafqaz və Türküstanla quru bağlantısını təmin edən Zəngəzur vilayəti Azərbaycandan alınaraq Ermənistana hədiyyə edilmiş, orada yaşayan müsəlman türklər öz dədə-baba torpaqlarından köçə məcbur edilərək Zəngilanla Naxçıvan arasında Ermənistanın tərkibində bir Meğri rayonu formalaşdırılmışdır: "10 Noyabr sazişinə görə açılması vacib olan Zəngəzur dəhlizi də zorla Azərbaycandan qoparılaraq Ermənistana verilən, İranın Ermənistanla 36 kilometrlik yeganə sərhəddinin də keçdiyi, işğalçı Yerevan hakimiyyəti və Qarabağdakı separatçılar üçün illər uzunu nəfəs borusu rolunu oynayan o ərazini əhatə etməkdədir. İranın həm İrəvana, həm də Xankəndindəki separatçı qüvvələrə intensiv yük daşıyan TIR-larının da istifadə etdiyi Qafan-Gorus yolunun təqribən 21 kilometrlik hissəsi isə vaxtiylə işğal altında olmuş hazırda azad edilən Zəngilan və Qubadlı rayonlarının ərazisindən keçməkdədir". Əkrəm Həsənov deyib ki, Azərbaycan ordusunun Qarabağ Zəfərindən sonra Bakı,  İran-İrəvan yoluna da nəzarət etmə imkanı qazanmış ,qanuni haqlarına, hərbi- siyasi yöndən açıq üstünlüyünə baxmayaraq region ölkələrinin yeni geosiyasi vəziyyəti qəbul edərək nəhayət  bir-birilərinin ərazi bütövlüyünə hörmət etmək şərtiylə sülh və əməkdaşlıqdan yana bir siyasət izləməsi üçün konstruktiv siyasətə davam etmişdir: "Bu səbəblə də həm Türkiyə, həm də Azərbaycan prezidentləri müharibədən dərhal sonra altılı regional əməkdaşlıq təklifini səsləndirmiş, 10 Noyabr sazişinə uyğun olaraq Zəngəzur dəhlizinin açılmasını, Ermənistanla sərhəddə  demarkasiya və demilitasiya işlərinin aparılmasını əsas gündəminə almışdır. Lakin  istər dəhlizin açılması, istərsə də Azərbaycanla sülh sazişinin imzalanması nöqtəsində  daxili və xarici çətinlikləri bəhanə edərək məsələləri zamana yayma taktikası həyata keçirən   Paşinyana bu nöqtədə Fransayla birlikdə Tehranın da dəstək verməsi, üstəlik İran  dövlətinə məxsus müxtəlif təyinatlı avtomobillərinin davamlı olaraq rəsmi Bakının icazəsi olmadan Azərbaycanın Qarabağ bölgəsinə giriş-çıxış edərək separatçılara yük daşıması  Azərbaycan iqtidarının səbrini daşırmış, İran səfiri XİN-ə dəvət edilərək bu davranışların dost və qonşu ölkə münasibətlərinə uyğun olmadığı ifadə edilmişdir. Etiraz notasından lazım olan nəticənin çıxarılmadığını görən Bakı əlində olan müxtəlif təsir mexanizmlərindən bəzilərini  işə salmaq üçün hərəkətə keçmişdir. Qafan-Gorus yolunun Azərbaycan ərazilərindən keçən hissəsində sərhəd-keçid postu, polis məntəqəsi quraşdırılaraq yoxalamalar həyata keçirilməsi, İrandan  gələn yük maşınlarından  gömrük rüsumu tələb edilməsi Azərbaycan- İran münasibətlərində gərginlik elementlərinin artmasına səbəb olmuşdur".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31