Əsli Kazımova: Ölkəmizdə siyasi partiyaların fəaliyyətində yeni mərhələ yaşanmaqdadır
10 Mart 2021 21:01 Siyasət"Ötən bir il ərzində ölkəmizdə siyasi partiyaların fəaliyyətində yeni bir mərhələ yaşanmaqdadır. Milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar nəticəsində bu gün ölkənin siyasi palitrasında qarşılıqlı etimada və milli maraqların üstünlük təşkil etdiyi dövrə qədəm qoymuşuq. Yeni siyasi konfiqurasiyanın yaranması, o cümlədən dialoq mühitinin daha da dərinləşdirilməsi istiqamətində atılan addımlar siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətlər formalaşdırmasında, ümumdövlət məsələlərində vahid mövqedən yanaşmasında əhəmiyyətli rol oynayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti, həmçinin Vətən müharibəsində qazanılmış qələbə ölkədə milli birlik yaradıb".
Bu fikirləri açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.
Partiya sədrinin sözlərinə görə, bu gün siyasi partiyaların mütləq əksəriyyətinin milli maraqlar ətrafında səfərbər olması, eləcə də ölkənin siyasi həyatında yeni bir canlanmanın müşahidə edilməsi Azərbaycanda demokratik prinsiplərə sadiqlik nümayiş etdirilməsindən xəbər verir: "Təbii ki, siyasi dialoqun daha da dərinləşdirilməsi ölkəmizin gələcək uğurlarının əsas elementlərindəndir. Biz buna 44 günlük Vətən müharibəsində də şahid olduq. Həmin dövrdə işğalçı Ermənistandan fərqli olaraq Azərbaycanda fəaliyyət göstərən siyasi təşkilatların bir amal uğrunda birləşməsi, cənab Prezidentin apardığı siyasəti dəstəkləməsi, vahid platformadan çıxış etməsi ermənipərəst mərkəzlərin belə, əl-qolunu bağladı, hansısa siyasi fikir ayrılığının yaranmasının qarşısını aldı. Bu, olduqca mühüm bir amildir. Bu baxımdan bir daha vurğulamaq lazımdır ki, mövcud siyasi birlik ölkəmizin gələcək inkişafında əsaslı rol oynayacaq".
iki sahil