İlham Əliyev Vladimir Putini necə üstələdi? Mənzərə, şərt və nəticə...

Hüquqşünas, Qarabağ qazisi Vüqar Dadaşov 44 günlük müharibədə Azərbaycanın şanlı qələbəsi barədə olduqca maraqlı yazı ilə çıxış edib. Həmin yazını olduğu kimi təqdim edirik: 
"Təbii ki, hər bir müharibənin yekun nəticəsinin ən vacib şərti müharibə aparan ölkənin Ali Baş Komandanının hərbi siyasi qərarlarıdır. Ölkənin müharibəyə hazırlanması, müharibə şəraitində idarə olunması, mümkün proseslərinin variantının hesablanması, siyasi nəticələr,  iqtisadi potensial, informasiya  və ən nəhayət ordu və hərb mexanizminin təşkili ağır, yüksək peşəkarlıq, siyasi iradə tələb edən olduqca böyük məsuliyyətli, ölüm-qalım məsələsidir. Müharibələrin xalqların və dövlətlərin taleyində nə qədər vacib və gərəkli prosesin olduğu barədə 2019-cu ildə çap olunmuş "Mənim düşüncəm" adlı kitabımda yazmışam.  Ümumiyyətlə müharibə aparan dövlətin Ali Baş Komandanın bütün mümkün nəticələri, siyasi prosesləri hesabladıqdan sonra gəldiyi düzgün qənaətə əsasən  müharibəyə başlamaq əmrinin verməsi  artıq qələbənin yarısına bərabərdir. 
Sözsüz ki, Azərbaycan Respublikasının Prezidenti,  Ali Baş Komandan işğal edilmiş ərazilərimizin azad edilməsi prosesinə xeyli əvvəl başlamışdı. Bu gün ki gün əldə etdiyimiz  zəfər həmin o uzun illərin hazırlıqlarının  nəticəsi və bəhrəsi idi.  
Türkiyənin keçmiş baş naziri Binəli Yıldırım "Milli Məclis" jurnalına müsahibəsində: "Odur ki, kimsənin qalxıb "bu zonada qəfil bir münaqişə başladı, Azərbaycan ordusu da öhdəsindən gəldi'', - söyləməsi doğru olmazdı", - deyə bildirib.  B.Yıldırım əlavə edib ki, geriyə baxaraq, ən azı 5-10 illik hazırlıq prosesini, doğru strateji qərarları sezmək önəmlidir.
Sabiq baş nazir qeyd edib ki, bu dövrdə Azərbaycan əsgərləri güclü təlimlər keçdilər və ordu möhtəşəm şəkildə təchiz edildi. Ancaq şəxsi qənaətimə görə İlham Əliyev Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi prosesinə 2000-ci illərdən hazırlaşırdı. Bunun sübutu kimi Ermənistanın keçmiş prezidenti Robert Koçaryann  Dağlıq Qarabağ konfliktinin həlli ətrafında  Azərbaycanın  mərhum prezidenti Heydər Əliyev  ilə  danışıqlar prosesi haqqında 2003-cü ilə çap olunmuş "Həyat və azadlıq" kitabındakı xatirələri yetərlidir.
İlham Əliyev hakimiyyətə gələndən sonra uzun müddətli nəticələrə hesablanmış  siyasi gedişlərini edirdi. İlk baxışdan Azərbaycanın asılı mövqeyi  kimi görsənən proseslərin nəticəsi qarşı tərəfi rahat salırdı və qarşı tərəf daha doğrusu, Rusiyanın Azərbaycanda hər şeyi nəzarətdə saxladığı illüziyasını qoruyurdu.  İlham Əliyev qarşı rəqib tərəf üçün elə bir mənzərə yaratmışdı ki, həmin o mənzərə Rusiyanı və Ermənistanı aldatmışdı.  Söhbət məhz Azərbaycanın hərbi imkanlarından gedir.  
