İran ölkəmizin ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır
30 Sentyabr 2021 11:02 Siyasətİki qonşu dövlət arasında nifaq sala biləcək addımlardan çəkinməlidir
Azərbaycan-İran münasibətləri dərin tarixi köklərə malikdir. Bu xalqlar əsrlər boyu bərabər yaşayıblar. İran və Azərbaycan xalqları islam aləminə mənsub olan xalqlardır. Elmi, mənəvi, mədəni əlaqələr bu xalqları tarix boyu birləşdirib. İranla Rusiya arasında bağlanan 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələrindən sonra Azərbaycan ikiyə bölünüb və böyük bir hissəsi İranın tərkibində qalıb. Hazırda İran İslam Respublikasında 30 milyona yaxın azərbaycanlı yaşayır. Azərbaycan Respublikası ilə İran İslam Respublikasının 765 km. uzunluğunda sərhədi var. Bunları nəzərə alaraq Azərbaycan İran İslam Respublikası ilə dostluq, qardaşlıq əlaqələrini inkişaf etdirmək niyyətindədir. İran Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanıyıb. Diplomatik münasibətlər 12 mart 1992-ci ildə yaradılıb. Diplomatik münasibətlər yaradılmamışdan əvvəl də tərəflər bir - birlərinə yüksək səviyyədə maraq göstərib. 1990-cı ildə İran İslam Respublikasının prezidenti Haşimi Rəfsəncani, 1991-ci ilin dekabrında isə xarici işlər naziri Əli Əkbər Vilayəti Azərbaycanda səfərdə olublar. Vilayətinin səfəri əsasən İranın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində vasitəçiliyi ilə əlaqədar olub. Bu vasitəçilik Ermənistanın işğalçılıq hərəkətlərinə görə səmərəli alınmayıb. 8 may 1992-ci ildə Azərbaycan rəhbərliyi Tehranda Ermənistan tərəfi ilə danışıqlar aparan zaman erməni hərbi birləşmələri Şuşa şəhərini işğal edib. 1992-ci ildə Azərbaycanda Xalq Cəbhəsi hərəkatının hakimiyyətə gəlməsindən sonra Azərbaycan-İran münasibətlərində fərqli mərhələ başlayıb. Bu dövr (1992-1993) tərəflər arasında gərginlik mərhələsi hesab olunur.
Elə Azərbaycan torpaqlarının Ermənistan dövləti tərəfindən işğal olunduqdan sonra da İranın ölkəmizə qarşı münasibəti birmənalı olmayıb. Diplomatik raunqda Azərbaycanın ərazi bütövlüyünü tanıdığını desə də, praktik əməldə işğalçı dövlətə daim dəstək nümayiş etdirib. Ermənistanı daim humanitar yardım adı altında silah və yanacaqla təmin edən İran bu gün də ikrah doğurucu əməlini davam etdirməkdədir. Belə ki, Azərbaycanın dəfələrlə rəsmi xəbərdarlıq etməsinə baxmayaraq İran erməni nömrəli maşınlarla Azərbaycan ərazisi vasitəsilə Ermənistana ən müxtəlif adda yük daşınmasını həyata keçirir. Hətta belə qanunsuz addımların qarşısının alınması məqsədilə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə üç gün ərzində iki dəfə görüşüb. Danışıqlar heç bir nəticə vermədiyindən cari il sentyabrın 12-də Azərbaycan Ermənistanla sərhəddə, Qafan-Gorus yolunun Azərbaycandan keçən hissəsində polis və gömrük postu qurub, ölkə ərazisinə girən İran nömrəli nəqliyyat vasitələrinin gömrük rüsumuna cəlb olunmasına başlayıb. Azərbaycanın bu addımına ironia ilə yanaşanlar bilməlidirlər ki, Azərbaycan region ölkələri ilə həmişə dinc şəkildə əməkdaşlığın və münasibətlərin inkişaf etdirilməsinin tərəfdarı olub, hər zaman da öz mövqeyində bunu aydın nümayiş etdirib. Dünya ölkələrinin ərazi bütövlüyü məsələsinə ölkəmiz həmişə hörmət göstərib. Ona görə eyni mövqeni dünya ölkələrindən tələb etmək haqqına da malikdir.
