Ermənistanda növbədənkənar parlament seçkiləri: Vəziyyətdən çıxış, yoxsa..?
26 Mart 2021 10:14 Siyasət30 il bundan əvvəl erməni ideoloqlarının səpdiyi toxum indi məhsul verir. Çox acınacaqlı vəziyyət hökm sürür indi bu bir vaxtlar Böyük Ermənistan iddiasında olan ölkədə. Ermənistanın bəxti bağlanıb və qara günlər bir-birini əvəz edir. Döyüşlərdə 10 minə yaxın insan həyatını itirib ( rəsmi rəqəmlər 5 min göstərir) və onların meyitləri tapılıb torpağa veriləndə qohumları sevinir ki, ziyarət etməyə qəbirləri var. Minlərlə itkin düşmüş insandan hələ də xəbər yoxdur və Qarabağ meşələrində meyid axtarışı davam edir. Müalicə olunmaq üçün qapı-qapı gəzib növbə gözləyən yararlı və şikəstlərin sayını isə heç dəqiq bilən yoxdur. Belə statistika aparılmır Ermənistanda. Çünki bu heç kimə sərf etmir indi, Müxalifətdən başqa. Müxalifət isə hakimiyyətə gəlmək üçün istənilən vasitədən yapışmaöa hazırdır. Amma qəbul olunmuş məntiqə görə döyüşdə yaralananların sayı olənlərin sayından 5-7 dəfə artıq olmalıdır.
100 minlərlə erməni həyatın lap dibinə qədər enib və pandemiyanın aradan qalxmasını, Rusiya ilə yolların açılmasını gözləyir ki, birdəfəlik tərk etsin buranı. Bütün sahələrdə həyat sönüb. 20 iyunda növbədənkənar seçki keçirməyə hazırlaşan siyasətçilərdən başqa heç kim sabahkı gün üçün hərəkət etmək istəmir. Çünki bütün imkanlar tükənib və ən sona saxladıqları ümidləri ölməkdədir.
Parlamentdə 132 yerdən 83-nə malik olan Baş Nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Mənim Addımım" fraksiyası müxalifətin tələblərinə baxmayaraq növbədənkənar seçkilərə getmək üçün tərəddüd edirdi. Sonda bütün bəhanələri əldən çıxan və müxalifətin seçkilərdə qələbə çalmaq üçün tələb olunan səviyyədə resursunun olmadığını əminləşdirən iqtidar öz şərtləri daxilində seçki keçirməyə razılıq verdi və "Zəkalı Ermənistan" partiyasının rəhbəri Edmon Marukyanla danışıqlara başladı.
Paşinyanın şərtlərinə gəldikdə isə bunlar müxalifətin tələb etdiyinin tam əksidir. Müxalifət seçkilərə getməyi Paşinyanın istefasından sonra mümkün sayırdılar. Onların iddialarına görə Baş Nazir hakimiyyətdə qaldığı müddətdə ədalətli seçkilərin keçirilməsi mümkün deyil.
"Çiçəklənən Ermənistan" Partiyasının Sədri Qagik Tsarukyanın növbədənkənar seçkilərin keçirilməsinə maraq bildirməsi qərar qəbul etməkdə həlledici rol oynadı. Onun keçmiş Baş Nazir Vazgen Manukyanın rəhbərlik etdiyi "Vətənin Xilası" hərəkatıa daxil olmasına baxmayaraq Paşinyanın görüş təklifini qəbul etdi. Amma bu. Tsarukyanın ilk xəyanəti deyildi. Əvvəllər də o 17 müxalifət partiyasının irəli sürdüyü namizədi -Vazgen Manukyanı- dəstəkləməyəcəyi haqqında bəyanat vermişdi. Beləliklə, seçkilərə aparan yol müxalif qüvvələrdən təmizlənməyə başladı.
Paşinyana qarşı çevrilmiş müxalif qüvvələrinin koalisiyasına ikinci zərbə "Vətən" partiyasının sədri, keçmiş Milli Təhlükəsizlik rəhbəri Artur Vanetsyan tərəfindən endirildi. Görünən budur ki, Vanetsyanın partiyası "Çiçəklənən Ermənistan" Partiyası ilə bigə seçkilərdə iştirak edəcək.Əks təqdirdə onun seçkilərdə yer qazanmaq şansı çox aşağıdır.
Müxalifət hərəkatı artıq əvvəlki nüfuzunu saxlaya bilmir. Vazgen Manukyan ARF Daşnaksütun Partiyasının lideri İşxan Saqatelyan tərəfindən təhqir olunandan sonra 17- lərin bir daha ayağa dura bilməyəcəkləri göz qabağındadır.
