Ermənistanın terrorçulardan hərbi əsir düzəltmək şousu və Azərbaycan rəhbərliyinin qətiyyətli mövqeyi
4 Oktyabr 2021 13:03 Siyasətİkinci Qarabağ müharibəsi və 44 günlük tarixi Zəfərdən 1 ilə yaxın vaxt keçsə də, lakin hələ də döyüş meydanında məğlub olaraq kapitulyasiya aktı imzalayan işğalçı Ermənistan müharibə qanunlarına əməl etməyərək minalanmış ərazilərin xəritələrini Azərbaycana tərəfinə tam şəkildə vermir. Düzdür, ötən müddət ərzində rəsmi Bakının ciddi təzyiqləri və diplomatik hərbi təsir imkanları nəticəsində Ermənistan 2 rayon üzrə mina xəritələrini Azərbaycana verib, lakin bu son deyil və Azərbaycan Ordusunun erməni işğalından azad etdiyi ərazilərdə hələ də böyük bir miqyasda ərazilər minalanmış vəziyyətdə qalır. Maraqlı məqam ondan ibarətdir ki, İrəvanın hər zaman olduğu kimi bu dəfəki qeyri-konstruktiv mövqeyi və müharibə qanunlarına əməl etməməsinə beynəlxalq birlik göz yumur. Bu isə erməni işğalından azad edilmiş ərazilərimizə böyük qayıdış prosesinin sürətlənməsini ləngidir. Necə ki, 30 ilə yaxın müddətdə dünya birliyi, münaqişənin nizamlanması ilə məşğul olan təşkilatlar və dövlətlər 1 milyona yaxın qaçqın və məcburi köçkünümüzün taleyinə biganə qalıb, onların öz doğma yurd-yivalarına qayıtmasını təmin etmək istiqamətində heç bir addım atmayıb, eləcə də hazırda eyni mənfi tendensiya davam edir. Məhz beynəlxalq birliyin Ermənistana təsir göstərməməsinin nəticəsidir ki, soydaşlarımızın işğaldan azad edilən ərazilərə qayıdışı ləngiyir. Bunun əksinə isə qlobal miqyasda mövcud olan ermənipərəsət dövlətlər, təşkilatlar Azərbaycandan erməni əsirlərin qaytarılmasını tələb edirlər. Hansı ki, müharibə qanunlarına görə, hazırda Azərbaycanda saxlanılan erməni hərbiçilər 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərimizdə təxribatlar törətməyə çalışan terrorçulardır. Azərbaycan 44 günlük müharibə dövründə Ermənistandan fərqli olaraq ələ keçirdiyi bütün erməni hərbi əsirləri geri qaytarıb. İndiki halda Ermənistanın terrorçuları əsir kimi qələmə verərək Azərbaycandan onları buraxmağı istəməsi və beynəlxalq birliyin də İrəvanın bu duasına amin deməsi siyasi riyakarlıq, ikili standartların daha bir təzahürüdür desək yanılmarıq. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bu günlərdə İspaniyanın EFE İnformasiya Agentliyinə verdiyi müsahibədə bu məsələyə diqqət çəkərək Ermənistanın mina xəritələrini Azərbaycana verməməsini sərt şəkildə tənqid edib və haqlı olaraq İrəvanı cinayətkar ölkə kimi xarakterizə edib: "Mina xəritələrinin Azərbaycana təhvil verilməməsi Ermənistanın hərbi cinayətkar ölkə olmasının növbəti sübutudur. Azad olunmuş ərazilərdə yüz minlərlə mina basdırılıb. İlkin olaraq, minalanmış ərazilərin xəritələri tərəfimizdən tələb edildikdə, Ermənistan hökuməti ən yüksək səviyyədə bəyan edirdi ki, onlarda belə xəritələr yoxdur. Müharibə bitdiyi bir ilə yaxın dövrdə Ermənistanın xəritələri bizə verməməsi nəticəsində mülki vətəndaş və hərbçilərimiz arasında 150 nəfər həlak olmuş və ya ağır yaralanmışdır. Təqdim olunmuş bəzi xəritələrin dəqiqliyi yalnız 25 faizdir".
Prezident İlham Əliyev Ermənistan tərəfinin hərbi əsirlərlə bağlı uydurduğu iddialara da aydınlıq gətirib və İspaniya mediası vasitəsilə bir daha dünya ictiamiyyətini bilgiləndirib ki, İrəvanın hərbi əsir kimi qələmə verdiyi şəxslər əslində potensial terrorçulardır. Dövlət başçısının bu fikirləri həm də beynəlxalq birliyə, Azərbaycandan humanizm tələb edənlərə bir mesajdır ki, siz humanizm adı altında terrorçuları, terrorizmi müdafiə edirsiniz və bu da heç də xoş olmayan hallara, mənfi tendensiyalara, prezidentlərə gətirib çıxara bilər. Ona görə də həm işğalçı Ermənistan, həm də onu himayə edənlər bu kimi yanaşmalardan uzaq olmalıdırlar: "Beynəlxalq konvensiyalara əsasən, müharibə əsirləri müharibə zamanı saxlanılmış və ya əsir götürülmüş insanlardır. Müharibə zamanı saxlanılmış bütün şəxslər müharibə başa çatan kimi Azərbaycan tərəfindən dərhal Ermənistana qaytarılıb. Müharibənin başa çatmasından və Ermənistanın kapitulyasiya aktını imzalamasından iki həftə sonra Azərbaycana göndərilən adamlar azad etdiyimiz ərazilərdə dekabrın əvvəlində saxlanılıblar. Bunlar 62 nəfərdən ibarət olub və onların bəziləri cinayətlər törədiblər. Onlar hərbçilərimizə hücum edib və dörd nəfəri qətlə yetiriblər. Yəni, bunlar müharibə əsirləri deyil, onlar azərbaycanlı mülki əhaliyə və hərbçilərə hücum etmək məqsədilə göndərilmiş terrorçu və diversiya qrupunun üzvləridir".
Göründüyü kimi, rəsmi Bakının mövqeyi aydındır və terrorçuları azad etməkdə heç də maraqlı deyil. Əslində ən doğru variant da budur. Çünki yuxarıda qeyd etdiyimiz kimi bu kimi humanist addımlar gələcəkdə mənfi presidentlərə səbəb ola bilər. Ona görə də Ermənistanın terrorçulardan hərbi əsir düzəltmək şousu baş tutmayacaq. Hər halda Azərbaycan rəhbərliyini qətiyyətli mövqeyi belə deməyə əsas verir.
Füzuli