Erməni lobbisi Azərbaycan və Türkiyə əleyhinə yeni fəaliyyətdə

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki zəfəri, uğurlu qələbəsini Ermənistan dövləti, eləcə də erməni lobbisi heç cür həzm edə bilmir.

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki zəfəri, uğurlu qələbəsini Ermənistan dövləti, eləcə də erməni lobbisi heç cür həzm edə bilmir. Həm müharibənin getdiyi günlərdə, həm də ondan sonar dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni lobbisi və diaspora təşkilatlarının əsas məqsədi və hədəfi həmin ölkələrdə Azərbaycan barədə mənfi rəy formalaşdırmaq, onun nüfuzuna, imicinə zərbə vurmaqdır. Hətta düşmən ölkənin lobbi və diaspora təşkilatları bir qədər də irəli gedərək ayrı-ayrı ölkələrin parlamentləri, qanunverici orqanlarında Azərbaycan əleyhinə qətnamələrin, qərarların qəbul edilməsi, bəyanatların verilməsinə səy göstərirlər. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, hətta bir çox hallarda buna nail də olurlar. Vətən müharibəsinin getdiyi günlərdə ermənipərəst siyasətçilər və deputatların səyi nəticəsində Niderland, Belçika parlamentində Azərbaycan barədə qərəzli müzakirələrin keçirilib müəyyən qərarların qəbul edilməsi bunun əyani sübutudur. Onu da qeyd etmək yerinə düşər ki, hazırda da erməni lobbisi dinc dayanmır və bütün imkanlarını Azərbaycana qarşı səfərbər edib. Bu günlərdə Birləşmiş Ştatlar Konqresinin Nümayəndələr Palatasında müzakirə çıxarılan məlum məsələ də erməni lobbisinin Azərbaycana qarşı fəaliyyətlərinin bir hissəsidir. Onu da qeyd etmək yerinə düşər ki, erməni lobbisi okeanın o tayında paralel olaraq Türkiyəyə qarşı da fəaliyyətdədir və hazırda erməni lobbisi o istiqamətdə iş aparır ki, Ağ Evin yeni seçilmiş prezidenti Co Bayden 24 aprel tarixində 1915-ci ildə baş vermiş hadisələri soyqırım kimi qiymətləndirsin. Elə əksər ekspertlər də bu qənaətdədirlər ki, erməni lobbisi həm Azərbaycan, həm də Türkiyəyə qarşı kifayətqədər fəallaşıb. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, ermənipərəst konqresmenlər fəallaşıblar.

Onun sözlərinə görə, Amerikadakı erməni lobbisinin bir qrup təmsilçisi hesab edir ki, 46-cı prezidenti Co Baydenin "erməni soyqırımı"nı tanıması üçün münbit atmosfer formalaşıb: "Bu işin erməni lobbisinin təsiri altında olan Senatın xarici əlaqələr komitəsinin sədri Bob Menendes dayanır. O Baydeni "erməni soyqrımını" tanımağa çağırıb. O Ağ Ev sahibinə yazdığı məktubda Baydeni bu cümlə ilə şantaj edib: "Cənab Bayden, Siz 24 aprel 2020-ci ildə verdiyiniz açıqlamada "erməni soyqırımını" tanıyacağını vəd etmişdiniz". Yəni demək istəyir ki, "verdiyin vədi yerinə yetir". Erməni lobbisi hesab edir ki, Menendesin təşəbbüsünə onlarla konqresmen dəstək verəcək". Elxan Şahinoğlu deyib ki. bu arada, erməni lobbisinin təmsilçilərinin maraqlı təsbitləri diqqəti çəkir: "Birincisi, erməni lobbisi hesab edir ki, Ermənistan hakimiyyəti Türkiyə ilə yaxınlaşma siyasətinə baş vurmamalıdır. Çünki, bu baş verərsə, Co Bayden "erməni soyqırımını" tanımaqdan imtina edə bilər. Baydenin məntiqi belə ola bilər ki, "soyqırımın" tanınması Türkiyənin Ermənistanla yaxınlaşmasına, diplomatik münasibətlərin qurulmasına və sərhədlərin açılmasına mane ola bilər. Həqiqətən 10 noyabr və 11 yanvar bəyanatları Ermənistanın Azərbaycan və Türkiyə ilə əməkdaşlığa başlamasına imkan yaradır. Ermənistanın hazırki baş naziri Nikol Paşinyan əməkdaşlığın başlaması əleyhinə deyil, o bunun Ermənistan iqtisadiyyatını canlandıracağını düşünür. Erməni lobbisini isə Ermənistan iqtisadiyyatının gələcəyi və soydaşlarının ağır sosial durumu maraqlandırmır. Onlar əsas dərdi "soyqırımın" tanınmasına nail olmaqdır. Co Baydenin "soyqırımı" tanıması Ermənistanın Türkiyə ilə yaxınlaşmasına mane olacaq. Çünki İrəvan erməni lobbisi ilə üz-üzə qalmamaq üçün Baydenin "soyqırımı" tanımasına dəstək verməli olacaq. Bu isə Ermənistan-Türkiyə münasibətlərinə yaxşı heç nə vəd etmir". Politoloq bildirib ki, erməni lobbisinin təmsilçiləri keçmişdə Baydenin konqresmen kimi "soyqırımı" dəstəklədiyini bildirsələr də, onun Barak Obamanın dövründə vitse-prezident olduğu dönəmdə isə mövzuya az maraq göstərdiyini vurğulayırlar: "Erməni lobbisinin təmsilçilər onu da etiraf edirlər ki, Konqresin iki palatası erməniləri və ya Ermənistanı sevdiklərinə görə "erməni soyqrımını" tanımayıblar, əsas hədəf Türkiyədir. Yəni konqresmenlər Türkiyənin siyasətindən narazı qaldıqları üçün "soyqırımı" dəstəkləmək vasitəsilə Ankaranı cəzalandırmağı düşünürlər. Bununla ermənilər Amerikanın Türkiyə əleyhinə siyasətində alət olduğunu etiraf edirlər".

Füzuli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31