Ağ Ev rəhbərinin məktubundakı mühüm məqamlar

Azərbaycanın artan iqtisadi və hərbi gücü ölkəmizin regionda yeri və mövqeyini möhkəmləndirməklə yanaşı, ona olan beynəlxalq marağı da artırır. Ümumiyyətlə, Azərbaycanın müstəqilliyin ilk illərindən balanslaşdırılmış siyasət həyata keçirməsi, yaxın və uzaq qonşuları ilə qarşılıqlı faydalı əməkdaşlığa üstünlük verməsi dünya birliyi, ayrı-ayrı dövlətlər tərəfindən müsbət qarşılanır və rəsmi Bakının bu mövqeyi təqdir edilir.

Azərbaycan bütün tərəfdaş ölkələr kimi Birləşmiş Ştatlarla da ikitərəfli münasibətləri inkişaf etdirir, Vaşinqtonla Bakı arasında normal əməkdaşlıq mühiti hər ötən il daha da irəli gedir. Ümumiyyətlə, Barak Obama asministrasiyasından sonrakı hakimiyyətlər dövründə Vaşinqtondan Bakıya isti münasibətlər özünü göstərib. Bunu Ağ Ev rəhbərlərinin bir sıra əlamətdar hadisələr zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladıqları məktublardan da aydın görmək mümkündür. Məlumat üçün qeyd edək ki, yeni Ağ Ev rəhbəri Co Bayden də Azərbaycan Prezidenti İlham Əliyevə Novruz bayramı münasibətilə təbrik məktubu göndərib. Əslində bu bir diplomatik qayda olsa da, lakin məktubda Co Baydenin toxunduğu bir sıra məqamlar onu deməyə əsas verir ki, yeni Ağ Ev rəhbərliyi qarşıdakı illərdə Cənubi Qafqaz regionunda Azərbaycanla əməkdaşlığa önəm verəcək. Məktubda Ağ Ev rəhbəri Azərbaycan Prezidentinə xitabən vurğulayır ki, Sizə və Azərbaycan xalqına sevincli və firavan Novruz bayramı arzu edirəm. Bu yenilənmə çağı bizim əməkdaşlığımızın və sülhə sadiqliyimizin bir daha vurğulanması üçün fürsətdir: "Mənim administrasiyam təhlükəsizliklə bağlı ümumi narahatlıqlar və regional barışıq məsələlərinin həlli istiqamətində Azərbaycanla birgə çalışacaqdır. ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi, biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə uzunmüddətli həllinə nail olmaq üçün tərəflərə yardım etməyə, firavan və dinc gələcək naminə Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına sadiq qalırıq. Biz, həmçinin iqtisadiyyatınızın şaxələndirilməsi və Xəzər dənizində enerji imkanlarının inkişafı ilə bağlı səylərinizi dəstəkləyirik. Amerika Birləşmiş Ştatları iqtisadi əməkdaşlıq üçün yeni imkanları nəzərdən keçirmək arzusundadır. Yeni ilin və yeni baharın gəlişi münasibətilə Sizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram".

Bəs görəsən Birləşmiş Ştatlar prezidentinin təbrik məktubunda əksini tapan məqamlar Bakı İlə Vaşinqton arasında hansı əməkdaşlıq perspektivlərindən xəbər verir. "Atlas" Aradırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki,  Birləşmiş Ştatlar prezidenti Co Baydenin Novruz bayramı münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə göndərdiyi məktub 4 mesajdan ibarətdir. Onun sözlərinə görə, Bayden məktubun birinci hissəsində administrasiyasının təhlükəsizliklə bağlı ümumi narahatlıqlar və regional barışıq məsələlərinin həlli istiqamətində Azərbaycanla birgə çalışacağını bildirib: "Məktubun ikinci hissəsində Amerikanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə uzunmüddətli həllinə nail olmaq üçün tərəflərə yardım etməyə, firavan və dinc gələcək naminə Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına sadiq qaldığı vurğulanıb. Məktubun üçüncü hissəsində enerji əməkdaşlığından söz açılıb: "Biz iqtisadiyyatınızın şaxələndirilməsi və Xəzər dənizində enerji imkanlarının inkişafı ilə bağlı səylərinizi dəstəkləyirik". Co Baydenin məktubda sonuncu mesajı da maraqlıdır: "Amerika Birləşmiş Ştatları iqtisadi əməkdaşlıq üçün yeni imkanları nəzərdən keçirmək arzusundadır".

Politoloq deyib ki, Baydenin İlham Əliyevə yazdığı məktub Ağ Evin əvvəlki sahibi Donald Trampın Bakıya göndərdiyi məktublardan çox da fərqlənmir: "Əlbəttə, Baydenin "Qarabağın uzunmüddətli həllindən"  danışması xoşumuza gəlməyib. Ancaq Bayden açıq-aşkar münaqişənin həll olunduğunu da vurğulamazdı. Bu halda Bayden münaqişənin Azərbaycanın xeyrinə həll edildiyini etiraf etmiş olardı. Ağ Ev sahibləri bu etirafı dilə gətirməzlər. Buna baxmayaraq, Baydenin enerji əməkdaşlığı və iqtisadiyyatın şaxələndirilməsi barədə dedikləri iki ölkə arasındakı əməkdaşlığın davamı üçün faydalı cümlələrdir".

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31