Ermənistan hərbi cinayətlərə görə cavab verməlidir
1 Aprel 2021 15:48 Siyasətİşğalçı Ermənistanın Azərbaycan ərazisinə təcavüz erdiyi gündən indiyə qədər yol verdiyi cinayətlər bitib-tükənmək bilmir. İşğalçılıq və terrorçuluq siyasəti ilə yanaşı vandalizm, barbarlıq, müharibə cinayətlərinə yol verən Ermənistanın zaman-zaman yeni-yeni cinayətləri üzə çıxır. Müharibə qanunları və beynəlxalq konvensiyalara zidd olaraq 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın döyüş bölgələrindən çox-çox uxzaq şəhər və rayonlarını hədəf alan Ermənistan bu qeyri-insani hərəkətləri zamanı da bütün beynəlxalq hüquq və normaları, müharibə dövrünün qaydalarını pozub. Artıq Ermənistanın hərbi rəhbərliyinin 44 günlük müharibə dövründə Azərbaycanın Gəncə və Bərdə şəhərlərinə uzaq mənzilli dağıdıcı raketlər atması faktı təsdiqini tapıb. Məhz Ermənistanın həmin qeyri-insani davranış və hərəkətləri nəticəsində onlarla dinc sakin həlak olmuş, yüzlərlə vətəndaşımız müxtəlif dərəcəli xəsarət almış, bir o qədər mülki obyektlərə, yaşayış məntəqələrinə zərər vurulmuşdu.
44 günlıük müharibə Azərbaycanın qələbəsi ilə başa çatdıqdan və işğal altında olan ərazilərimiz azad edildikdən sonra da yeni-yeni erməni vəhşiliklərinin şahidinə çevrildik. Məlum oldu ki, Ermənistan rəhbərliyi 30 ilə yaxın işğal altında saxladıqları şəhər və rayonlarımızı xarabalığa çevirib, daşı-daş üstə qoymayıblar. Nə Cəbrayıl, nə Zəngilan, nə Qubadlı, nə Ağdam, nə də bu illər ərzində işğal altında saxlanılan digər şəhər və rayonlarda bir dənə olsun belə sağlam bina saxlamayıb, viranə qoyublar. Təsadüfi deyil ki, işğaldan azad edilən ərazilərə səfər edən xarici jurnalistlər Ağdamda gördükləri mənzərədən şoka düşərək öz çalışdıqları media qurumlarında bu şəhəri Yaponiyanın Xirosima şəhəri ilə eyniləşdirib, erməni vəhşiliklərini dünyaya bəyan ediblər.
Həm bu, həm də Gəncə və Bərdə şəhərlərinə uzaqmənzilli və dağıdıcı təsirlərə malik raketlərin atılması Azərbaycana imkan verir ki, Ermənistanla bağlı beynəlxalq məhkəmələrə, insan hüquqlarının qorunması və mühafizəsi ilə məşğul olan qurumlara müraciət edərək işğalçı ölkənin müxtəlif dövrlərdə Ermənistanı idarə edən siyasi və hərbi rəhbərliklərinin cəzalandırılmasını tələb etsin. Paralel olaraq Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərində basdırdığı minaların xəritəsini rəsmi Bakıya verməməsi də müharibə cinayətlərindən sayıla bilər və Azərbaycan Ermənistanın bu qeyri-insani, müharibə qanunlarına zidd hərəkətləri ilə bağlı da beynəlxalq təşkilatlar, müvafiq qurumlar qarşısında məsələ qaldıra bilər. Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov da hesab edir ki, Ermənistan bu addımı ailə müharibə qanunlarını pozmuş olur. Onun sözlərinə görə, müəyyən vaxt tələb etsə də, Azərbaycan Ermənistanın sözügedən qeyri-insani davranışına görə İrəvandan müəyyən beynəlxalq qurumlara şikayət edə, hətta məhkəməyə müraciət edə bilər.
Göründüyü kimi müharibə başa çatsa da, lakin Ermənistanın cinayətləri hələ də bitib-tükənmir. Bu arada yenidən "İsgəndər" raketi məsələsinin gündəmə çıxması İrəvan üçün yenidən ciddi baş ağrısına çevrilə bilər. Belə ki, işğaldan azad edilən ərazilərdə aparılan minatəmizləmə əməliyyatı zamanı aşkar edilən partlayıcı qurğuların qalıqları sırasında "İsgəndər" raketinin qalıqlarına rast gəlinib ki, bu da ikinci Qarabağ müharibəsi zamanı Ermənistanın daha bir müharibə cinayətinə yol verərək Azərbaycana qarşı "İsgəndər" raketindən istifadə etdiyi faktını ortaya qoyur. Elə Ermənistanın bəzi indiki və keçmiş hərbi rəsmilərinin də etiraflarından anlaşılır ki, İrəvan 44 günlük müharibədə Azərbaycana qarşı "İsgəndər" raketindən istifadə edib. Hətta raketlərdən birinin Şuşa şəhərini hədəf aldığı da üzə çıxıb. Lakin sonradan hərbi elita arasında yaranan fikir ayrılığı və siyasi rəhbərliyin çətin duruma düşməsi Şuşanı hədəfdən yayındırıb. Əks halda Şuşa da "İsgəndər" raketi ilə Ağdamın gününə salınacaq və yerlə yeksan ediləcəkdi.
Bütün bu faktlar onu deməyə əsas verir ki, Ermənistanın müharibə cinayətlərinə görə beynəlxalq tribunala verilməsi üçün Azərbaycanın əlində kifayət qədər əsas var.
Məhəmməd
Olaylar.az