Səudiyyə Ərəbistanı Yəməndə müharibənin qarşısının alınması üçün hazırdırmı?


 
Amerika Birləşmiş Ştatlarının Yəməndəki müharibənin qarşısını almaq üçün təşəbbüs qaldırmasından sonra burada Husilərin "Ənsar Allah" hərəkatına qarşı 6 ildir ki müharibə aparan Səudiyyə Ərəbistanı da başqa çıxış yolu qalmadığını görüb sülh üçün öz təkliflərini ortaya qoydu. Beynəlxalq ictimaiyyət səudların gecikmiş və məcburiyyət altında meydana gələn  təşəbbüsünü müsbət qiymətləndirərək ona tərəfdar olduqlarını ifadə etdilər. Amma hüsilər Səudiyyə Ərəbistanı ərazisinə yeni raket zərbələri endirməklə buna qarşı çıxdıqlarını bildirdilər.
 
Səudiyyə Ərebistanı Yəməndə apardığı qanlı müharibədə öz istəklərinə nail ola bilməyəcəyini lap əvvəldən başa düşmüşdü. Çünki, onun yaratdığı koalisiya da formal səciyyə daşıyır və ən yaxın müttəfiqi olan Birləşmiş Ərəb Əmirliyi belə husilərlə müharibəni tərk etmişdi. Meydanda tək qalan krallıq üçün Baydenin müharibəni saxlamaq haqqında göstərişi tətikləyici rol oynadı Eyni zamanda səudilər öz istəklərindən də əl çəkmək istəmir, Yəməni İranın ixtiyarına buraxa bilmirlər.
  
