“Ərdoğanın Şuşaya gəlməsi dünyaya mesajdır...”

"Türkiyə prezindenti Rəcəp Tayyib Ərdoğanın Şuşaya gəlişi dost-qardaş ölkə rəhbərinin xoşməramlı gəlişidir. Bu, bir daha işğalçılara, düşmənlərə və onların havadarlarına çox ciddi mesajdır ki, Azərbaycanın yanında güclü Türkiyə dövləti var. Bütün məsələlərdə, o cümlədən özlərinin təhlükəsizliyini, müdafiəsini təmin etmək üçün də bu iki dövlət birlikdə hərəkət edir. 44 günlük müharibədə də biz bunun əyani şahidi olduq".

Bunu  açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Elman Məmmədov deyib.

O bildirib ki,  Türkiyə dövlətinin başçısının Şuşaya səfər planı çox məqamlardan xəbər verir:

"Yəni bu, Şuşanın həqiqətən tarixi Azərbaycan torpağı, mədəniyyət mərkəzi, tarixi şəhər olduğunun nümunəsidir. Şuşaya səfər elə belə məsələ deyil. Hesab edirəm ki, həmin gediş zamanı Şuşada böyük bayram tədbirləri keçiriləcək. Bu, dünyaya mesaj olacaq.  Ərdoğanın səfəri həmçinin "Kimin burada hansı missiyanı icra etməsindən asılı olmayaraq, Şuşa və digər ərazilərimiz Azərbaycan torpağıdır" mesajını ötürəcək. Biz burdayıq və heç kimin kimlərinsə xeyrinə özbaşınalıq etməsinə yol verməyəcəyik.  Təbii ki, Şuşaya səfər qürurverici və sevindirici olacaq".

Müsahibimiz ötən gün Rusiya müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakovun Xankəndiyə səfəri məsələsinə də toxunub:

"Bununla bağlı diplomatiyadan kənar fikrimi deyəcəm. Hesab edirəm ki, son 250 illik tarixdə olduğu kimi bu gün də deyəsən, şimaldan bizə tərəf soyuq küləklər əsməyə başlayır. Onlar belə bir xülyaya qapılırlar ki, müəyyən ərazidə nə istəsə edə bilərlər, kim nə vaxt istəsə, gəlib gedər və ya istənilən oyundan çıxa bilər. Təhlükəli məqamlar var. Rusiya deyəsən, yenidən Qarabağda olan erməniləri, eyni zamanda Ermənistanı hərbi və başqa cəhətdən gücləndirmək niyyətinə düşüb. Çünki bu onların tarixi missiyasıdır. Biz şimal qonşumuzdan həmişə bizə qarşı ermənilərlə münasibətdə bu məqamların şahidi olmuşuq. Tariximizə nəzər salıb bu gün ondan ciddi nəticələr çıxarmalıyıq, ehtiyatı əldən verməməliyik.

Eyni zamanda bu fikrə düşənlərə bildirməliyik ki, bütün Azərbaycan ərazisində qanunlarımız işləyir və işləyəcək. Siz düşünməyin ki, o ərazilər sizin nəzarətinizdədir və nə istəsəniz edə bilərsiniz. Siz hələlik sülhməramlı missiyasını həyata keçirirsiniz, ancaq cızığınızdan çox kənara çıxırsınız. Bu məsələlər təbii ki, cəmiyyətdə ciddi narahatlıq yaradır. Fikrimcə, dövlət rəhbərimiz bununla bağlı sərt mövqe ortaya qoyur və qoyacaq".
 
Qeyd edək ki, R.T.Ərdoğan ötən gün Türk Şurasının qeyri-rəsmi Zirvə toplantısında Ramazan bayramı sonrası Prezident İlham Əliyevlə birgə Şuşanı ziyarət etmək niyyətində olduğunu deyib. sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31