İnformasiya savaşında  bəzi təbliğat üsulları korrektə edilməlidir

 Əkrəm Bəydəmirli: “ Xarici ölkə səfirlərin Ağdama səfərləri  informasiya müharibəsinin tərkib hisssəsidir”

 Əkrəm Bəydəmirli: " Xarici ölkə səfirlərin Ağdama səfərləri  informasiya müharibəsinin tərkib hisssəsidir"

Ermənistanın təxribatçı əməllərinə və işğalçılıq siyasətinə cavab olaraq ötən ilin  sentyabrin 27-də başlayan  II Qarabağ müharibəsi Azərbaycan Ordusunun düşmənə layiqli cavabı  hər bir azərbaycanlıda ruh yüksəkliyi yaratdı.  44 günlük müharibə  dünyaya ciddi mesajlar verdi, Azərbaycan Ordusunun tarixi qələbəsi müasir hərb tarixində yeni bir mərhələ açdı. Bu da uzun illər dünyada mövcud olan ədalətsizlik sindromuna son qoydu. Beynəlxalq hüquqda geniş təsbit edilən, təəssüf ki, uzun müddət kağız üzərində qalan ədalət, ümumbəşəri hüquqi prinsiplər yalnız Azərbaycan Ordusunun  şanlı qələbəsi nəticəsində öz yerini tapdı. 

Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli hesab edir ki, bu gün geosiyasi  proseslərin davamı olaraq Azərbaycanın milli maraqlarının təmin edilməsi baxımından informasiya müharibəsində aktivliyin artırılması, böyük  təhdidlərin qarşısının alınması zəruridir: "Postmüharibə dövründə  ortalığa çıxa biləcək təzyiqlərin dəf edilməsi kontektistində məntiqli informasiya müharibəsi əhəmiyyətli vasitədir. Hazırda isə savaş informasiya cəbhəsində sürətlə genişlənməkdədir. İstər müharibə dövründə, istərsə də sonrakı dönəmdə erməni mediasına nəzər saldıqda məkrli siyasətin, qıcıq yaradan, düşmənçiliyi dərinləşdirən saxta informasiyaların şahidi oluruq. Ermənistan mətbuatından fərqli olaraq  bu, informasiya savaşında Azərbaycan mediası yalnız ədalətli mövqe nümayiş etdirir, həqiqəti yazır". 

Onun sözlərinə görə, informasiya müharibəsinə təsir göstərən bəzi məqamlara nəzər salmaq vacibdir: "Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə bütün səfərləri informasiya müharibəsinin gedişində həlledici faktordur. Erməni zülmdən qurtulan torpaqlarımızdakı real vəziyyəti dünya ictimayyəti məhz birinci şəxsdən öyrənir, informasiyanı alır. Bu çox önəmlidir. Dünyada belədir ki, birinci şəxsin verdiyi informasiyaya daha çox inanılır və qəbul edilir. Bu baxımdan Azərbaycan Prezidentinin düşməndən azad olunmuş Qarabağa səfərləri informasiya savaşında əhəmiyyətli hadisədir. Bundan əlavə  ötən il müharibənin gedişi dövtündə  Prezidentin  30-a yaxın xarici telekanallara müsahibəsi və həmin söhbətlər zamanı özünü müstəntiq kimi aparan bəzi əcnəbi jurnalistlərə  ustad dərsi keçməsi informasiya müharibəsində həlledici amil oldu. Azərbaycan Prezidenti İlham Əliyevin  müsahibələrində, işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı  səsləndirdiyi fikirlər dünyanın çox tanınmış media quruluşlarının, televiziyalarının əsas xəbərinə çevrildi. Bu faktorlar dünyada oturuşmuş saxta erməni mifinin, həqiqətdən uzaq təbliğatlarının dağılmasını sürətləndirdi. Nəhayət Bakıda fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndələrin, səfirlərin,  ötən həftə isə Azərbaycanın QHT, media rəhbəırlərinin işğaldan azad olunmuş Ağdama səfərləri  informasiya müharibəsinin tərkib hisssəsidir. Mənə elə gəlir ki, bu səfərlər "getdim, gördüm, kövrəldim, ağladım" fikri ilə bitməməlidir. Yəni yaradıcı insan bununla missiyasını bitirmiş hesab etməməlidir.  Yaradıcı insanlar burada intellektual yanaşma sərgiləməlidir.  Çünki Ağdamın və digər ərazilərin görüntüləri peşəkar rejissor, ssenarist, jurnalist və digər sənət sahibi üçün fərqli bir mənzərə, yeni yanaşma məkanı olmalıdır. Bundan əlavə informasiya savaşında  bəzi təbliğat üsullarını korrektə etməliyik. Azərbaycanla bağlı həqiqətləri geniş auditoriyaya çatdırmaq üçün çox mükəmməl innovativ vasitələrin tətbiqi üzərində düşünməliyik. Vətən müharibəsi bir çox həqiqətləri bir daha təsdiqlədi. Ali Baş Komandanın başçılığı, Ordumuzun rəşadəti nəticəsində qazanılan bu tarixi qələbə 44 günlük  müharibənin həqiqət anıdır. Bu  həqiqət anında biz nə qədər qəhrəmanlarımızı tanıdıq. Bəzi dostlarımızın, yaxınlarımızın övladları bu döyüşlərdə böyük igidliklər göstərdi, Şəhidlik zirvəsinə yüksəldi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən onların keçdiyi bu döyüş yoluna nəzər salanda, valideynləri ilə söhbət edən zaman heyrətləndim, qürurlandım. Belə möhtəşəm döyüş səhnələrini yalnız kinofilmlərdə görmək mümkün idi.  Silahlı Qüvvələrimiz bunu döyüş meydanında nümayiş etdirdi. Düşünürəm Azərbaycan mediası, incəsənət adamları  zəfər tarixindən yararlanıb oxuculara möhtəşəm əsərlər, yeni ədəbiyyat nümənələri təqdim edəcəklər.  Bu həm informasiya savaşında,  həm də müharibə ədəbiyyatının, filmlərinin yaranmasında  yeni mərhələ olacaq".

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31