"MDB respublikalarının alimlərində “döyüşdə məğlub olmuş ölkənin alimləri elmdə də güclü ola bilməz” fikirlərinin olduğunu hiss edirdik"
10 Mart 2021 15:46 Siyasət"MDB respublikalarının alimləri bizlə müştərək tədqiqatlar aparmağa az maraq göstərirdilər, sanki onların təsəvvüründə "döyüşdə məğlub olmuş ölkənin alimləri elmdə də güclü ola bilməz" fikirlərinin olduğunu hiss edirdik. Ancaq Ali Baş komandanın rəhbərliyi ilə müzəffər ordumuz bir növ "sındırılmış qürurumuzu" özümüzə qaytarmaqla, həm də bizi məğlub ölkədən qalib ölkənin alimi olmaq səviyyəsinə yüksəltdi".
Bu sözləri Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Əfsun Sucayev deyib. Əfsun Sucayev Olaylar.az saytının suallarını cavablayıb.
Əfsun bəy, qurultayın məhz indi keçirilməsini nə şərtləndirdi?
- Məlum olduğu kimi martın 5-də Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı keçirildi. Bundan öncəki qurultaydan üç il vaxt keçmişdi. Partiyamızın sədri, prezident cənab İlham Əliyevin də bəyan etdiyi kimi ötən müddət ərzində ölkəmiz adına böyük uğurlara, nailiyyətlərə imza atılıb. Əlbəttə bu nailiyyətlərin ən önəmlisi ərazi bütövlüyümüzün bərpa olunması ilə nəticələnən 44 gün davam edən Vətən müharibəsində əldə etdiyimiz parlaq qələbədir. Bu Zəfər tamamilə yeni reallıqlar yaratdı. Akademik elmin nümayəndəsi kimi yeni qazandığımız reallıqlardan özüm üçün çıxardığım bir nəticəni qeyd etmək istəyirəm: hamıya məlumdur ki, Birinci Qarabağ müharibəsində obyektiv, subyektiv səbəblər nöqteyi-nəzərdən məğlub edilmişdik. Belə demək mümkünsə, qürurumuz sındırılmış hala gətirilmişdi. Bunun acı nəticələrini beynəlxalq elmi tədbirlər - konfrans, elmi simpoziumların iştirakçısı kimi daha çox hiss edirdik. Təsəvvür edin, 2015-ci ildə Moskvada keçirilən "MDB Elm Forumu"unda Ermənistandan olan gənc alimlərlə hava limanından otelə, oradan tədbirin keçirildiyi məkana eyni maşrutda getməkdən və eləcə də onlarla eyni oteldə qalmaqdan imtina etdik. Yox ki biz onlardan çəkinirdik, sadəcə müharibədə onlara məğlub olmuş ölkənin, xalqın nümayəndələri kimi onlarla qarşı-qarşıya gəlmək istəmirdik. Üstəlik beynəlxalq səviyyəli müştərək tədqiqatlar aparmaq istədiyimiz MDB respublikalarının alimləri bizlə müştərək tədqiqatlar aparmağa az maraq göstərirdilər, sanki onların təsəvvüründə "döyüşdə məğlub olmuş ölkənin alimləri elmdə də güclü ola bilməz" fikirlərinin olduğunu hiss edirdik. Ancaq Ali Baş komandanın rəhbərliyi ilə müzəffər ordumuz bir növ "sındırılmış qürurumuzu" özümüzə qaytarmaqla, həm də bizi məğlub ölkədən qalib ölkənin alimi olmaq səviyyəsinə yüksəltdi. Heç şübhəsiz bizə hardasa yuxarıdan aşağı nəzərlərlə yanaşan o alim həmkarlarımızın baxışlarında dəyişiklikləri də görməkdəyik. İndi biz onlardan ən yaxşıların yaxşıları ilə çalışmaq seçimi edirik. Təkcə elmlə deyil, istənilən digər sahələr üzr müharibə qalibiyyətimizin yeni reallıqdan çıxan nəticələri ilə bağlı onlarla, yüzlərlə belə faktlar sadalamaq olar. Ona görə, böyük Zəfər çalmış ölkənin hakim partiyası olaraq YAP bu reallıqları nəzərə alaraq sayca 7-ci qurultayında növbəti ilkə imza atdı, həm struktur, həm tərkib dəyişiklikləri ilə gündən-günə yeniləşən partiya olduğunu sözdə yox, əməldə sübut etdi.