Məhz bu səbəbdən prezident İlham Əliyev Türkiyənin "Anadolu" Agentliyinə müsahibəsində məsələyə aydınlıq gətirib: "Müharibə başa çatandan sonra artıq Laçın dəhlizi gözümüzün önündədir və bizim hərbi mövqelərimizdən Xankəndiyə gedən yola məsafə bəlkə də 5-6 metrdir. Biz Laçın dəhlizi boyunca və o cümlədən Şuşa ətrafında və digər yerlərdə kifayət qədər texniki imkanlara malikik. Kameralar var, peykdən istifadə edirik, dronlardan istifadə edirik. Biz yenə gördük ki, bu tırlar müharibədən sonra da oraya getməyə davam edir. Belə olan halda, mən bizim Prezident Administrasiyasının əməkdaşlarına göstəriş verdim ki, İranın Azərbaycandakı səfiri ilə danışsınlar. Biz bunu rəsmiyyətə salmaq istəmirik, dostcasına danışsınlar və söyləsinlər ki, buna son qoyulmalıdır. Bu, bizə qarşı hörmətsizlikdir. Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlikdir, buna son qoyulmalıdır. Bu söhbət səhv etmirəmsə, iyul ayında olmuşdur. Ondan sonra təbii ki, biz bunu izləməyə başladıq və hər ayın başında bizdə məlumat yığılır ki, nə qədər tır girdi, neçə tır çıxdı, nə gətirdi, nə apardı. Onların nömrələrinə qədər bizim bütün bilgilərimiz var və onlar mətbuatda dərc olunub. Amma nə etdilər ondan sonra? İran tırlarının üzərinə erməni nömrələrini yapışdırmağa çalışdılar. Belə bir saxtakarlığa yol verdilər və bizi aldatmağa çalışdılar. Olduqca səriştəsiz bir addım atıldı - o tırın üstündə fars dilində yazılan sistern, altda da erməni nömrələri. Onu da sizə bildirməliyəm ki, eyni nömrələri bir neçə avtomobilin üstünə də yapışdırdılar. Yəni, o qədər səliqəsiz görülən bu iş nəyi göstərir? Onu göstərir ki, bu işi davam etdirmək, sadəcə olaraq, bunu pərdələmək istədilər. Təbii ki, belə olan halda, bir ay keçəndən sonra biz artıq rəsmi qaydada diplomatik nota verdik. İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət edildi, ona iradlar bildirildi və xahiş olundu ki, buna son qoyulsun. Bu, avqust ayının ortalarında olan məsələdir. Biz ümid edirdik ki, buna son qoyulacaq. Ancaq buna baxmayaraq, avqustun 11-dən sentyabrın 11-nə qədər yenə də İrandan gələn 60-a yaxın tır qanunsuz olaraq Qarabağa hərəkət etdi. Bunun qabağını almaq üçün biz artıq praktiki addımlara keçdik. Yəni, bizim davranışımız, addımlarımız məsuliyyətlidir, dostluq əlaqələrinə əsaslanandır. Birinci dəfə şifahi xəbərdarlıq, ikinci dəfə rəsmi nota, üçüncü dəfə postlar - gömrük, sərhəd, polis. Beləliklə, biz Azərbaycan ərazisindən keçən yola artıq nəzarət etməyə başladıq və ondan sonra Qarabağa gedən tırların sayı sıfra endi. İndi baxın, buna gətirib çıxarmaq lazım idimi? İndi orada - rus sülhməramlı qüvvələrinin nəzarətində olan Qarabağ bölgəsində cəmi 25 min adam yaşayır. Yəni, bu bazar o qədər önəmlidir? O ticarət o qədər önəmlidir ki, dost, qardaş saydığın ölkəyə qarşı belə nümayişkaranə hörmətsizlik edirsən? Əlbəttə, biz beynəlxalq konvensiyalarda, beynəlxalq hüquqda təsbit edilmiş bütün imkanlardan istifadə etdik. Bəziləri deyir ki, indi İran tırlarından rüsum götürülür. Biz xarici ölkəyə gedəndə rüsum ödəyirik? Ödəyirik. Onlar Azərbaycan ərazisindən istifadə edirlər, rüsum ödəməlidirlər? Ödəməlidirlər".
