Türk dünyasının yeni əməkdaşlıq imkanları
Prezident İlham Əliyev: “Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq”
1 Aprel 2021 12:52 SiyasətPrezident İlham Əliyev: "Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq"
Artıq bir neçə ildir ki, türkdilli dövlətlər arasında əməkdaşlıqda yeni bir mərhələ başlayıb və bu artan dinamika üzrə gedir. Əgər əvvəllər türkdilli ölkələr arasında əməkdaşlığın genişləndirilməsi, türk dünyasının birlik və bərabərliyi istiqamətində əsas rol oynayan və bir növ prosesin lokomitivi sayılan Türkiyə və Azərbaycan öz fəallığı ilə seçilirdisə, indi artıq digər türkdilli dövlətlər də sözügedən prosesdə lokomotiv rolunu oynamaq istəyindədir. Hər halda bu günlərdə Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşünün keçirilməsi bunun əyanı sübutudur. Məlumat üçün qeyd edək ki, Türkdiilli Dövlətlərin Əməkdaşlıq Şurasına daxil olan ölkələr arasında əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də günümüz üçün vacib olan bir sıra məsələlərin müzakirə edildiyi görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də çıxış edərək bir sıra vacib nüanslara toxunub.
Dövlət başçısının əsas diqqət etdiyi və xüsusi vurğuladığı məsələlərdən biri beynəlxalq təşkilatların, dünya birliyinin bu illər ərzində Dağlıq Qarabağ probleminin həllinə biganə yanaşması ilə bağlı olub. Prezident İlham Əliyevin bildirib ki, əgər beynəlxalq təşkilatlar, xüsusilə münaqişənin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu ötən illər ərzində problemin həlli istiqamətində real addım atsaydı o zaman 44 günlük müharibəyə də ehtiyac qalmazdı və məsələ sülh yolu ilə həllini tapardı. Düzdür, dövlət başçısının təbirincə desək beynəlxalq təşkilatlar öz bəyanatlarında Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını ifadə ediblər, lakin bu ifadə yalnız söz alaraq qalıb və Ermənistana hər hansı bir təzyiq göstərilməyib. Bu da öz növbəsində Ermənistanın əl-qolunun açılmasına, işğal etdiyi Azərbaycan ərazilərində öz qeyri-qanuni əməllərini davam etdirməsinə yol açıb: "Beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini daim dəstəkləyiblər. Ancaq bu dəstəyin praktiki həyatda o qədər də böyük əhəmiyyəti yox idi. Çünki məsələ öz həllini tapmırdı. BMT Təhlükəsizlik Şurası - dünyanın ali beynəlxalq qurumu 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Bu qətnamələr 1993-cü ildə qəbul edilmişdir və icrasız qalmışdı. Digər beynəlxalq təşkilatların qərar-qətnamələri Azərbaycanın mövqeyini dəstəkləyirdi və bunun çox böyük siyasi və hüquqi mənası var idi. Halbuki real, praktiki müstəvidə məsələnin həllinə xidmət etmirdi. ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar Azərbaycanın haqlı mövqeyini müdafiə etmişdir".
Prezident İlham Əliyev çıxışında haqlı olaraq ATƏT-in Minsk qrupunun fəaliyyətini də tənqid edib. Dövlət başçısı deyib ki, məsələnin həlli ilə bağlı 1992-ci ildə ATƏT-in Minsk qrupu yaradılmışdır və 28 il ərzində fəaliyyət göstərsə də, nəticə olmamışdır: "Minsk qrupunun nəticəsi sıfra bərabər olmuşdur. Halbuki Minsk qrupuna həmsədrlik edən ölkələr dünyanın aparıcı ölkələridir, nüvə dövlətləridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Əlbəttə ki, Ermənistana qarşı işğalla bağlı ciddi təzyiq göstərilsəydi və Azərbaycanın tələbi nəzərə alınıb sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan sülh yolu ilə öz həllini tapa bilərdi. Əfsuslar olsun ki, bu, baş vermədi. Əksinə, məsələnin dondurulması istiqamətində addımlar atılmışdır. Ermənistan faktiki olaraq danışıqlardan imtina etmişdir. Əgər əvvəlki illərdə danışıqların imitasiyası ilə məşğul idisə, son iki-üç il ərzində faktiki olaraq açıq, nümayişkaranə şəkildə bildirirdi ki, bir qarış da Azərbaycan torpağı Azərbaycana qaytarılmayacaq. Bundan əlavə, Ermənistan rəhbərinin məsuliyyətsiz və təxribat xarakterli addımları və bəyanatları faktiki olaraq danışıqları mənasız etmişdi".