YAP-da yeni təsis edilən Veteranlar Şurasının yaradılmasını zəruri edən hansı tələblər oldu?
- YAP dünənin, bu günün və gələcəyin partiyasıdır. Cənab prezident İlham Əliyevin də qeyd etdiyi kimi bu partiyanın yaranmasında, formalaşmasında, saysız-hesabsız nailiyyətlər əldə etməsində, bu günə gəlib çatmasında "91"lər kimi tanınmış simaların, o cümlədən əvvəlki İdarə Heyətində təmsil olunmuş ayrı-ayrı görkəmli şəxsiyyətlərin böyük rolu olub. Onların böyük təcrübəsi vardır ki, yeni İdarə Heyətinə seçilən yeni, xüsusən də gənc üzvlər faydalana bilər. Ona görə onların Azərbaycanda partiya təcrübəsində ilk təsisat olaraq Veteranlar Şurası üzvləri kimi saxlanılması ən düzgün və məntiqli addım idi.
Partiyanın yeni İdarə Heyəti də bundan sonrakı fəaliyyətində heç şübhəsiz keçmişin və bu günün uğurlu təcrübəsindən yararlanacaq, yeni reallıqlar əsasında isə işini genişləndirəcək və təkmilləşdirəcək.
Müharibədən sonra yeni reallıqlar yarandı və qarşıda daha mühüm vəzifələr var. YAP -nın bu sahədə işi nədən ibarət olacaq?
- Dövlət başçımızın qurultayda etdiyi giriş və yekun nitqində YAP-nın bundan sonrakı fəaliyyətinin əsas istiqamətləri, qarşıda duran həlledici hədəflər açıq-aydın qeyd edilmişdir. Bu hər birimiz üçün bir yol xəritəsidir. Əlbəttə əsas hədəflərdən biri post-müharibə dövründə şəhid ailələri, qazilərə diqqət-qayğıdan başlayaraq, ordu quruculuğunun təkmilləşdirilməsi, işğaldan azad olunan ərazilərdə tikinti-quruculuq işləri, qaçın və məcburi köçkünlərin geri dönüş və sair proseslərlə bağlıdır.
Ordu quruculuğundan söz düşmüşkən, qeyd etmək olar ki, Vətən müharibəsində qələbəmiz texnologiyada tətbiq edilən yeniliklər və Ordumuzun, igid döyüşçülərimizin fərqli döyüş bacarığı, fərdi ustalıqların nəticəsində meydana çıxdı. Bu bir təcrübədir. İndi texnologiyalar əsridir, heçnə bir yerdə dayanmır. Hər gün yeniliklərlə qarşılaşırıq. Deməli Ali Baş Komandanın da qeyd etdiyi kimi ordu quruculugunu texnologiya və intelektual yeniliklər əsasında təkmilləşdirib, 50 ildən sonra XXII əsrin müharibəsin aparıb, yenə qalib olan orduya sahib olmalıyıq. Bu işdə biz alimlərin üzərinə böyük məsuliyyət düşür, elm-təhsil-iqtisadiyyatın bir birinə inteqrasiya olunmuş inkişafın təmin etməli, bu sahədə dünyada baş verən yenilikləri fəaliyyətimizdə nəzərə almalıyıq.
Hazırda YAP İdarə Heyəti qarşısında duran mühüm məsələlərdən biri yuxarıda qeyd olunan əsas fəaliyyət istiqamətləri, hədəflərə çatmağın vasitələrini genişləndirilmiş proqrama çevirib təsdiq etmək olacaq. Ondan sonra hesab edirəm ki, ölkə başçımızın qarşıya qoyduğu hədəflərə çatmaq üçün partiyamızın İdarə Heyətinin hər bir üzvü aid olduğu siyasi, elmi, iqtisadi, təhsil, mədəniyyət və sair sahələr üzrə tutduğu mövqeyi vasitəyə çevirəcək, bütün potensialını səfərbər edəcək.
Gülər Seymurqızı