Azərbaycan prezidentinin rəqibləri  üçün, onları rahatlaşdıran, gözlənilməz və hesablanması mümkünsüz  olan gedişlər etmişdi hansı ki, 44 günlük müharibədə  qələbənin əsas şərtlərinə çevrildi. İlham Əliyev elə bir situasiya və mənzərə yaratmışdı ki, Rusiya və Ermənistan Azərbaycanının bütün hərbi imkanlarından məlumatlı olduqlarını,  müharibə  şəraitində vəziyyətə tam nəzarət edəcəkləri  illüziyasına əmin idi. Rusiya və Ermənistanın illüziyası əsasən aşağıda qeyd etdiyim mənzərəyə görə idi:  
-İlham Əliyev uzun müddətli dövrdə müharibəyə hazırlaşdığını  və müharibəni  çox milyardlıq müqavilələr əsnasında aldığı rus silahları ilə aparacağını göstərirdi. Rusiya və Putin başda olmaqla rus silahlarının necə uzaqdan idarə edə biləcəklərini, texniki göstəricilərini, imkanlarını  bilirdi və Azərbaycanın müharibə aparacağı o silahlara hesab götürmüşdü. Rauf Atakişiyevin  təyyarəsinin "kor" edilməsi həmin o rus "hesab-nəzarətin"  bir nümunəsi və yoxlanması idi. Müharibə öncəsi Gəncədə Türkiyəyə məxsus 10 ədəd F-16 qırıcı təyyarələrin yerləşdirilməsi rus təyyarələrinə  "etibarın"  göstəricisi idi.  Ruslar düşünürdü ki, əgər Azərbaycan işğal edilmiş ərazilərini hərb yolu ilə azad etməyə başlasa təbii ki, rusların silahlarından  istifadə edəcək.
-İllərlə Rusiyanın Azərbaycanın ordu rəhbərliyinə oturduqları və qoruduqları adamların son ana kimi rəhbərlikdə saxlanılması Rusiyanı Azərbaycanın mümkün hərb planlarından məlumatlı olacaqlarına tam əminlik yaratmışdı.
-Digər vacib məsələ isə ümumən hərbi kadr məsələsi idi. Azərbaycan Rusiyanın hərbi məktəblərində öz hərbiçilərini oxutmağı ruslarda elə bir təəssürat yaratmışdı ki, Azərbaycan hərbçiləri də məhz döyüş əməliyyatlarında rus məktəbinə məxsus bilik və elmdən istifadə edəcəkdir hansı ki, ruslara həmin mümkün əməliyyatların da zərərsizləşdirməsi elmi də bəlli idi.
- II-ci Dünya müharibəsindən sonrakı dövrə uyğun klassik hərb sistem ümumən dəyişməz olaraq qalırdı. İlham Əliyev faktiki olaraq paralel şəkildə iki standartlı ordu yaratmışdı,  rus standartına  və "NATO" standartlarına yəni, Türkiyə modelinə uyğun.  (Nəinki Rusiya ,dünyanın heç bir ölkəsi (Türkiyədən başqa) Azərbaycanın klassik müharibə üsulundan imtina edəcəyini görə bilmədi.)
-Ümumiyyətlə dövlətlər arası münasibətdə  ən effektli üsullardan biridə dövlət başçılarının şəxsi münasibətləri, dost əlaqələridir. İlham Əliyev Qarabağ konfliktinin hərbi yolla həllində mümkün rəqib ola biləcək tərəf ölkələrlə (KTMT ölkələri) və həmin dövlətlərin başçılarının hamısı ilə etibarlı dost münasibətləri qura bilmişdi.  
- Və nəhayət müharibənin qısa müddətə hesablanması.
Qeyd etdiyim vəziyyət ikinci Qarabağ müharibəsində Azərbaycanın Qələbəsini şərtləndirən əsas amillər idi hansı ki, ümumi görüntüdə Rusiya və Ermənistanın xeyrinə mənzərə yaratmışdı. 
27 sentyabr 2020-ci il tarixdən İlham Əliyev Azərbaycan əsgərinə işğal olunmuş ərazilərimizin azad edilməsi üçün hərbi əməliyyatlara başlamaq əmri verdi.                                            Azərbaycan ordusu hücum əməliyyatları zamanı çox milyardlıq müqavilələr əsasında aldığımız rus silahlarından demək olar ki, istifadə etmədi. Rusiyanın Azərbaycana satdıqları silahlara "hesab-nəzarəti"ni əhəmiyyətsiz etdi,
Rusiyanın Azərbaycanın ordu rəhbərliyində  yerləşdirdiyi  şəxslərin əməliyyatlar  zamanı  təcrid edilməsi Azərbaycanın hərbi planları barədə informasiyanın yayılmasının qarşısını əhəmiyyətli dərəcədə aldı,
Azərbaycan hərbçiləri  döyüş əməliyyatlarında rus məktəbinə məxsus bilik və elmdən imtina edərək Azərbaycan ordusunun mümkün hərbi planlarının hesablanmasını mümkünsüz etdi, 
Azərbaycan XXI-ci əsrin müharibə modelini ilk olaraq tətbiq etməklə dünyanın müharibə anlayışını dəyişdirdi. 
