YAP xalqın etimadını layiqincə doğrultmuş partiyadır
9 Mart 2021 14:15 SiyasətÖtən həftənin mühüm siyasi hadisələrindən biri də Yeni Azərbaycan Partiyasının qurultayının keçirilməsi oldu. Sayca 7-ci olan bu qurultay bir neçə mühüm, əlamətdar məqamları ilə diqqət çəkirdi. Bunlardan ən ümdəsi hakim partiyanın qurultayının növbədənkənar şəraitdə çağırılması idi və bu amil belə bir qənaət formalaşdırmışdı ki, qurultayda Azərbaycan cəmiyyəti, ölkənin siyasi həyatı üçün bir sıra sürprizlər baş verəcək.
Gözlənildiyi kimi də oldu və YAP-ın VII qurultayı bəlkə də partiyanın tarixində indiyə qədər görünməmiş sürprizlərlə yadda qaldı. Bunlardan biri uzun illər hakimiyyət uğrunda mübarizə aparan 6 siyasi partiyanın YAP-a birləşmək qərarı verməsi və qarşı tərəfin bu qərarı müvafiq addım atması idisə, digəri partiyada aparılan gəncləşmə, yeniləşmə idi. Bu həm də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin siyasi islahatlarına dəstək demək idi.
Digər tərəfdən 6 siyasi partiyanın YAP-a birləşməsi onu deməyə əsas verirdi ki, sözügedən partiya bu günə qədər xalqın partiyası rolunu layiqincə icra edib və bu amil öz-özlüyündə digər siyasi partiya və təşkilatların YAP-a qoşulmasına imkan yaradır.
Təsadüfi deyil ki, əksər ekspertlər də qeyd etdiyimiz amillərlə razılaşırlar. Milli Məclisin deputatı Cavid Osmanov deyir ki, Yeni Azərbaycan Partiyasının martın 5-də keçirilən VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həmçinin Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır: "Partiyamız böyük ənənələrə malikdir. VII qurultay Yeni Azərbaycan Partiyasının həyatında dönüş nöqtəsi hesab edilə bilər. Bu isə ölkəmizin Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən sonra yaranan yeni reallıqlardan irəli gəlir. Gələn il Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi olacaq və partiya öz yubileyinə yeniləşmiş formatda, daha fəal qədəm qoyur. Artıq bir neçə ildir ki, ölkəmizdə bütün sahələrdə islahatlar həyata keçirilməkdədir. Yeniliklərin tətbiqi siyasi partiyaların fəaliyyətində istər-istəməz özünü büruzə verir və yaranmış yeni reallıqlardan irəli gələrək gələcək fəaliyyətin tənzimlənməsi günün tələbinə çevrilir".
Cavid Osmanov bildirib ki, Yeni Azərbaycan Partiyası da hər zaman öz fəaliyyətini günün tələblərinə uyğun quran siyasi təşkilat olduğu üçün yaranmış yeni situasiyalar nəzərə alınaraq növbəti qurultayın çağırılmaq zərurəti yarandı: "Qurultayda yeni Nizamnamənin qəbul edilməsi partiyanın yeni fəaliyyət istiqamətlərini müəyyənləşdirəcək. Partiyanın rəhbər orqanlarında təmsil olunan üzvlərin fəal olması, ümumi işə öz töhfələrini lazimi formada vermələri artıq yeni dövrün tələblərindəndir. Bu baxımdan Yeni Azərbaycan Partiyasının rəhbər strukturlarından olan Siyasi Şuranın ləğv edilməsi və əvəzində digər rəhbər orqan olan İdarə Heyətinin optimallaşdırlması çox mühüm və düzgün qərar hesab edilə bilər".
Millət vəkilinin sözlərinə görə, qurultayda yaşanan digər əlamətdar hadisə bir sıra partiyaların Yeni Azərbaycan Partiyasına qoşulması oldu: "Bu da siyasi sistemimizin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır. Eyni zamanda, bu, onu göstərir ki, partiyamızın məramı, proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir. Prezident İlham Əliyev İdarə Heyətinə Yeni Azərbaycan Partiyasının yeni proqramının hazırlanması və yeni dövrlə bağlı bütün məsələləri özündə ehtiva etməsi tapşırığını verdi. Yeni qəbul ediləcək proqram Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyətini və siyasi hədəflərini müəyyənləşdirəcək bir sənəd olacaq".
