Sədaqət Vəliyeva: «İlham Əliyevin Xocavənd, keçmiş Hadrut rayonlarına səfəri böyük və parlaq zəfərin növbəti dəfə nümayişidir»
16 Mart 2021 11:07 Siyasət"44 günlük müharibədə qazanılmış parlaq qələbədən, böyük zəfərdən sonra müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə dəfələrlə səfər edib. Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın, Şuşa səfərlərindən sonra Prezident İlham Əliyev və ailəsi Xocavəndə, keçmiş Hadrut rayonuna, qədim yaşayış məskəni olan Tuğ, Azıx, eləcə də Edili, Düdükçü kəndlərinə səfəri baş tutub. Heç şübhəsiz ki, Prezident İlham Əliyevin Xocavənd, keçmiş Hadrut rayonlarına səfəri böyük və parlaq zəfərin növbəti dəfə nümayişidir".
Millət vəkili qeyd edib ki, Vətən müharibəsinin bitməsindən 4 ay vaxt keçməsinə baxmayaraq, Azərbaycan sürətli bir şəkildə işğaldan azad olunmuş əraziləri bərpa edir, infrastruktur layihələrini reallaşdırır:
"Prezident İlham Əliyev Füzuli rayonundan Şuşaya qədər uzanan Zəfər yolu layihəsindən sonra Füzuli-Hadrut yolunun da təməlini qoyub. Bu yol-nəqliyyat layihələri ilə yanaşı yaxın zamanlarda Bərdə-Ağdam yolunun çəkilişi icra ediləcək. Həmçinin, Horadizdən Zəngilana qədər də yol çəkiləcək. Əlbəttə ki, bu cür layihələrin həyata keçirilməsi birbaşa işğaldan azad edilmiş ərazilərin inkişafı üçün böyük əhəmiyyət daşıyır. Görünən odur ki, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bu günə qədər bütün vədlərini yerinə yetirdiyi kimi "Qarabağı cənnətə çevirəcəyik" vədini də tezliklə reallaşdırmaq üçün siyasi iradə və qətiyyət nümayiş etdirir. Bu da xalqımızda əminlik, inam yaradır".