İranda keçiriləcək prezident seçkilərindən gözləntilər

Politoloq: "Yeni sürprizlərin ortaya çıxacağı şübhəsizdir"

İranda iyun ayının 18-nə təyin olunmuş prezident seçkilərində iştirak etmək üçün namizədlərin qeydə alınması başa çatır. Bu İslam ölkəsində dini liderdən sonra ölkənin ikinci şəxsinin seçilməsi regionda və beynəlxalq aləmdə diqqət çəkən hadisə ola biləcəyi şübhəsizdir. Amerika Birləşmiş Ştatlarınd keçirilmiş prezident seçkilərindən bir ilə yaxın müddət keçməsindən sonra keçiriləcək bu seçkilərdə beynəlxalq, yoxsa regional güclərin söz sahibi olacaqları müzakirə mövzusudur. Politoloq Əlimusa İbrahimov bildirib ki, ötən ilki parlament seçkilərində qalib gəlmiş mühafizəkar  qüvvələrin  reforma tərəfdarlarını onların son dayaqlarından - icraedici hakimiyyətdən məhrum etməyə geniş imkan yaranıb. Bu haqda artıq proqnozlar verilməkdədir. Mühafizəkar prezidentin Amerika və Qərb üçün nə qədər çətin tərəfmüqabili olacağı qabaqcadan bilinsə də beynəlxalq qüvvələr reformaçıların qələbəsi üçün zəruri şəraiti yaratmaq istəmədilər. Onlar görə-görə İranla daha böyük qarşıdurmanı üstün tuturlrar: "Başda Həsən Ruhani olmaqla Amerika tərəfindən tətbiq olunan sanksiyaların aradan qaldırılmasına və iqtisadi reformalar keçirməyə nail ola bilməyən reformaçılar çox mürəkkəb vəziyyətlə ilə üz-üzədirlər: keçmiş prezident Mahmud Əhmədnejat və Parlament spikeri Məhəmməd Qalibafın da dəstəkləyəcəyi  mühafizəkarlardan birinə qarşı çıxa biləcək və liberal qüvvələri birləşdirmək funksiyasını həyata keçirə bilən şəxsi tapıb ortaya çıxarmaq. Mart ayının 16-dan start verilmiş prezident seçkisi kompaniyasında 2 mindən artıq namizədin iştirak edəcəyi gözlənilsə də hələ aydınlaşdırılmalı çoxlu məsələlər mövcuddr. Seçkilərdə iştirak edəcək namizədlərin siyahisi Mərkəzi Seçki Komitəsi tərəfindən hələ elan olunmalıdır. Formal olaraq İran vətəndaşlığını daşıyan, İslam dininə itaət edən, qənaətbəxş tərcümeyi-hala malik hər bir iran vətəndaşı prezident seçilə bilər. Lakin Prezident kürsüsünə real namizədlərin sayı barmaqla sayılacaq qədər azdır. Namizədlərin əksəri ən layiqli namizədlərin seçilməsi üçün filtir funksiyasını yerinə yetirən Konstitusiya Mühafizəsi Şurası tərəfindən tətbiq olunan seçimdə ilişib qalaraq finişə çata bilməyəcəklər. Şura tərəfindən seçkiyə buraxılmış şəxslərin təbliğat kompaniyası seçkiyə ən azı bir ay qalmış başlayacaq. Məhz bundan sonra hansı cəbhənin nümayəndəsinin  qalib gələcəyi haqqında müəyyən proqnoz vermək olar. Amma indidən İranı  Həsən Ruhaninin 8 illik hakimiyyətindən fərqli bir hakimiyətin gözlədiyini demək mümkündür".