Husilərin "Ansar Allah " hərəkatının hərbi nümayəndəsi, briqada generalı Yəhya Saria Səudiyyə Ərəbistanı ərazisinə yeni dron hücumu haqqında mütəmadi məlumat verir. Bu dəfə husilərin hədəfi Abxa aeroportu seçilib. Hücumda İran istehsalı olan Əbabil-T əsasında hazırlanan Qasef-2K pilotsuz təyyarəsindən istifadə olunub. " Biz təsdiq edirik ki, hücum əməliyyatlarımız blokada və düşmənçilik hərəkətləri bitənə qədər davam edəcək"-deyə general Twitterdə bildirib.
 General həmçinin husilərin hava hücumundan müdafiə qüvvələri tərəfindən "Ansar Allah" qüvvələrinin fəal olduqları  Marib rayonunda  səudilərin amerika istehsalı olan MQ-4 pilotsuz uçuş aparatının  vurduqları haqqında məlumat verib.   
6 il bundan öncə -22 mart 2015-ci ildə- Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin başçılığı altında ərəblərdən təşkil olunmuş koalisiya prezident Abd-Rabbu Mansuru Hadini hakimiyyətə qaytarmaq bəhanəsi ilə husilərə qarşı hərbi kompaniyaya başladılar. "Ansar Allah" husi hərəkatı və " Ümummilli Xalq Konqresi" partiyasının özəyi Yəmənin 20 faizinə nəzarət edir. Amma bu 20 faiz ərazidə əhalinin 80 faizi məskunlaşıb. Hadi hökuməti isə qalan ərazidə hakimdir. 2020-ci ilin fevralında Birləşmiş Ərəb Əmirlikləri qoşunlarını Yəməndən çıxardı. Səudiyyə Ərəbistanı isə hələ də husilərə qarşı müharibəni davam etdirir. BMT-nin Baş Katibi Antoniu Quterrişin pandemiya dövründə münaqişələrin dayandırılması üçün etdiyi çağırışa uyğun olaraq ərəb koalisiyası hərbi əməliyyatları dayandırmaq təşəbbüsündə  oldular. Amma atəşkəs uzun çəkmədi. Çünki husilər atəşkəsin əldə olunacağı şərtləri qəbul etmirlər.
Sön dövrlər husilər tərəfindən Səudiyyənin ərazisinin atəşə tutulması halları intensivləşib. Bir ay ərzində Saudi Aramco dövlət neft şirkətinin Ər-Riyaddakı obyektləri bir neçə dəfə hücuma məruz qalıb.
Son hücum Səudiyyə Ərəbistanı tərəfində edilən sülh təklifinə " Ansar Allahın" özünəməxsus cavabı olub. " Biz silahların tamamilə susdurulmasını istəyirik" deyə Səudiyyə Ərəbistanı Xarici İşlər Naziri şahzadə Feysal ben Farhan bəyanat verib. BMT-nin nəzarəti altında atəşkəsin əldə olunması və bununla da hərtərəfli siyasi nizamlanmaya nail olmaq Səudiyyə Ərəbistanının təklifi daxilindədir. Bununla Feysal bin Farhanın sözlərinə görə krallıq husilərə İranın maraqlarına xidmət etmək əvəzinə Yəmənə və Yəmən  xalqının maraqlarına uyğun addım atmağa şans verdiklərini bildirib.  Səudilər İrana qarşı düşmənçilikdən əl çəkməyəcəklərini bir daha vurğulamış olurlar. Onlar İrana "Ansar Allahın" mənəvi ağası və husilərin silah-sursat təchizatçısı kimi baxırlar. Sonda şahzadə qeyd edirki, təşəbbüs husilər razılıq verən kimi qüvvəyə minir.
Lakin husilər Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirinin təşəbbüsünü qəbul etmədilər. Onların fikrincə: " Yəmənin  altı il ərzində blokada və hücuma  məruz qaldığını təsdiqləməyən,  humanitar məsələləri hərbi və siyasi məsələlərdən ayırmayan və mühasirənin aradan qaldırmasını nəzərdə tutmayan istənilən mövqe və təşəbbüs ciddi və yeni deyil."
Bu barədə husilərin rəsmi  nümayəndəsi və onların danışıqlarda  nümayəndə heyətinin rəhbəri Muhammad Abdessalam öz Twitter hesabında məlumat verib. Onun sözlərinə görə: "Yəmənə qarşı hücumlara son qoyulmalı, Sana aeroportu və Hodeyda portunun açılması siyasi və hərbi hərəkətlərə bağlı olmamamlıdır."
Husilər mart ayının ortalarında Amerika Birləşmiş Ştatları ilə Oman tərəfindən hazırlanan təkliflərə qarşı da əks mövqe tutmuşlar. Bu təkliflər ərəb koalisiyasının Yəməni bombalamasını və husilərin Səudiyyə Ərəbistanı ərazisini atəşə tutmağı dayandırmağı nəzərdə tuturdu.Hodeyda portu və Sana aeroportu haqqında təkliflər də irəli sürülürdü. Yəmən üzrə ABŞ-ın xüsusi nümayəndəsi Tim Linderking bu planın Ər-Riyad tərəfindən dəstəkləndiyini də bildirmişdi. Amerika da öz növbəsində Səudiyyənin planını dəstəkləyir. Həm Amerika , həm də Səudiyyənin təklif etdiyi plan BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffitsin  planına uyğunluq təşkil edir. Belə olan halda husilər Səudiyyənin planında yeni heç nə yoxdur deməklə haqlı olduqlarını ifadə eirlər. Deməli, krallıq həm Amerika, həm də BMT nümayəndəsinin təklifini husilərin əvvəllər rədd etdikləri öz istəklərinə uyğunlaşdırmağı bacarıb.
İndiki halda husilərin heç kimə etibar etmədikləri göz qabağındadır. Onlar üçün əsas məsələ BMT TŞ-nin 2015-ci ildə qəbul etdiyi 2216 saylı qətnaməyə yenidən baxılmasıdır. Məlum olduğu kimi bu qətnamədə ölkədə münaqişəyə görə məsuliyyət husilərin və " Ansar Allahın" üzərinə qoyurdu.
Yəməndə sülhə nail olmaq üçün edilən təşəbbüslər həm region, həm də dünya dünya dövlətləri tərəfindən müsbət qarşılanıb. Bu barədə İran diplomatik dairələri də müsbət reaksiyalar göndəriblər. Amma husilər uzun müddət məruz qaldıqları hücumların qarşılığını verməkdə ciddi maraqlıdırlar. Onların düşüncələrinə görə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin Yəməndə törətdikləri vəhşiliklər cavabsız qalmamamlıdır. Bu hücuma görə Səudiyyə Ərəbistanında cəzalndırılmalı olan şəxs isə vəliəhd Məhəmməd bin Salman hesab olunur. Deməli vəliəhd Yəmən ətrafında gedən proseslərin rejissoru və həm də aktyorudur. Elə məhz buna görə də krallıq müharibəni özünün hazırladığı təkliflər əsasında dayandırmağa cəhd edir və öz planını BMT və ABŞ planı kimi təqdim etməyə nail olur.
 
Əlimusa İbrahimov.
Politoloq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31