Münaqişənin güc yolu ilə həlli qaçılmaz idi
30 il bundan əvvəl... Həmin mənzərəni təsəvvür etmək çox çətindir. Müharibə, ərazi bötövlüyümüzün itirilməsi, yurdsuz-yuvasız qalmış körpələr, gözüyaşlı analar, daha neçə-neçə müsibətlər...
18 Mart 2021 10:06 Siyasət30 il bundan əvvəl... Həmin mənzərəni təsəvvür etmək çox çətindir. Müharibə, ərazi bötövlüyümüzün itirilməsi, yurdsuz-yuvasız qalmış körpələr, gözüyaşlı analar, daha neçə-neçə müsibətlər...
Həmin dövrdə Azərbaycan xalqı erməni işğalçıları tərəfindən o qədər əzab-əziyyət çəkdi, acı tale yaşadı ki, saymaqla bitməz. Neyləyək ki, öz qonşularımızı seçmək şansımız olmayıb, qismətimizdə acgöz, kimliyini hələ də dəqiq araşdıra bilməyən, təcavüzkar bir kütlə ilə qonşu olmaq yazılıb taleyimizə.
Azərbaycan öz torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasına və bir milyonadək əhalisinin qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə rəğmən münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlar aparırdı. Azərbaycan beynəlxalq hüququn aliliyinə əsaslanaraq ədalətin bərpa olunnacağı günü səbirsizliklə gözləyirdi. Lakin işğalçı qüvvələr torpaqlarımızdan öz xoşu ilə çıxmadı.
Ötən 30 il ərzində düşmən beynəlxalq hüquqa məhəl qoymadı. Bütün dünya, beynəlxalq ictimaiyyət yaxşı bilir ki, Azərbaycaycan Vətən müharibəsinə başlamazdan əvvəl də münaqişənin sülh yolu ilə həllinin tərəfdarı idi. Sonda azərbaycanlıların "səbir kasasını daşdıran", müharibənin başlanmasına rəvac verən yenə də erməni vandalları oldu.
Son zamanlar Ermənistanın baş naziri Nikol Paşinyan təxribatçı addımları, səsləndirdiyi bəyanatlarla mövcud vəziyyəti daha da gərginləşdirdi, münaqişənin həlli istiqamətində nəticəyə yönəlik danışıqlara zəmin yaratmalı olduğu halda, reallıqda tam əksini nümayiş etdirdi. Xüsusilə, 2019-cu ilin 5 avqustunda Xankəndidə "Qarabağ Ermənistandır, vəssalam" açıqlaması və Qarabağın Ermənistana birləşdirilməsini nəzərdə tutan "miatsum" ifadəsini işlətməsi Ermənistanın əsil məqsədinin işğalçılıqdan başqa bir şey olmadığını ortaya qoydu. Nikol Paşinyanın bu sözləri Qarabağın Ermənistan tərəfindən işğal olunmasının təsdiqi idi.
Ümumiyyətlə, Ermənistan baş nazirinin bəyanatlarından onun mövqeyini anlamaq mümkün olmadı, sözdə münaqişənin həlli üçün sülh şəraitinin yaradılmasının önəmindən danışsa da, əməldə isə tam əksini nümayiş etdirdi.
ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin yüksək vəzifəli rəsmi nümayəndələri hər zaman bu münaqişənin hərbi həlli olmadığını bildirirdilər. Prezident İlham Əliyev isə dünya birliyinə dəfələrlə bəyan etdi ki, Azərbaycan nə danışıqlar prosesində, nə də bölgədə gedən başqa proseslərdə öz prinsipial mövqeyindən dönməyəcək. Dövlət başçısı Ermənistanın Azərbaycana təcavüzünün regionda törədə biləcəyi təhlükələr haqqında xəbərdarlıq edərək təsirli tədbirlər görməyə və Ermənistanı işğalçılıq siyasətindən çəkindirməyə çağırdı.
Lakin sonda göründü ki, sülh danışıqları aparmağın faydası yoxdur, münaqişənin güc yolu ilə həlli qaçılmazdır. Münaqişənin sülh yolu ilə həlli missiyasını öz üzərinə götürən beynəlxalq dairələr, nədənsə, 30 il ərzində heç bir əməli tədbir görmədilər. Nəticədə Azərbaycan uzun illər ərzində aparılan ikili siyasətə qarşı mübarizə aparmağa məcbur oldu.