Onun sözlərinə görə, 2013-cü ildə ölkəni beynəlxalq izolyasiyadan çıxarmaq, vaxtı çatmış sosial-iqtisadi reformaları həyata keçirmək  şüarları altında seçkilərdə qalib gələn Ruhani 8 ildən sonra əldə etdiyi heç bir nailiyyətlə fəxr edə bilmir. Bu da mühafizəkarların əlinə qalib gəlmək üçün ciddi arqumentlər verir: "Ruhaniyə qarşı irəli sürülən iddialar isə yetərincədir: iqtisadiyyatın sıfır inkişafı, hətta geriləmə, investisiyaların ölkədən çıxarılması,iran İslam Respublikasının bütün tarixi boyu ən yüksək  səviyyədə inflyasiya, fond bazarının yıxılması, dolların kursunun 700 faizlik artımı, mənzil tikintisinin 50 faiz aşağı düşməsi, sosial bərabərsizliyin təhlükəli həddə çatması və sair. İndi qarşı cəbhənin nümayəndələri Həsən Ruhaniya 2013-cü il prezident seçkiləri zamanı onun Mahmud Əhmədnejada qarşı istifadə etdiyi " bütün uğursuzluqlara görə prezident cavabdehdir" şüarını xatırladırlar. Tramp hakimiyyətinin 2015-ci ildə bağlanmış P5+1 müqaviləsindən çıxması və bunun ardınca sanksiyaları gücləndirməsi, yeni sanksiyaların tətbiq edilməsi, pandemiyanın yaratdığı problemlər Ruhani hakimiyyətinə vurulan ən böyük zərbə idi. Bunlar reformaçıları 2021-ci ildə keçiriləcək Prezident  seçkilərində faydalana  biləcəkləri bütün layihələrdən məhrum etdi. Amerikanın yeni seçilmiş prezidenti Co Bayden "Birgə Əhatəli Fəaliyyət Planına" qayıtmaq fikrində olduğunu ifadə edən işarələr versə də bu sahədə ciddi irəliləyiş yoxdur. Çox ehtimal olunur İrandakı seçkilərin keçirilməsinə qədər Amerika tərəfindən bu seçkilərin taleyinə təsir göstərə biləcək addım atılmayacaq. Çünki Amerikada yenə də İranın sanksiyaların qeydi-şətsiz olaraq aradan qaldırılması çağırışlarına olumlu cavab verilmir. Uğursuzluqlara baxmayaraq Ruhani hökuməti axıra  qədər mübarizə aparmaqda israrlıdır. Son zamanlar İranın Çin Xalq Respublikası ilə ikitərəfli Ihatəli strateji Əməkdaşlıq haqqında müqavilə imzalanması və Rusiyanın aparıcı rol oynadığı Avrasiya İqtisadi Əməkdaşlıq təşkilatına üzv olmaq haqqında danışıqlar aparması elektoratın reformaçılara tərəf istiqamətlənməsində mühüm rol oynayacağı şübhəsizdir. Xüsusilə Çin ilə imzalanmış və hərbi sahə də daxil olmaqla müxtəlif sahələri əhatə edəcək müqaviləyə iranda böyük ümidlə baxırlar. 25 il ərzində olsa belə Çinin vəd etdiyi 450 miyard dollarlıq investisiya İran üçün çox böyük əhəmiyyət kəsb edəcək. Amma bu müqavilədən yaxın gələcəkdə keçiriləcək seçkilərdə reformaçıların bir nailiyyət kimi istifadə edilə biləcəyi bir qədər mürəkkəb görünür. Müqavilənin lazımi səviyyədə təbliğ olunması üçün qalan vaxt və imkandan maksimum istifadə olunarsa buna nail olmaq mümkündür".

Politoloq qeyd edib ki, keçən ilin fevral ayında keçirilmiş parlament seçkilərində inamlı qələbəyə imza atmış və parlamentə nəzarəti  ələ keçirmiş mühafizəkarların prezident postunu da əldə etmələri üçün hər cür imkanları var: "İyun seçkilərində mühafizəkarların irəli çıxaracaqları və qalib gəlmək imkanları olan namizədlər arasında keçmiş prezident Mahmud Əhmədnejadın, 2013-cü ildə keçirilən seçkilərdə Həsən Ruhaninin əsas rəqibi olmuş Tehran şəhərinin keçmiş meri və hazırki parlament spikeri Məhəmməd Qalibafın və Ali Məhkəmənin sədri İbrahim Rəisinin adı hallandırılır. İbrahim Rəisi 2017-ci ildəki seçkilərdə iştirak etmiş və Həsən Ruhaniyə bu seçkini uduzmuşdur. Reformaçılara gəlincə, onların sırasında mühafizəkar qüvvələrlə rəqabətə girə biləcək potensial namizəd gözə dəymir. Həsən Ruhanidən sonra onun komandasında ən ciddi fiqur Xarici İşlər Naziri Cavad Zərif hesab olunsa da onun prezident olmaq ambisiyaları haqqında ciddi məlumat yoxdur. Amma bu sırada yenə də keçmiş prezident Məhəmməd Hatəminin imkanlarını yüksək qiymətləndirir və ona reformaçıları bir arada birləşdirə biləcək qüvvə kimi baxırlar. Qeyd olunanlar İran İslam Respublikasında iyun ayı üçün nəzərdə tutulan seçkilər haqqında bu günkü vəziyyətdən çıxış edərək verilə bilən proqnozlardır. Amma seçkidə iştirak üçün qeydiyyatdan keçən namizədlərin siyahisinin dərc olunması günündən başlayarq, hətta seçki bitənə qədər zaman-zaman yeni sürprizlərin ortaya çıxacağı şübhəsizdir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31