Beynəlxalq əməkdaşlıq sahəsində Azərbaycan etibarlı tərəfdaş ölkədir
10 Mart 2021 15:05 Siyasət1991-ci ildə Azərbaycan müstəqillik qazandıqan sonra ölkənin xarici siyasətinin əsas istiqamətini milli maraqların qorunması, dövlətçiliyin daha da möhkəmləndirilməsi xətti təşkil edir. Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və çox sayda digər təşkilatlara üzv olan Azərbaycan həmçinin NATO və Avropa Birliyi kimi qurumlarla əməkdaşlığı, eləcə də anti-terror koalisiyası tərkibində fəaliyyətini davam etdirir. Avropa ittifaqına üzv ölkələrlə tərəfdaşlıq münasibətləri formalaşmış və Avropa İttifaqı ilə Tərəfdaşlıq Prioritetləri adlı sənəd imzalanmışdır. Bu sənəddə Azərbaycanın üzləşdiyi münaqişənin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, suverenlik prinsipi əsasında həlli ideyasınının müdafiə edildiyi növbəti dəfə ortaya qoyuldu. Beynəlxalq hüququn belə mühüm qanunvericilik aktlarına əsaslanan Azərbaycan Respublikası 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam etmiş Vətən Müharibəsində müharibələr tarixində yeni olan taktiki əməliyyatlar həyata keçirib işğal olunmuş əraziləri azad etdi, bununla bütün dünyanın diqqətini özünə çəkməyi bacardı. Bir çox dövlət rəhbərləri, o cümlədən Rusiya prezidenti Azərbaycan öz torpaqlarında döyüş əməliyyatlarının keçirdiyini bəyan etdi. Bu gün Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına, transmilli layihələrin reallaşdırıcısı kimi qlobal təhlükəsizlik məsələlərinə, Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verən regional güc kimi qəbul edilməkdədir. Ökəmizin Qərb və Şərq sivilizasiyaları arasında dəhliz rolunu oynaması, prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu əhəmiyyətli ölkə kimi onun nüfuzunu ortaya qoymuş olur. 1994-cü ilin sentyabrında dünyanın inkişaf etniş 7 ölkəsinin 11 nəhəng neft şirkətləri "əsrin müqaviləsi"ni imzaladılar. Daha sonra 19 ölkəni təmsil edən daha 41 neft şirkəti ilə 26 müqavilə bağlandı. 2006-cı ildən Ceyhan limanından Azərbaycan neftinin nəqlinə başlandı. 2007-ci ildə Bakı -Tbilisi- Ərzurum qaz kəməri istifadəyə verildi. 2018-ci ilin mayında TANAP layihəsinin açılış mərasimi keçirildi. 2020-ci ildə tamamlanmış bu layihə Azərbaycanın zəngin qaz ehtiyatlarını Türkiyə və Avropa bazarlarına şaxələndirilmiş formada çatdırılmasını təmin etmişdir. Bütün bunlar əhəmiyyətli strateji tərəfdaş kimi Azərbaycanın nüfuzunu artırmışdır. Qardaş Türkiyə dövləti ilə qarşılıqlı münasibətlər strateji əməkdaşlıq səviyyəsində daha da genişlənməkdə və dərinləşməkdədir. Amerika Birləşmiş Ştatları, Rusiya, Avropa İttifaqı, İslam ölkələri ilə bərabərhüquqlu əməkdaşlıq uğurla davam edir. 2011-ci ildə 155 ölkənin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasının üzvü seçilən Azərbaycan Respublikası qlobal məsələlərin həllində, dünyada sülh və təhlükəsizliyin təmin olunmasında yaxından iştirak edərək beynəlxalq münasibətlər sisteminin fəal subyekti imicini möhkəmləndirmişdir. Elə həmin il Qoşulmama Hərəkatına daxil olmaqla Azərbaycan öz xarici siyasətinin yeni istiqamətlərini müəyyənləşdirərək, Latın Amerikası və Afrika ölkələri ilə səmərəli əməkdaşlıq əlaqələrini qurmağa başlamışdır. 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etmək missiyasının Azərbaycana həvalə olunması onun nüfuzunun, beynəlxalq aləmdəki imicinin və ona olan hörmətin ifasəsidir. Bu qurum tərkib baxımından BMT-dən sonra ikinci ən böyük təşkilatdır. Burada 120 dövlət təmsil olunur, BMT-nin 2/3-i bu qurumdadır. Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Bakıda keçirilən toplantısı çox əlamətdar hadisə kimi yadda qaldı. Bu təşkilat çərçivəsində Azərbaycanın reytinqi kifayət qədər yüksəkdir. Azərbaycan bu quruma 1 il müddətinə sədrlik etmişdir. Azərbaycanın beynəlxalq mövqeyini gücləndirən digər mühüm hadisə Bakıda Qoşulmama Hərəkatına üzv olan dövlətlərin sammitinin keçirilməsidir. Azərbaycan multikultural dəyərlərin mövcud olduğu məmləkətdir: Azərbaycan prezidentinin təbirincə "Bakıdan dünyaya birgə yaşayış mədəniyyəti, sivilizasiya, mədəniyyətlərarası dialoq mədəniyyəti ixrac olunur: Bu da ölkəmizin beynəlxalq aləmdə siyasi çəkisininin daha da artması mənafeyinə xidmət göstərir.
Firdovsi Tağıyev
Neftçala rayon sakini, müəllim