İlham Əliyevin  Azərbaycanın haqq savaşında rəqib tərəf kimi KTMT-ya üzv dövlətlərin başçıları ilə etibarlı dost münasibəti müharibənin gedişində həmin dövlətlərin müharibəyə mümkün müdaxiləsinin  qarşısını almağa yardımçı ola bilən əsas vasitələrdən birinə çevrildi.
Bu baxımdan İlham Əliyev faktiki olaraq düşmən tərəfin bütün hesablamalarını əhəmiyyətsiz hala salaraq qələbə qazandı. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Rusiyanın müharibəyə bir başa müdaxilə etməməsinin səbəbi məhz Rusiyanın yuxarıda qeyd etdiyim "hesablamalara" arxayınlaşması idi hansı ki, Rusiya Azərbaycanı uğursuz Tovuz təxribatına görə cəzalandırmaq niyyətində idi.  Həm Putinin həmdə Paşinyanın etiraf etdiyi kimi, Rusiya Ermənistana mümkün bütün hərbi yardımlarını etdi. 
Əminliklə qeyd etmək lazımdır ki, müharibənin gedişində Rusiyanın hesab götürdüyü vəziyyətin əhəmiyyətsizliyi qarşı tərəf üçün soyuq duş kimi çaşqınlıq yaratdı və müharibənin qısa müddətə hesablanması Rusiyanın mümkün manevr imkanlarına  vaxt qoymadı. İlham Əliyev siyasi və hərbi strateq kimi intellekti ilə yaratdığı illüziya ilə rəqiblərini üstələdi və artıq baş tutmuş  fakt qarşısında qoydu.
 İnkar edilməz faktdır ki, Azərbaycanın 44 günlük müharibədə qələbəsindən ən çox hiddətlənən, qəzəblənən məhz Rusiya idi çünki, faktiki olaraq Azərbaycan Rusiyanın  hərb elmini,  hərb maşınını, hərb sənayesini məhv edərək Rusiyanın nüfuzunu sıfıra endirdi, hesablamalarını gülünc vəziyyətə saldı. Azərbaycan Rusiyanı sülhməramlı adı ilə Qarabağa buraxmaqla Rusiyanın müəyyən qədər də olsa nüfuzunu qorudu.  Ancaq Azərbaycan bu gedişlə də dünya xristian təzyiqi neytrallaşdıra bildi və eyni zamanda da Rusiyanı öhdəlikli və məsuliyyətli tərəfə çevirdi. Əsl həqiqətdə də Rusiya sülhməramlıları Azərbaycanın işinə yaradı baxmayaraq ki, rus sülhməramlılarla bağlı Azərbaycanda haqlı mənfi fikir mövcuddur. Ancaq fakt budur ki, Azərbaycan xristian dünyasının mümkün addımlarını rusların mövcudluğu il neytrallaşdırdı.  
ABŞ-da Bayden administrasiyasının Rusiyaya qarşı ənənəvi ABŞ siyasətinin bərpası Rusiyanın Türkiyə və Azərbaycan  birliyindən asılılığını artırdı. Odur ki, rus sülhməramlıların  Qarabağda mövcudluğu prezident İlham Əliyevin işarə etdiyi kimi müvəqqəti xarakterlidir.
 İlham Əliyev çətin geosiyasi şəraitdə, mürəkkəb regionda, dünya nəhənglərinin maraqlarının toqquşduğu meydanda düşmənləri üstələyə bildi. Kiminsə etirafından asılı olmayaraq  fakt, fakt olaraq qalır- İlham Əliyev düşmənlərini özünün yaratdığı mənzərəyə  inandırdı və Azərbaycan dövlətinin, xalqının mövcudluğu üçün olduqca vacib qələbəni əldə etdi."

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31