Türkmənistan Türkiyə və Azərbaycanla daha yaxın əlaqələr qurmaq əzmindədir

Türkiyə, Azərbaycan və Türkmənistan arasında enerji, iqtisadi, nəqliyyat və logistika sahəsində böyük potensial var və bu potensial dövlətlərin münasibətləri inkişaf etdikcə daha da genişlənir. Bu barədə Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Türkmənistanlı tərəf müqabili Rəşid Məmmədovla Aşqabaddakı görüşündən sonra bəyan etmişdir. 
Türkiyə SSRİ-nin dağılmasının ardınca MDB məkanındakı Türk dövlətləri ilə münasibətlərin inkişaf etdirilməsinə ciddi diqqət yetirmiş və bütün sahələrdə bu respublikaların inkişaf etməsinə köməyini əsirgəməmişdir. O zaman əsas məqsəd Rusiyanın təsirini bu ölkəklərdən azaltmaq , asılılğı ən aşağı səviyyəyə endirmək qarşıya qoyulmuşdu.
Təəssüf ki, ilk zamanlar daxili və xarici faktorların təsiri altında MDB məkanında yeni yaradlılmış Türk dilli dövlətlər həm Türkiyə ilə, həm də öz aralarında yüksək səviyyədə əməkdaşlıq etməyə nail ola bilmirdilər. Bir neçə səb var idi ki, bu respublikaları yaxınlaşmağa qoymurdu. Azərbaycan-Ermənistan müharibəsi belə səbəblərdən idi. Məlum olduğu kimi, SSRİ-dən ayrılan müsəlman və Türk respublikalarının heç də hamısı Ermənistanla müharibədə Azərbaycanın yanında yer tuta bilmirdi. Onlar sözdə Azərbaycanın ədalətli mövqeyini müdafiə etsələr də əmli işdə Azərbaycana zəruri dəstəyi verə bilmirdilər.
Eyni zamanda Dağlıq Qarabağ münaqişəsi azərbaycanın ərazi bütövlüyü hesabına həll edilmədən ümumtürk birliyinə nail olmağın qyri mümkünlüyünü Türkiyədə də başa düşürdülər. Buna görə də qardaş Türkiyə ilk növbədə Azərbaycan totpaqlarının işğaldan azad olunmasını vacib sayırdı. Deməli Türkiyədə haqlı olaraq düşünürdülər ki, Türkdilli dövlətlərin həmrəyliyinə aparan yol Azərbaycanın ərazi bütövlüyünün  bərpa edilməsindən  keçir.
Xəzər dənizinin beynəlxalq hüquqi statusunun həll olmaması da regiondakı türk dövlətlərinin birləşməsinə mane olan amillərdən isdi.
Rusiya faktoru da Türkiyənin MDB Türk dövlətləri ilə münasibətlərinin qarşısını alırdı.
44 günlük müharibə başa çatdıqdan və Azərbaycan işğal altında olan torpaqlarını azad etdikdən sonra birlik, əməkdaşlıq və həmrəylik üçün yeni üfüqlər açıldı. İndi həm Türkiyə, həm də Azərbatcan Türk dövlətlərinin əməkdaşlığını gücləndirmək üçün var qüvvə ilə fəaliyyət göstərə bilərlər. 
Bu istiqamətdə iilk addım Azərbaycan tərəfindən atıldı və   "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu" imzalandı. Bu hadisəni birmənalı olaraq tarixi əhəmiyyətli hadisə adlandırmaq olar.
Son vaxtlara qədər  Azərbaycanın "Kəpəz", Türkmənistanın isə "Sərdar" adlandırdığı bu  yataq Xəzər dənizində iki ölkə arasında sərhəddə yerləşir və iki dövlət arasında mübahisə mənbəyi idi. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhədinin tən ortasında yerləşdiyi üçün "Aralıq" adlandırılıb. "Dostluq" 1990-ci illərin ortalarından başlayaraq iki ölkə arasında mübahisə predmeti olsa da, uzun illərin danışıqlarının nəticəsində tərəflər ortaq məxrəcə gəlməyə nail olmağı bacardı.
Türkmənistanda Qurbanqulu Berdiməhəmmədovun hakimiyyətə gəlişindən sonra iki ölkə liderləri arasında bütün istiqamətlərdə ardıcıl dialoqa start verildi. Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana 28-29 noyabr 2008-ci il, 21-22 noyabr 2018-ci il, 10 oktyabr 2019-cu il, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun isə Azərbaycana 19-20 may 2008-ci il, 18 noyabr 2010-cu il, 12 iyun 2015-ci il, 8-9 avqust 2017-ci il, 25 oktyabr 2019-cu il, 11 mart 2020-ci il səfərləri iki dövlət arasında bütün məsələlərdə gələcəyə hədəflənən strateji əməkdaşlığı gücləndirmiş oldu.
Nəticədə, bu gün Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində birgə əməkdaşlıq haqqında Memorandum imzalanması hər iki dövlətin mənafeyinə xidmət edən əhəmiyyətli addım oldu. Eyni zamanda digər türkdilli dövlət üçün də mübahisələrin dinc yolla həll eilməsi sahəsində örnək rolunu oynadı.
Beləliklə,  Azərbaycan Türkiyə ilə birlikdə Türk dövlətləri arasında  əməkdaşlığın  inkişafı naminə öz töhfələrini verir. Hələ qarşıda fəth ediləcək zirvələr daha çoxdur. İnanırıq ki, Türk dövlətləri inamla bu zirvələrin pik nöqtəsinə qədər yüksələ biləcəklər.
Əlimusa Ibrahimov
Politoloq

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31