Novruz Bayramı münasibəti ilə Co Baydenin Azərbaycan Prezidentinə təbrik məktubu - Təkcə təbrikmi?
24 Mart 2021 13:11 SiyasətAmerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Novruz Bayramı münasibəti ilə təbrik məktubu göndərib. Məktubdakı Azərbaycan xalqı və hörmətli cənab Prezidentimiz İlham Əliyev haqqında Amerika Prezidentinin xöş sözləri diqqəti cəlb edir:
"Mənim administrasiyam təhlükəsizliklə bağlı ümumi narahatlıqlar və regional barışıq məsələlərinin həlli istiqamətində Azərbaycanla birgə çalışacaqdır. ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi, biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə uzunmüddətli həllinə nail olmaq üçün tərəflərə yardım etməyə, firavan və dinc gələcək naminə Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına sadiq qalırıq. Biz, həmçinin iqtisadiyyatınızın şaxələndirilməsi və Xəzər dənizində enerji imkanlarının inkişafı ilə bağlı səylərinizi dəstəkləyirik. Amerika Birləşmiş Ştatları iqtisadi əməkdaşlıq üçün yeni imkanları nəzərdən keçirmək arzusundadır."
Co Baydenin bu səmimi məktubu növbəti dəfə ermənilərin arzularını gözündə qoydu. Onlar tamamilə başqa məzmunlu bayram təbriki gözləyirdilər. Elə bilirdilər ki, Azərbaycan xalqının Novruz Bayramını təbrik etmək əvəzinə Amerika Prezidenti öz torpaqlarını işğaldan azad etdiyinə görə Dağlıq Qarabağ münaqişəsinə eyham vuracaq və erməniləri yola verməyi Azərbaycan prezidentindən xahiş edəcək.
Bayden isə digər Amerika prezidentləri kimi, erməni yalanlarına inanmadığını sübut etdi. Bu məktubla o, ermənilərin Türkiyəyə qarşı olan iddialara da diqqət yetirməyəcəyinə eyham vurdu. Bildirdi ki, hər il olduğu kimi bu il də erməni xülyası puç olacaq.
Co Baydenin Dağlıq Qarabağ münaqişəsinə üstüörtülü toxunması isə ondan xəbər verir ki, Amerikanın indiki rəhbərliyi hazırki status-kvonu dəstəkləyir və ermənilərin Qarabağda Azərbaycan vətəndaşlığı altında yaşamalarının tərəfdarıdır.
Təbrik məktubu Baydenin yaxın gələcəkdə regionla bağlı siyasətinin həyata keçirilməsində Azərbaycana söykənəcəyindən xəbər verir. Deməli, nə Gürcüstan, nə Rusiya, nə də Ermənistan Amerikanın bu günkü Cənubi Qafqaz siyasətində Azərbaycan qədər ciddi əhəmiyyət kəsb etmir.
Bu Azərbaycan diplomatiyasının qələbəsi, İlham Əliyev xarici siyasətinin təntənəsidir. Böyük fəxrlə demək olar ki, əsgərlərimizin döyüş cəbhəsində qazandığı uğurları diplomatlarımız siyasət sahəsindəki qələbələri ilə möhkəmləndirirlər!
Əlimusa İbrahimov
Politoloq.