Prezident İlham Əliyevin çıxışı zamanı diqqət etdiyi və dünyaya mesaj olaraq ünvanladığı əsas fikirlərdən biri də ondan ibarət idi ki, Dağlıq Qarabağ mnaqişəsi artıq öz həllini tapıb və belə bir problem artıq qalmayıb. Çünki 44 günlük müharibədən sonar hələ də bir sıra xarici dairələr, hətta fəaliyyətsiz bir qurum olan ATƏT-in Minsk qrupu yenidən öz varlığını sübuta yetirmək üçün Dağliq Qarabağ münaqişəsi, onun həlli vacibliyi kimi cəfəng fikirlər səsləndirirlər. Elə dövlət başçısı İlham Əliyevin fikirləri də məhz həmin dairələrə mesaj idi ki, problem öz həllini tapıb, indi gələcəyə baxmaq lazımdır: "Artıq tam əminliklə demək olar ki, Dağlıq Qarabağ məsələsi, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmışdır. Dağlıq Qarabağ adında hazırda hər hansı bir ərazi vahidi yoxdur. Azərbaycan bu məsələni həll edib, tarixi Zəfər əldə edib və dağıdılmış ərazilərdə bərpa işləri başlayıb".
Zirvə görüşü Ermənistanın uzun illər işğal altında saxladığı Azərbaycanın şəhər və rayonlarında törətdiyi vandallıqlar, dağıntılar, vəhşiliklərin bir daha dünya ictimaiyyətinə çatdırılması baxımından da xüsusi əhəmiyyət kəsb edirdi və Azərbaycan Prezidenti yaranmış fürsətdən istiadə edərək erməni vəhşiliklərini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı: ""Azad edilmiş torpaqlarda hər şey dağıdılıb. İndi jurnalistlər oraya gəlir, diplomatlar səfərlər edirlər. Görürlər ki, şəhərlər dağıdılıb, evlər dağıdılıb, kəndlər dağıdılıb, tarixi abidələrimiz dağıdılıb. Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırıblar. Füzuli şəhəri işğaldan azad olunandan sonra bu şəhərdə bir salamat bina qalmamışdı ki, o binanın damında Azərbaycan bayrağı qaldırılsın. Ermənilər bütün şəhərlərimizi məhv ediblər, bütün tarixi abidələrimizi məhv ediblər, qəbiristanlıqları şumlayıblar, qəbirləri dağıdıblar, 60-dan çox məscidi dağıdıblar və yarımçıq sökülmüş məscidlərdə inək və donuz saxlayıblar. Bu videokadrlar internetdə vardır. Yəni, bu, bütün müsəlman aləminə qarşı təhqirdir, cinayətdir və bütün dünya artıq bunu görür və görməlidir". Dövlət başçısı eyni zamanda düşmən ölkənin müharibə qanunlarına zidd olaraq minaladığı ərazilərin xəritələrini Azərbaycana verməməkdə də ittiham edib və dünya birliyini Ermınistanın bu qanunsuz əməli barədə də məlumatlandırıb: "Biz öz tarixi missiyamızı icra etdik, erməni faşizmini məhv etdik. Hazırda bərpa işlərinə start verilib. Müharibədən sonra bir çox azərbaycanlı mülki şəxs və hərbçi minaya düşərək həlak olub və yaralanıb. Ermənistan bu günə qədər bizə mina xəritələrini vermir. Bu, növbəti hərbi cinayətdir. Ona görə minalardan təmizləmə işi daha çox vaxt aparacaq. Bu işlər başa çatmadan, əlbəttə ki, biz köçkün, qaçqın soydaşlarımızı o torpaqlara qaytara bilmərik".
