Paşinyanın seçki gedişi və “siyasi taymaut”
31 Mart 2021 15:45 Siyasət"Vətəndaş itaətsizliyi, müxalifətin etiraz aksiyaları və ordu rəhbərliyi ilə hakimiyyət arasında qarşıdurma fonunda cərəyan edən proseslər Ermənistanda siyasi xaosun dərinləşərək böhran həddinə çatmasını şərtləndirib. Rəqiblərinə və bütövlükdə etirazçı mövqeyindən çıxış edənlərə qarşı müxtəlif təzyiq üsullarından, repressiya metodundan istifadə edən Paşinyanın sonuncu manevri növbədənkənar seçkilərin təyin edilməsi oldu". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Nurlan Qələndərlinin sözlərinə görə, məğlub ölkədə iqtidar bununla xaotik proseslərin və ictimai-siyasi pressinqin fonunda resurslarını səfərbər edə bildi: "Nəticədə hakimiyyətinin dayaqlarını möhkəmləndirmək üçün "siyasi taymaut" götürə bildi. Artıq o, siyasi gündəmi müəyyən qədər dəyişməyə nail olub. Proseslərin məcrasını başqa yönə çevirmək istiqamətində bir neçə addım da irəliləyən Paşinyan iqtidarının yeni hədəfi növbədənkənar seçkilər vasitəsilə rəqiblərini böyük ölçüdə neytrallaşdırmaqdır. Aprel ayında istefa verəcəyini və bu addımın formal xarakter daşıdığını bəyan edən Paşinyan daxili siyasi situasiyanı müəyyən qədər öz lehinə çevirə bilib. Müxalifətin ciddi ictimai dəstək ala bilməməsi və siyasi passivliyi Paşinyan hakimiyyətinə seçki öncəsi situasiyanı nəzarətdə saxlamağa imkan verir. Bütövlükdə isə düşünürəm ki, hazırkı iqtidar növbədənkənar seçkilərdən rəqiblərini "siyasi ofsayd" vəziyyətinə salmaqla qalib tərəf kimi çıxacaq. Amma bununla yanaşı, məğlub Ermənistanda qarşı-qarşıya duran tərəflər arasında ziddiyyətlərin davam edəcəyini, siyasi xaosun dərinləşəcəyini, konfrontasiya hallarının müşahidə olunacağını proqnozlaşdırmaq olar".