MVP: “1995-ci ilin mart hadisələri Azərbaycan dövlətçiliyinə qarşı xəyanətkarlıqdır”
17 Mart 2021 12:25 Siyasət26 il əvvəl Azərbaycanın müstəqilliyinə qəsd etmək istəyən qüvvələrin məkrli niyyətləri bu gün də yaddaşlardan silinməyib. Belə ki, 1995-ci ilin mart ayında bir qrup xəyanətkar insan ətrafına topladığı qeyri-qanuni silahlı birləşmələr vasitəsilə müstəqilliyimizə qəsd etməyə cəhd göstərmişdi. Ölkədə yaradılmış ciddi nizam-intizama tabe olmaq istəməyən dağıdıcı qüvvələr Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzundan təşvişə düşərək, xarici himayədarlarının təhriki ilə dövlət çevrilişinə cəhd etmişdilər. Konkret olaraq dövlət çevrilişinə cəhd 1995-ci ilin mart ayının 12-dən 13-nə keçən gecə ölkənin ən ucqar nöqtəsində - Qazaxda və Ağstafada başladı. Həmin gün "OMON"-un Ağstafa və Qazax rayonunda yerləşən bölməsi tərəfindən dövlət idarələrinə silahlı hücum təşkil edildi. Hər iki rayonda dövlət əleyhinə faktiki qiyam baş verdi. Məlum olduğu kimi, qanlı döyüşlərdən sonra Xüsusi Təyinatlılar ("OMON"-çular) qalib gəldi və dövlət əhəmiyyətli binalar ələ keçirildi. Lakin mart ayının 15-də Azərbaycan Ordusunun bölmələri tərəfindən qiyam yatırıldı. Martın 16-17-də isə Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri Rövşən Cavadovun rəhbərliyi ilə Bakıda çevrilişə cəhd göstərildi. Martın 17-də Azərbaycan Silahlı Qüvvələrinin dəstələri üsyançıların düşərgəsini mühasirəyə almış və qiyam yatırıldı.
Milli Vəhdət Partiası hesab edir ki, 1995-c ilin mart hadisələri silahlı qiyam kimi qiymətləndirilməlidir: "1995-ci ilin mart hadisələri Azərbaycan dövlətçiliyinə qarşı xəyanətkarlıqdır. Dövlət çevrilişinə cəhd edən qeyri - qanuni silahlı birləşmələrin rəhbəri Rövşən Cavadov və onun ətrafı hakimiyyəti silah gücünə, qeyri-konstitusion yolla ələ keçirməkdə tam israrlı idi. Onlar ağsaqqalları, ziyalıları, hətta yaşlı atalarını da dinləmədilər. Cəmiyyətdə dövlət çevrilişinə cəhd göstərənlərə qarşı şiddətli nifrət yaranmışdı. Xalq kütlələri xəyanətkar və cinayətkar əməllərə son qoyulmasını tələb edirdi. R.Cavadovun adamlarının, eyni zamanda, proseslərdən faydalanmaq arzusuna düşən dağıdıcı müxalifət partiyalarının nümayəndələrinin xalq arasında apardığı təbliğat işləri isə, heç bir nəticə vermirdi. "OMON"-a dəfələrlə təkid edilmişdi ki, DİN-in daxilində qeydiyyatdan keçsin və bu qurumun tabeçiliyinə verilsin. Amma "OMON"-çu dəstələr bütün cəhdlərə baxmayaraq, hakimiyyətə müqavimət göstərmək qərarına gəldilər. Açıq şəkildə qəzetlərə verdikləri müsahibələrdə Dövlət Şurası yaradacaqlarını, orada Elçibəy və Mütəllibovun iştirak edəcəklərini bəyan edirdilər. Üstəlik, bəzi vəzifəli şəxslərin istefasını təkidlə tələb edirdilər. Konkret dövlətin himayəsi ilə yaradılmış silahlı dəstə sonradan dövlətin əleyhinə olan qiyamçı dəstəyə çevrildi. Dövlət başçısının çağırışlarına məhəl qoymayaraq, dövlətə tabe olmaqdan boyun qaçırdılar. Lakin bütün sadalananlara baxmayaraq, Ulu Öndər Heydər Əliyevin nüfuzu və xalqın dəstəyi dövlət çevrilişinin qarşısını almağa müvəffəq oldu. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev vətəndaş qarşıdurmasına səbəb ola biləcək hadisənin qarşısını aldı və ölkədə davam edən hakimiyyət böhranına, anarxiya və özbaşınalığa son qoydu. Həmin hadisələr, bir daha göstərdi ki, Azərbaycan xalqı və onun ordusu ölkə daxilində qarşıdurma yaratmaq istəyənləri dəstəkləmir və onları müdafiə etmir".