Daşnaksütun Partiyasının Ermənistan qolu da yetərincə nüfuza malik deyil. O, hazırda Ermənistanda və diaspora arasında bölücülüyə xidmət edən addımlar atmaqdadır.
Bütün bunlar etiraz hərəkətlərinin getdikcə zəifləməsi və sonda başa çatması ilə nəticələndi.
Müxalifət nüfuzunu itirdikdə ortaya seçkilərdə vəziyyəti dəyişmək imkanına malik olan 3 -cü qüvvə də atıla bilmədi. Beləliklə Paşinyanın rəhbərlik etdiyi partiya ciddi rəqib olmadığına əminlik qazandı.
Seçkilərdə iştirak etmək istəyən bir sıra kiçik partiyalar mövcuddur; Levon Ter-Petrosyanın "Millətçi" Partiyası, Levon Şirinyanın "Xristian Demokratik Partiyası", "Fəhlə Partiyası", "İrs Partiyası" və adları cəmiyyətə məlum olmayan digər partiyalar.
Hazırda diqqəti cəlb edən məqam "Sasna Tserer partiyas"ı və Tiqran Khzmalyanın rəhbərlik etdiyi "Avropa Partiyasının" nüfuzunun getdikcə artmasıdır. Bu partiyalar əvvəllər Qərb və NATO tərəfdarı olduqlarını ifadə etməkdən çəkinirdilər. Amma son zamanlar onların təşkil etdiyi küçə yürüşlərində ABŞ və Fransa bayraqlarının dalğalandığını müşahidə etmək mümkün idi. Bu həm də, indi Ermənistanda küləklərin Şimaldan deyil Qərbdən əsdiyini sübut edən əlamətdir.
Ermənilərin düşüncəsinə görə, Rusiya 44 günlük müharibədə Ermənistana zəruri yardımı göstərməyib, verdiyi İskəndər raketləri yararsız olub və SU-30 hərbi təyyarələri Azərbaycana qarşı istifadə etmək üçün raketlərlə təchiz edilməyib. Buna görə də Rusiyadan uzaqlaşıb Qərb və NATO ilə yaxınlaşmaq lazımdır.
Onlar başa düşmür ki, əgər " İskəndər" yaxın mənzilli ballistic raketi Azərbaycanda hər hansı bir hədəfi vursaydı. Yaxud SU-30- dan açılan atəş Azərbaycan ordusuna ziyan yetirsəydi Ermənistanın bu günkü vəziyyəti nə halda olardı. Əslində " İskəndərin" 10 faiz yararlı olması və SU-30-ların tam komplektləşdirilməməsi Ruslar tərəfində Ermənilərin təhlükəsizliyi üçün edilən jest olub.
Moskvada da bəzi qüvvələr ermənilərin çaldığı havanı oynamaqda davam edirlər. Onlar düşünür ki, müharibə Moskvanın təzyiqi altında başlayıb. Yəni Moskva Azərbaycanı müharibəni başlamağa sövq edib ki, bununla Paşinyanı cəzalandırsın.
Moskva isə öz növbəsində erməniləri tamamilə darmadağın olunmaqdan xilas etdiyi üçün minnətdarlıq gözləyir.
Rusiyadan xilas olmaq istiqamətində ilk addım kimi ordunun ruspərəst elemenlərdən təmizlənmsi hesab olunur. Paşinyan Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad etməklə bu missiyanı həyata keçirməyə başlayıb. Davam etdirə biləcəkmi?
İyunun 20-də keçirilməsi nəzərdə tutulan növbədənkənar parlament seçkilərinə ümidlər heç də təbliğ edilən səviyyədə deyil. Baş Nazir Paşinyanın həyata keçirdiyi tədbirlər müxalifət qüvvələri tərəfindən bir mənalı olaraq seçkilərdə qalib gəlmək üçün addımlar kimi qiymətləndirilir. Onlar məğlub olacaqlarını qabaqcadan gördükləri seçkilərdə iştirak etməkdə maraqlı deyillər.
Görünən budur ki, bəzi qüvvələr Paşinyandan gələcək parlamentdə yer tutmaq vədi aldıqdan sonra seçkilərə qoşulacaq. Vəd almayanlar isə sudan quru çıxmaq üçün seçkilərdə iştirak etməyəcəklər.
Robert Köçaryan və Serj Sarqsyan isə hələ də qərar qəbul etməkdə çətinlik çəkirlər. Çünki, gələcək seçkilərdə kimin qazanmasından asılı olmayaraq bu iki eks prezidentin və ümumiyyətlə Qarabağ klanının Ermənistanın siyasi həyatında yeri görünmür.
Politoloq Əlimusa İbrahimov