30 il az müddət deyildi. Bu müddət ərzində dünya birliyindən ədalətin bərpa olunacağını gözləmək, nədənsə, demokratiyadan dəm vuranların diqqətini çəkmədi. Onlar Azərbaycan xalqının başına gəirilən müsibətləri görməz oldular. Zamanla Azərbaycana qarşı mütəşəkkil və güclü dairələrin birləşərək ata-baba torpaqlarımızı əbədi işğal altında saxlamaq istəyinin də fərqinə vardıq. Bəzi xarici qüvvələrin təxribatçı əməllərlə məşğul olduğunu da gördük. Ermənistan, sadəcə olaraq bir alət, bir vasitə idi.
Uzun illər BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri də kağızda qaldı. Azərbaycanın isə yalnız bir tələbi var idi, ərazi bütövlüyünün tam təmin edilməsi.
Zaman isə göstərdi ki, Azərbaycan artıq 90-cı illərdə olduğu kimi deyil, qüdrətli orduya, müdrik və qətiyyətli rəhbərə malikdir. Beynəlxalq hüquq, norma və prinsiplərinin kobud surətdə pozulduğunu görən, uzun müddət təmkinli davranan Azərbaycan lideri, artıq müqəddəs işimizə əngəl törədən səbəblərin ünvanını açıq şəkildə bütün dünyaya göstərdi.
Bakının Azadlıq meydanında keçirilən Zəfər paradında Prezident İlham Əliyevin bildirdiyi kimi, belə olan halda münaqişənin hərbi yollarla həll edilməsi qaçılmaz oldu. 44 gün ərzində Azərbaycan istədiyinə nail oldu, ədaləti bərpa etdi, tarixi zəfərə imza atdı. İşğalçı Ermənistanın cəbhəyanı rayonlarda və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan dinc əhalimizi hədəf seçməsinə cavab olaraq rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 məlum qətnaməni uğurla reallaşdırdı.
Danılmaz faktdır ki, Ali Baş Komandanın dəmir yumruğu təkcə düşmənin başını yarmadı, o yumruq Azərbaycan xalqının əzminin, birliyinin nişanəsinə çevrildi, ordumuzun gücünə güc qatdı.
Bu gün Azərbaycan dünyanın diqqət mərkəzindədir. Ölkəmizin Ermənistanla müqayisədə nə qədər üstün iqtisadi qüdrətə malik olduğunu dünya ictimaiyyəti yaxşı bilir. İstər əhalisinin sayı, istərsə də iqtisadi gücü, ordusu, siyasi mövqeyi müzakirə olunmayacaq dərəcədə fərqlənir. Dünyanın güclü orduları sırasına daxil olan Azərbaycan ordusunun isə səs-sədası - döyüş meydanındakı qəhrəmanlığı, müasir texnikalarla düşmənə layiqli cavab verməsi dünya mətbuatının da diqqətini cəlb etdi.
Azərbaycan Ordusunun Ermənistanın təxribatlarına cavab olaraq həyata keçirdiyi əks-hücum əməliyyatı dünya hərb tarixində yeni səhifə açdı. Müxtəlif ölkələri təmsil edən hərbçilər, bu sahə üzrə mütəxəssislər Azərbaycanın XXI əsrdə müharibə aparmağın parlaq nümunəsini ortaya qoyduğunu etraf etdi.
Azərbaycan ordusunun peşəkarlığı, döyüş qabiliyyəti gündən-günə artır. Ordu quruculuğunun təkmilləşdirilməsi, ordunun ən müasir silahlarla təmin edilməsi davam etdirilir.
Bütün bunlarla yanaşı, Vətən müharibəsi günlərində Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycana qarşı informasiya savaşı aparan erməni lobbisi və beynəlxalq güclərin təbliğatını müstəsna diplomat məharəti və siyasi lider nüfuzu ilə susdurdu. Müzəffər Ali Baş Komandanın torpaqlarımızın bütövlüyü uğrunda apardığı müdrik siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan bayrağı Qarabağda vüqarla dalğalanır.
Artıq ölkəmizin həyatında yeni mərhələ - quruculuq, inkişaf, işğaldan azad edilmiş torpaqlarımızın bərpası dövrü başlayır. Prezident İlham Əliyevin bildirdiyi ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq.
Zəhra Məmmədli,
Dövlət Gömrük Komitəsinin "Könüllü Gömrükçü" dəstəsinin üzvü