Azərbaycan Prezidentinin çıxışı zamanı Türkiyə ilə bağlı səsləndirdiyi fikirlər isə bir daha Türkiyə-Azərbaycan dostluq və qardaşlığının dünyaya nümayişi, eyni zamanda örnək misalı idi. Bununla həm də dövlət başçısı döstluq-qardaşlığın məhz bu cür olmasının vacibliyi mesajını verirdi: "Biz müharibənin ilk günündən qardaş Türkiyədən böyük dəstək aldıq. Mənim əziz qardaşım, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan sentyabrın 27-də müharibə başlanan gün açıq şəkildə Azərbaycana dəstək ifadə etdi. Bu siyasi və mənəvi dəstəyin çox böyük əhəmiyyəti var idi. Əziz qardaşım bildirmişdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Əlbəttə ki, bu, çox ciddi mesaj idi, ciddi siqnal idi. Bu, bizə imkan verdi ki, əks-hücum əməliyyatını uğurla keçirək, imkan verdi ki, hər hansı bir kənar qüvvə məsələyə müdaxilə etməsin. Mən həmişə demişdim ki, əgər xarici müdaxilə olmasa, Azərbaycan Dağlıq Qarabağ məsələsini qısa müddət ərzində həll edə bilər və belə də oldu. Bu dəstəyə görə qardaş Türkiyəyə və onun hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğana dərin təşəkkürümü bildirmək istəyirəm. Müharibə dövründə və müxtəlif dövrlərdə Prezident Ərdoğanın və Türkiyənin digər rəsmi şəxslərinin çoxsaylı bəyanatları məsələnin həllində xüsusi önəmli rol oynamışdır. Məni və Azərbaycan xalqını Şuşanın azad olunması ilə əlaqədar ilk təbrik edən Prezident Rəcəb Tayyib Ərdoğan olmuşdur. Noyabrın 8-də bu təbriki bizə çatdırmışdır. Türk Şurası sentyabrın 28-də - müharibədən bir gün sonra Azərbaycana dəstək xarakterli açıqlama vermişdir. Ondan sonra müharibə dövründə bir neçə dəfə buna oxşar açıqlamalar vermişdir. Türk Şurasına biz təşəkkürümüzü bildiririk. Digər beynəlxalq təşkilatlar - Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı bizə öz siyasi dəstəyini göstərmişlər".
Zirvə görüşü həm də türk dünyası arasında yeni iqtisadi, nəqliyyat-tranzit əlaqələrinin, imkanlarının meydana çıxması və bu istiqamətdə mümkün əməkdaşlığın müzakirə olunması baxımından da əhəmiyyətli idi. Məlumat üçün qeyd edək ki, bu Naxçıvanla quru yolu, dəmir yolu əlaqəsinin bərpasını nəzərdə tutan Zəngəzur dəhlizidir. Elə prezident İlham Əliyev də Zirvə görüşündə çıxışı zamanı bu məsələyə xüsusi diqqət çəkərək Zəngəzur dəhlizinin əhəmiyyəti və onun türk dünyası, türkdilli dövlətlərlə əməkdaşlığa verəcəyi yeni töhfələrdən danışıb: "Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün. Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, yeni nəqliyyat dəhlizi yaranmaqdadır. Artıq Azərbaycan bu işlərə start vermişdir. Əminəm ki, tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcəklər".
Süleyman
Olaylar.az