Cavid Osmanov deyib ki, Azərbaycan dövləti davamlı olaraq şəhid ailələrinə və qazilərə hərtərəfli yardımlar göstərir və Yeni Azərbaycan Partiyası da öz fəaliyyətində bu kateqoriyadan olan insanlara qayğı və diqqət göstərməyi əsas tutur: "Lakin qarşıya qoyulmuş vəzifələrə əsaslanaraq deyə bilərik ki, Yeni Azərbaycan Partiyası bu istiqamətdə işini daha da genişləndirəcəkdir. Yeni Azərbaycan Partiyası Böyük Qayıdış proqramı çərçivəsində məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması prosesində öndə olmalı, öz rolunu oynamalı və bu məsələdə cənab Prezidentin həyata keçirdiyi işlərə yaxından dəstək verməlidir. Bütün bu qeyd olunanlar Vətən müharibəsindən sonra yaranan yeni reallıqların tələblərindən irəli gəlir. Vətən müharibəsi zamanı hər kəs ölkəmizdə yüksək vətənpərvərlik ruhunda tərbiyə edilmiş gənc nəslin yetişdiyinin şahidi oldu. Təbii ki, zaman dayanmır və nəsillər bir-birini əvəzləyir. Bundan sonra da ölkəmizdə yetişən gənc nəsillərin yüksək vətənpərvərlik ruhunda tərbiyə edilməsi ümummilli məsələlərdəndir. Bu işdə Yeni Azərbaycan Partiyasının VII qurultayında yeni yaradılan Veteranlar Şurası da fəal olmalı, gənc nəslin nümayəndələri ilə görüşməli, onlara ölkə haqqında həqiqətlərin çatdırılmasına öz töhfəsini verməlidir. Yeni Azərbaycan Partiyası da hər bir dövlət üçün xüsusi əhəmiyyət daşıyan gənc nəslin tərbiyə edilməsi məsələsini daim diqqətdə saxlamalı və bütün lazımi tədbirləri görməlidir. Bu məsələ bu vaxta qədər də Yeni Azərbaycan Partiyasının əsas fəaliyyət istiqamətlərinə daxil idi və bundan sonra daha da genişləndiriləcək". Deputat deyib ki, informasiya texnologiyaları inkişaf etdiyi son illər ərzində Yeni Azərbaycan Partiyası ölkəmizə qarşı aparılan informasiya hücumlarına qarşı mübarizədə öndə dayanır, öz sözünü deyir: "Lakin informasiya əsri bu işlərin daha mütəşəkkil formada həyata keçirilməsini tələb edir və istiqamət Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyətində prioritetlərdən olmalıdır. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir və bütün dinlərdən, mədəniyyətlərdən olan millətlərin nümayəndələri ölkəmizdə dinc, mehriban yanaşı formada yaşayırlar. Azərbaycanda milli həmrəyliyin möhkəmlənməsi, dostluq, mehriban münasibət mühitinin qorunub saxlanması istiqamətində işlərin daha da gücləndirməlməsinə töhfə verililməsi üçün siyasi təşkilat olaraq Yeni Azərbaycan Partiyası bu məsələlərdə də öz fəaliyyət istiqamətlərini zamanın tələblərinə uyğun müəyyənləşdirməlidir. Yeni Azərbaycan Partiyası zamanın sınaqlarından çıxmış, xalqın etimadını layiqincə doğrultmuş partiyadır. Partiyanın əsas prinsiplərindən biri də dövlət müstəqilliyinin möhkəmləndirilməsidir. Məhz partiyamız bundan sonra da bu işdə fəal olmalı, müstəqil Azərbaycanımızın firavan gələcəyi naminə yorulmadan çalışmalıdır. Müstəqil Azərbaycanın dünəni, bu günü Yeni Azərbaycan Partiyasının adı ilə bağlıdır. Ölkəmizin xoş, firavan gələcəyinin də Yeni Azərbaycan Partiyası ilə gələcəyinə heç bir şübhə ola bilməz. Necə ki, bir zaman partiyamızın yaradıcısı, Azərbaycan xalqının xilaskarı Ulu Öndərimiz Heydər Əliyev demişdir: "Yeni Azərbaycan Partiyası dünənin, bu günün, gələcəyin partiyasıdır".
Füzuli
Olaylar.az