Ermənistanda müharibədən sonrakı siyasi təlatümlər

Ermənistanda daxili siyasi vəziyyət gərgin olaraq qalmaqdadır.

Ermənistanda daxili siyasi vəziyyət gərgin olaraq qalmaqdadır. Baş nazir Nikol Paşinyanla Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi arasında yaşanan problemlər ümumilikdə bu ölkənin ictimai-siyasi həyatına təsirsiz ötüşməyib. Nikol Paşinyandan narazı qüvvələr yaranan gərginlikdən istifadə edərək baş naziri istefaya göndərməyi çalışırlar. Hələlik isə Ermənistandaxili proseslər müxalifət üçün uğur vəd etmir. Çünki 44 günlük Vətən müharibəsində biabırçı məğlubiyyətə rəğmən hələ də Ermənistanda Paşinyanı müdafiə edənlər kifayət qədərdir. Ancaq bütün halda baş verənlərin, yaşanan proseslərin Ermənistanda vətəndaş qarşıdurmasına gətirib çıxaracağı istisna edilmir. Təsadüfi deyil ki, əksər ekspertlər də bu qənaətdədirlər.

Siyasi şərhçi Xəyal Bəşirov deyir ki, 44 günlük İkinci Qarabağ müharibəsindəki məğlubiyyətindən sonra gözlənildiyi kimi Ermənistanda siyasi təlatümlər davam edir. Onun sözlərinə görə, ancaq, hazırki mərhələdə proseslərin final mərhələsinə yaxınlaşdığını görmək olur: "Ən az mühüm bir mərhələ geridə qalmaqdadır. Dörd aylıq zaman ərzində baş verənlərə nəzər salıb hələ ki, səriştəsiz, təcrübəsiz və idarəetmə bacarığı olmayan Paşinyanın siyasi meyitlərin idarə etdiyi müxalifətə qalib gəldiyini görürük".

Ekspert bildirib ki, 10 noyabr tarixli Bəyanatdan sonra baş verən əsas hadisələrə nəzər yetirsək hər şey aydın olur: "Köçəryan və Sarkisyanın rəhbərlik etdiyi Qarabağ klanı bir neçə amilə ümid edirdi. İlk öncə onlar müharibəni uduzan Paşinyanın hər bir halda hakimiyyətdən gedəcəyinə əmin idilər. Daha sonra, onlar özlərinin, xüsusilə də Köçəryanın Rusiya prezidenti V.Putinlə şəxsi münasibətləri amilindən istifadə etməyi düşünürdülər. Bu münasibətlərin fonunda rəsmi Moskvanın Paşinyana rəğbətinin yox səviyyəsində olması Ermənistan müxalifətini bir qədər də arxayın edirdi.  Ancaq proseslər göstərdi ki, hətta zəif Nikolla  mübarizədə belə, Ermənistanda iyirmi ildən artıq hakimiyyətdə olan quvvələr məğlub olmaqdadırlar. Bunu şərtləndirən əsas amil Paşinyana aid olan hansısa xüsusiyyət deyil. Sadəcə müharibə çağırışları edən revanşist quvvələrə müharibə istəməyən Ermənistan cəmiyyyətinin cavabı sərt oldu. Ermənistan əhalisi gec də olsa artıq anladı ki, onların bütün bədbəxtliklərinin əsası Azərbaycana qarşı işğal və təcavüz siyasəti və qinşulara ərazi iddiaları ilə bağlıdır. Onların bu cür qənaətə gəlməsində Azərbaycan dövlətinin də rolu az olmadı. Azad edilmiş ərazilərimizi görəndən sonra anladılar ki, bu illər ərzində onları hansı vəhşi və vandal xislətli insanlar idarə edib".

Xəyal Bəşirov deyib ki, Paşinyanın məğlub dövlətin rəhbəri və məğlub ordunun Ali Baş Komandanı olması reallıq olsa da, bu məğlubiyyəti tək onun adına yazmağın düzgün olmadığını da anladılar: "Prezident İlham Əliyev azad edilmiş ərazilərdəki çıxışlarında heç də əbəs yerə demirdi ki, biz Paşinyanın yox Köçəryan və Sarkisyanın ordusunu məğlub etdik. Bu fikirlər, Ermənistan cəmiyyətində məğlubiyyəti təkcə Paşinyanın adına yazmağa cəhd edən erməni müxalifətinə qarşı düzgün mövqe seçməkdə yardımçı oldu. Bu gün Ermənistan əhalisinin mütləq əksəriyyəti müharibəyə qarşıdır. Bu da müxalifəti ictimai dəstəkdən məhrum edir. Elə bu səbəbdən də, onsuz da xarici təpkiyə məruz qalan hərbi çevriliş cəhdi də, uğursuz oldu.  Bu günə olan nəticələr hələ ki, Paşinyan qalib gəldiyini diktə etməkdədir. Siyasi proseslərdən uzun müddət kənarda qalan Ermənistanın ilk Prezidenti Ter Petrosyanın dəstəyinə rəğmən Qasparyanın vəzifəsi ilə vidalaşdığı deyilir. Baş qərargah rəisi Onik Qasparyanı Ermənistanın siyasi müxalifəti olan Qarabağ klanının ən son ümid yeri hesab etmək olardı. Bu artıq gərgin bir mərhələnin sonu deməkdir. Paşinyanın və arvadının Çauşesku cütlüyü kimi güllələnməsi səhnəsini nümayiş etdirən müxalif cəbhədəki düşmənlərə qarşı qisas addımları reallaşa bilər. Hər bir halda, bu gün Ermənistan hakimiyyəti uğrunda gedən mübarizə artıq çoxdan şəxsi intiqam və qisas müstəvisinə qədəm qoyub. Qalib gələn tərəfin qarşı tərəfə münasibətdə vendetta təşkil edəcəyi də istisna olunmur. Bu vendetta bəlkə də, Ermənistanı dalana çevirən və təcrid vəziyyətinə salan siyasətdən xilas edəcək. Bu isə, artıq zamanın iradəsindən asılı olan bir məsələdir!".

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31