Birmənalı şəkildə qeyd edilməlidir ki, Azərbaycan ərazilərindən istifadə edərək, qanunsuz yükdaşımaları həyata keçirənlərə haqlı olaraq Azərbaycan qanunlarına uyğun şəkildə sərt reaksiya nümayiş etdirilir və etdiriləcək də. Məlum olduğu kimi İrana məxsus yük maşınlarının "Stepanakert, Armenia" sənədi əsasında Azərbaycan ərazilərində qanunsuz hərəkəti qınanılan halıdır. Bu, Azərbaycan-İran münasibətlərinin xarakteri ilə heç cür uzlaşmır. İran Azərbaycan ərazi bütövlüyünü tanıdığını, ölkəmizlə münasibətlərə önəm verdiyini həmişə bəyan edib, amma belə hallar iki ölkə arasındakı münasibətlərə müəyyən soyuqluq gətirə bilər. Odur ki, belə hallara olduqca həssas yanaşılmalıdır.
Dövlət başçısı məlum müsahibədə İranın Azərbaycan sərhədində keçirdiyi təlimlərə də aydınlıq gətirib: "O ki qaldı bizim sərhədimizin yaxınlığında keçirilən hərbi təlimlərə, bu, çox təəccüb doğuran bir məsələdir. Çünki 30 illik müstəqillik dönəmində belə hadisələr olmamışdır. İlk növbədə, deməliyəm ki, hər bir ölkə öz ərazisində istənilən hərbi təlimi keçirə bilər. Bu, onun suveren hüququdur, söz ola bilməz. Ancaq, eyni zamanda, bunu bir zaman kəsiyində analiz edərkən görürük ki, bu, heç vaxt olmamışdır. Nə üçün məhz indi? Nə üçün məhz bizim sərhədimizdə? Bu sualları mən yox, Azərbaycan ictimaiyyəti verir. Bu sualları dünya azərbaycanlıları verir. Bir sual da verilir ki, nə üçün işğal dövründə o bölgədə təlim keçirilmirdi? Ermənilərin Cəbrayılda, Zəngilanda, Füzulidə oturduğu dövrdə nə üçün təlim keçirilmirdi? Nə üçün bu, biz torpaqları azad edəndən sonra, 30 illik əsarətə, işğala son qoyandan sonra keçirilir? Bu suallar legitim suallardır. Əlbəttə, biz istəyirik ki, bölgədə uzunmüddətli əməkdaşlığa zərbə vuran heç bir hal olmasın. Bir daha demək istəyirəm ki, Azərbaycan burada da özünü çox məsuliyyətlə aparır, təmkinlə aparır. Ümid edirik, bizim legitim addımlarımıza emosional reaksiya, yəqin ki, müvəqqəti xarakter daşıyır".
Sirr deyil ki, Ermənistanın ölkəmizə qarşı təxribatlarının bir istiqaməti də region ölkələri ilə Azərbaycanın münasibətlərinə soyuqluq gətirməyə, gərginlik yaratmağa hesablanıb. Məhz bu məsələdə də erməni izinin, erməni təxribatlarının olmağını da nəzərdən keçirmək mütləqdir. Lakin buna baxmayaraq, Azərbaycan ərazilərində heç bir halda qanunsuz hərəkətlərə yol verilməməlidir. Qafan-Gorus yolunun 21 kilometr ərazisi Azərbaycanın nəzarəti altındadır. Bu ərazidən qanunsuz yüklərin keçməsinə təbii ki, yol verilə bilməz. Odur ki, İran Azərbaycana qarşı münasibətdə ölkəmizin ərazi bütövlüyünə hörmətlə yanaşmalı, iki qonşu dövlət arasında nifaq sala biləcək addımlardan çəkinməlidir.
Zəka