Güney Azərbaycana baxış: Müstəqillik, yoxsa..? - “Ölkənin adı dəyişməlidir”
12 Mart 2021 11:26 SiyasətSon vaxtlar Güney Azərbaycanın gələcəyi ilə bağlı müzakirələr artıb. Lakin iki məsələdə mübahisələr var. Güney Azərbaycanın müstəqil dövlət kimi yaşamaq potensialı varmı? İranda demokratiya qurularsa, azərbaycanlılar İranda hakimiyyətə gələ bilərmi?
Mövzu ilə bağlı ABŞ-da yaşayan güneyli soydaşımız, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) başqanının müavini, Güney Azərbaycan Televiziyasının (günaz.tv) sahibi Əhməd Obalının fikirlərini öyrəndik.
"Əsas hədəf istiqlaldır"
Əhməd Obalı deyib ki, Güney Azərbaycanın müstəqilliyi Milli Hərəkatın əsas hədəfidir. Ən pis halda subyektlərə yüksək hüquq verilən konfederasiya ola bilər.
Güney Azərbaycan müstəqil olduqdan sonra Quzey Azərbaycanla birləşməlidir. Əsas hədəflərdən biri də budur. Son hədəf isə türk xalaqlarına inteqrasiya, türk dövlətlərinin birliyidir. Milli Hərəkatın əsas məqsədi də odur. Güney Azərbaycan güclü dövlətlərdən biri olmalıdır".
"Güney Azərbaycan dövləti müstəqil yaşaya bilər"
Bəs müstəqil olmaq üçün Güney Azərbaycanın iqtisadi potensialı varmı? Azərbaycanlıların İranın 6 ostanında yaşadığını vurğulayan Əhməd Obalı hesab edir ki, bu torpaqların yeraltı və yerüstü sərvətləri kifayət qədərdir: "Azərbaycanlılar Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Həmədan, Qəzvin, Zəncan ostanlarında əhalinin əksəriyyətini təşkil edir. Torpaqlarımızın bir qismi başqa ostanlara verilib. Neçə ki Borçalı Gürcüstana verilib. Məsələn, bizim Astara bölgəsi Gilanda qalıb. Ərak, Savə türkləri mərkəz ostanında qalıb. 27-30 milyon əhaliyə malik Güney Azərbaycan türkləri var. O torpaqlar çox bərəkətlidir. Güneydə mədən sənayesi inkişaf edib. Muğanda nef və qaz yataqları tapılıb.
Təkcə Şərqi Azərbaycan mədən sənayesinə görə 1-ci yerdədir. Bunu İran rəsmiləri özləri etiraf edir. Ən böyük mis mədənləri Güney Azərbaycanda- Əhərdə, Vərziğanda, Sərabda və digər yerlərdədir. Amma biz yalnız mədənlərlə yaşaya bilmərik. Olduqca intellektual cəmiyyətimiz var. Güneydə savadlılıq səviyyəsi qənaətbəxşdir. Güney Azərbaycan müstəqil olarsa çox varlı, imkanlı, başqalarından asılı olmayan güclü bir dövlət olacaq. İranın başqa bölgələrindən fərqli olaraq Güneyin heç nəyə ehtiyacı yoxdur. Güney Azərbaycanın ağır, yüngül sənayesi, kənd təsərrüfatı çox inkişaf edib. Güney vilayətləri yalnız Xuzistandan geri qala bilər. Çünki orada zəngin neft yataqları var".
"Onlarla savaşmalı və qalib gəlməliyik"
Bəs hazırkı teokratik rejim dəyişərsə, demokratiya qurularsa İranda türklərin hakimiyyətə gəlməsi mümkündürmü? Güney Azərbaycan milli hüquqlarını əldə edə bilərmi? Əhməd Obalı bildirib ki, bu, o qədər də real deyil: "Bu kimi fikirlər sanki bizimi "boynumuza qoyulub". Bu cür fikirlər bizim müstəqilliyə gedən yolumuzu kəsən sözlərdən başqa bir şey deyil. Biz İranda türklərin hakimiyyətə gəlməsini qeyri-mümkün hesab edirik. Bu gün İran farslar hakimiyyətdədir.
Farslar bizim hakimiyyətimizi qəbul edərmi? Xeyr. Ərəblər, kürdlər, bəluclar bizim hakimiyyətimizi qəbul edərmi? Xeyr. İranda hakimiyyətə gəlmək üçün hamısı ilə savaşmalı və qalib gəlməliyik. Bizə lazım deyil ki, məsələn, ərəbləri, bəlucları hakimiyyətimiz altında saxlayaq. Bizə lazımdır özümüzə hakim olaq. Bu fikir birdəfəlik beynimizdən atmalıyıq. Prakmatik siyasət aparmalıyıq. Bəziləri deyir ki, Güney Azərbaycanın müstəqilliyi mümkün deyil, İrana hakim olmaq lazımdır. Bu mümkün deyil. Biz yalnız Azərbaycanın müstəqilliynə çalışmalıyıq".
"İran olan yerdə demokratiya yoxdur"
Bəzi ekspertlər hesab edir ki, İranda hazırkı molla rejimi hakimiyyətdən gedərsə, sekulyar dövlət yaranarsa qeyri-fars xalqlarına müəyyən hüquqlar (məsələn, ana dilində təhsil və s.) verilə bilər. Əhməd Obalı hesab edir ki, bu fikir də yanlışdır: "Bu, İranın bütövlüyünü istəyən panfarsistlərin, paniranistlərin fikridir. İranın bütövlüyü o zaman ola bilər ki, bütün millətlər bərabər hüquqlara sahib olsun. Onu da farslar qəbul etmir. Farslar bizim dilimizin azadlığını belə qəbul edə bilmirlər. Sekulyarlıq bizim problemimiz deyil ki. Şimali Azərbaycan sekulyar cəmiyyətdir, dünyəvi dövlətdir.
Güney Azərbaycan xalqı da eyni düşüncənin sahibidir. Demokratiya həqiqi olmalıdır. Demokratiyanın əsas sütunlarından biri söz və seçim azadlığıdır. Bunu qəbul etməyən, bu haqqı bizə vermək istəməyən qrup necə demokratiyadan danışa bilər. Bir də ki İranda demokratiya qurulsa hakimiyyətə kimlər gələcək? Hazırkı rejimə müxalif olanların hamısı milli məsələyə gələndə molla rejimindən daha pis və daha kobud formada bizim əleyhimizədir.
Gəldiyimiz qənaət odur ki, İran və demokratiya kəlmələri bir-birinə uyğun deyil. İran olan yerdə demokratiya yoxdur. İran panfarsiszm üzərində qurulmuş bir dövlətdir. Demokratiya qurularsa bu şovinizm aradan qalxmalıdır. İran adı da dəyişməlidir".